Şərəfli
ömrün işıqlı yolları
Yetirmələrinin vətənpərvər olmaları, ictimai fəallıqları, bilikli olmaları Sona müəllimi çox sevindirir
...Nağılabənzər bir ömrün yaddaqalan anlarını xatirəyə çevirmək üçün onun dünəninə boylanıram. Dünəni zirvəsi dumanlı dağların o üzündə qalıb. Ha boylanır, o tərəfi görmür, amma nurdan düşməyən baxışları, deyəsən, bir az kölgələnib. Bu da gəncliyinə əli yetməyən, "duman-çənə bürünən didərginlik taleyi” yaşamasındandır.
1993-cü ilin aprel ayının kəlbəcərlilərə gətirdiyi fəlakət onların yarıyolda qırılıb qalan ömürlərindən çox şeyləri aparsa da, sanki özlərini daha yaxından tanımaq üçün bir fürsət, məqam imiş.
O zirvələr səltənətində, Bakıdan xeyli uzaq, "gözdən-könüldən iraq” bir məkan var idi: Kəlbəcər. Birmənalı şəkildə deyə bilərik ki, orada doğulub boya-başa çatanlar saz-söz vurğunu olmaqları ilə seçiliblər. Bununla yanaşı, kəlbəcərlilər həm də elm aləmində özlərinin istedad və biliklərini zaman-zaman təsdiqləyiblər. Onların elmin zirvələrinə ucalmasında, əlbəttə, orta məktəb müəllimlərinin əməyi az olmayıb.
Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra kəlbəcərli məktəblilərlə birlikdə sevimli müəllimləri də doğma ocaqdan aralı düşüb, hərəsi bir yanda müvəqqəti sığınacaq axtardılar. Onlardan biri də 27 ildir ki, kəlbəcərli günlərinin həsrətində qovrulsa da, doğma balaları qədər əzizlədiyi şagirdlərinə həm də vətən - yurd, torpaq sevgisi dərsini keçən Sona Nadir qızı İsmayılovadır.
Bərdə rayonunun Boyəhmədli kəndində "Qələbə ili” - 1945-ci ildə anadan olub. Ona görə də söz düşəndə deyir: "...Vallah, Tanrı möhlət verəcək, Qarabağda qələbə çalınacaq, arzumuza çatacağıq...”
O zamanlar kiminsə ağlına gəlməzdi ki, tale yolları onu ucqar dağ rayonlarından birinə - Kəlbəcərə, təbiəti cənnəti xatırladan Moz Qaraçanlı kəndində ad-sanı, el-oba təəssübkeşliyi ilə sayılıb-seçilən Misir kişinin ailəsinin gəlini olacaq.
1967-ci ildə H.B. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra təyinatla doğma rayona gələn gənc müəllim Bərdə şəhərindəki 6 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlayır. Az keçmir ki, bəxti yol üstə olan müəllim ailə quraraq Kəlbəcər rayonunun ucqar kəndlərindən birinə gəlin köçür. Az vaxtdan sonra ömür-gün yoldaşı Vəliyəddin İsmayılovun rayon mərkəzində rəhbər vəzifədə çalışmasına görə iş yeri dəyişir: Kəlbəcər şəhər 1 və 2 nömrəli orta məktəblərində ixtisası üzrə müəllim işləməyə başlayır.
Ötən əsrin 70-80-ci illərində Sona İsmayılovanın dərs dediyi şagirdlərin səs-sorağı bu gün istər elmin, istərsə də, xalq təsərrüfatının müxtəlif sahələrindən gəlir. Neçə-neçə şagirdi onun müəllim şərəfini daim uca tutmasından, dərs dediklərinin uğurlarına sevinməsindən, onlarla qürur duymasından məmnunluqla söz açır.
Kəlbəcərin işğalından sonra Bakı şəhərində məskunlaşmağa məcbur olan ailələrdən biri də onlardır. Paytaxt Bakıda nümunəviliyi ilə seçilən 190 nömrəli tam orta məktəbdə çalışdığı illər ərzində də yetirmələri yüksək göstəricilərlə ali məktəblərə qəbul olub, elmin zirvələrinə ucalanda sanki balalarının sevincini yaşayıb.
...Ömür də yollar kimidir: enişi-yoxuşlu, daşlı-kəsəkli. Sona müəllimə ömrünü məktəb yollarında keçirdiyindən, inanmağı gəlmir ki, 40 il sevimli şagirdləri ilə baş-başa qalıb və bəzən ailə qayğılarını, dərd-sərini unudub. Ondan riyaziyyat-fizika elminin sirlərini öyrənən şagirdləri texniki sahədə qazandıqları uğurlarda Sona müəllimin payının daha çox olduğunu düşündükcə fərəhlənirlər.
Sona müəllim bu gün sevimli şagirdlərindən uzaq olsa belə, ömrünü həsr etdiyi müəllimlik peşəsi ilə neçə-neçə gənc nəslin vətənpərvərlik tərbiyəsində əməyi olduğu üçün özünü xoşbəxt sanır: "...Kəlbəcərdə dərs dediyim sevimli şagirdlərim bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Onları müstəqil dövlətimizin inkişaf etdirilməsində yaxından iştirak edən ziyalılarımızın sırasında gördükdə qəlbim fərəh hissi ilə döyünür. Onu da deyim ki, kəlbəcərli məcburi köçkünlər dövlətçiliyimizə sədaqətli olmalarını Ümummilli Lider Heydər Əliyevin hər iki dövrdə ölkəmizin rəhbəri olduğu illərdə təsdiqləyiblər...”
Yeri gəlmişkən, Sona müəllimin həyat yoldaşı Vəliyəddin İsmayılov Kəlbəcərdə uzun illər rəhbər vəzifələrdə çalışmış, ona görə də Ümummilli Lider Heydər Əliyevin dağ rayonu olan Kəlbəcərin iqtisadi-mədəni inkişafında qəbul etdiyi qərarları yaxşı bildiyindən, ikinci dəfə onun siyasi hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışında öz fəallığı ilə seçildi. Belə ki, o, 1998-ci ildə keçirilən Prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Mərkəzi Seçki Qərargahının üzvü, Qarabağın və digər işğal olunmuş rayonların ilk təşəbbüs qrupunun rəhbəri oldu. Bununla əlaqədar o, dəfələrlə Ümummilli Liderlə olan görüşlərini xoş xatirələr kimi yaddaşına yazdı. Söz düşəndə deyir: "...Fəxr edirəm ki, Heydər Əliyev məktəbinin yetirməsiyəm, istehsalat və ictimai fəaliyyətimin 50 ildən çoxu Ulu Öndərin hakimiyyəti illərinə düşüb...”
Qocaman pedaqoq öz övladlarının da ali təhsil alıb, cəmiyyətdə ictimai mövqeləri ilə seçilən mütəxəssislər kimi yetişmələrinə həm ana, həm də müəllim qayğısını əsirgəməyib. Bunun nəticəsidir ki, qızı Sevinc xanım həkim, oğlu Vüqar müəllim, İlqar isə hüquqşünasdır.
Bu ilin sentyabr ayının son günündə "qızıl toy” yubileyini keçirməmələrinin səbəbi isə kəlbəcərsizlik olub. Ei-obanın ziyalı ağsaqqallarından biri olan Vəliyəddin İsmayılovla evliliklərinin 50 ilini yola salan nənə-baba həm də yeddi nəvənin sevimliləridirlər.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 5 oktyabr.- S. 7.