Odun müqəddəsliyi
Azərbaycanda qədimdən oda sitayiş olunmuşdur. Ərəb coğrafiyaşünası əl-İstəxri yazırdı ki, Bakının yaxınlığında atəşpərəstlər yaşayırlar. Bakı ətrafında pirlər ("pirey”) və atəşpərəstlərin qurbangahlarının qalıqları var. A.Bakıxanov da əsərlərində göstərirdi ki, şübhəsiz, atəşpərəstlik öz başlanğıcını bu gün Azərbaycan adlanan məkandan götürüb.
İbtidai təsəvvürlərə görə, dünyanı iki bir-birinə zidd qüvvələr - xeyir və şər tənzimləyir. Bu təlimin mahiyyəti zərdüştlükdə, onun dini, fəlsəfi və ideoloji mahiyyət daşıyan və müqəddəs kitabı sayılan "Avesta”da əsaslandırılmışdır. Oddan ailəni, eləcə də evi şər qüvvələrdən qorumaq üçün də istifadə edirdilər. Bu məqsədlə ilin son çərşənbəsində ağacların budaqlarını yandırar və otaqları tüstüyə verərdilər.
Oda sitayiş geniş yayılmış və azərbaycanlıların məişətində dərin iz buraxmışdır. Oda sitayişlə əlaqədar bir sıra inanclar bugünədək qalmaqdadır. Toy günü gəlini iki yanan şamla müşayiət edər, üç dəfə ocağın başına dolandırar və onu odun qoruyucu qüvvəsinə tapşırardılar. Yeni doğulmuş uşağın köynəyini oda tutar, sonra geyindirərdilər. Qədim inanclara görə, axşam vaxtı evdən od çıxarmaq, kimsəyə od vermək olmazdı, əks halda xeyir-bərəkət çəkilə bilərdi. Hələ qədimdən Azərbaycanda camaat yığışıb gənc ailə üçün ev tikər və ilk vaxtlar onların, od istisna olmaqla, lazımi ehtiyaclarını təmin edərdilər. Gənclər isə özləri çaxmaq daşı tapıb od yandırmalı idilər. Bu, insanların xoşbəxtliyi öz əlləri ilə qazanmasına, ailənin möhkəmliyi üçün vacib şərt olduğuna işarədir. Belə ki, ocağın külünü təzə Ay doğanda çıxarıb xəlvət yerə tökərdilər. Ocağın közünü iti əşyalarla qarışdırmazdılar. Yaşlı nəslin bəzi nümayəndələri indiyədək "od sahibinin” insanı müxtəlif bəlalarla, xəstəliklərlə, xüsusilə də ev rahatlığını pozan bədbəxtliklərlə cəzalandıra biləcəyinə inanırlar. Gözdəyməni qaytarmaq üçün bir çimdik duzu xəstənin başına dolandıraraq düşmənlərin adını sadalayır, sonra isə oda atırdılar.
Bu mərasimlərlə insanlar odun müqəddəsliyini
xarakterizə edən xüsusiyyətlərə deyil, odun bəla və məhrumiyyətləri
yox etmək gücünə malik olduğuna
inanırlar. Belə mərasimlərin atəşpərəstlikdən
də qədim tarixə malik olduğu aydın olur. Od təbiətin ən saf
və müqəddəs ünsürü
sayılır.
Azərbaycan.- 2019.- 5 oktyabr.- S. 9.