Əmanət...
Torpağın üzü soyuqdur deyirlər. İnsanı gedənlərin bir daha geri dönməyəcəyinə inandırır. Yavaş-yavaş dərdə də alışırsan. Ancaq Cığatayın yoxluğunun nə bənzəri vardı, nə də təsəllisi, dərdini tapşırıb getdiklərinin heç ovudanları, təskinlik verənləri də yoxdur. Böyüksüz qalmışdılar...
Yarımçıq
qalan arzular...
Qumral günlərdir tərəddüd içərisində çırpınırdı. Qardaşı Cığatayın solğun bənizi xəyalından çəkilmirdi. Ondan dolabın gözündəki qutunu gətirməyi xahiş edirdi. Sonra yastığının altından götürdüyü dəftərləri qutunun içərisindəki dəftərçələrin və yarımçıq qalmış qiymət kitabçasının yanına qoyub deyirdi: "Bunları sənə tapşırıram. Gizli bir yerdə saxla, heç kimə göstərmə. Özün də hələ açıb oxuma... Bir neçə ildən sonra istəsən oxuyarsan... Kamodun üst yeşiyində Çexovdan elədiyim tərcümələr olmalıdır. Onları da saxla, itib-batmasın, zəhmətim hədər getməsin. Mən o tərcümələri edəndə arzum haçansa çap etdirmək idi. İstəyirdim bizim millət də Çexovun gözəl hekayələri ilə tanış olsun... heyif, qismət olmadı”.
...Ağrısı-acısı səngiməyən o gündən iki il keçmişdi. Qumralın hələ də ürəyi gəlmirdi qutunu açmağa. Bir yandan da qardaşından qalan son xatirələri vərəqləməyə can atırdı. Bir gün evdə tək olanda dolabdakı paltarların altında saxladığı qutunu götürdü. Həyəcanla qapağını açdı. Müxtəlif ölçüdə beş dəftərçə vardı. Əlini onlardan birinə uzadanda qulaqlarına ümidləri tükənmiş, inamı puç olmuş bir səs gəldi: "Cığatay ölür!” Sonra səs hıçqırığa, qəzəbə döndü: "Biz onu sağalda bilmədik!.. Bacarmadıq!.. Vaxtında dərmanını, qüvvətli yeməyini tapmadıq!..” Kiçik qardaşları Toğrulun səsiydi. Qüssədən boğula-boğula Qumralın ürəyindən keçənləri deyirdi: "Ata-anamız yanımızda olsaydılar, bunlar baş verməzdi”. Bacı-qardaş bir-birlərinə sarılıb ağlayırdılar. O ağır anlarında valideynlərinə elə ehtiyacları vardı ki...
Ürəkdolusu sevinc bu ocaqdan 1937-ci ilin iyunundan perik düşmüşdü. Sovet hökuməti onlardan əvvəl ataları yazıçı, tənqidçi Seyid Hüseyni, sonra da anaları şairə Ümgülsümü almışdı. Seyid Hüseyni 1937-ci ilin 15 iyununda Şüvəlandakı bağlarında həbs etdilər. 1937-ci il noyabrın 2-də Ümgülsümü İçərişəhərdəki evlərindən apardılar. 1938-ci ilin aprelində o, sürgün cəzası ilə Qazaxıstana göndərildi.
Ondan həyəcan dolu məktublar gəlməyə başladı. Ana ən çox ikinci oğlu Cığataydan nigarandır. Çünki övladlarının ən zəifi, uşaqlıqdan tez-tez xəstələnəni o idi.
Seyid Hüseynin
istedadlı oğlu
Arıq, zəif Cığatayın zehni güclü idi. Yazıb oxumağı dörd yaşında öyrənmişdi. Altı-yeddi yaşından şahmat oynayır, hətta yazıçılar arasında yaxşı şahmatçı sayılan atasını belə udurdu. Birinci sinif şagirdi ikən özündən iki sinif yuxarıda oxuyan qardaşı Oqtayın riyaziyyat kitabındakı misal və məsələləri asanlıqla həll edirdi. Beşinci sinifdə məktəbdə keçdiyi rus və alman dillərindən başqa fransız, latın dillərini də sərbəst öyrənirdi. Fizika, kimya, fəlsəfə, astronomiya ilə maraqlanır, çoxlu kitab oxuyur, şeir yazırdı.
Dolanışıqları ağır olduğundan 1940-cı il sentyabrın ortalarında Cığatay Nərimanov adına Bakı İndustrial Texnikumunda təhsil alarkən "Azərnəşr”ə oxucu vəzifəsinə işə girdi. Saat 8-dən 5-dək işdə olur, 6-da dərsə gedirdi. Məktublardan bu xəbəri öyrənən Ümgülsüm oğluna görə çox narahat idi. Cığatay anasını sakitləşdirmək üçün 1940-cı ilin 5 noyabrında anasına yazırdı: "Əziz anam, salam! Kağızını aldıq, çox sevindik. Ancaq bir şey məni sevindirmədi. Sən mənə görə fikir çəkirsən! Yoxsa biz rollarımızı dəyişmişik? Sən guya mənim gecə saat 12-də yatıb səhər 7-də durduğum üçün güzəranımızın pis keçdiyini düşünürsən. Narahat olma, mən gündə 7 saat yox, 10-12 saat yatıram. Mənim işim ağır deyil, əksinə, çox maraqlıdır. Bir fikrinə gətir: "Azərnəşr” tərəfindən buraxılan bütün kitabları oxumaq! Bu, açıq-aydın alim olmaq deməkdir. Mən işdə əməyimi cürbəcür şeylər öyrənməyə sərf edirəm. Demək, ora da mənim üçün bir məktəbdir”.
O, 1941-ci ilin mayında diplomunu müdafiə edəcəkdi. Amma 1941-ci ilin soyuq
qış günlərində
on səkkiz yaşlı
Cığataya yol göründü. Dərsləri bitmiş, təcrübələri
başlamışdı. Təcrübə keçmək üçün
Azərbaycan İnşaat
Materialları İnstitutunun
laboratoriyasına göndərilməliydi.
"Azərneftkəşfiyyat”
idarəsinə təcili
texnik lazım olduğu üçün
onu bir yoldaşı
ilə təcrübə
əvəzinə birbaşa
işə qəbul edib, 575 rubl maaşla Naftalana təyinat verdilər.
Bu qərar Cığatay
üçün gözlənilməz
oldu. Ertəsi gün Naftalana
yola düşdü.
Bakıya iyunun əvvəlində gəldi. İyunun 7-də diplom işini
uğurla müdafiə
etdi. Həmin gün evin böyük
övladına - Əzim
Əzimzadə adına Rəssamlıq
Məktəbini əla
qiymətlərlə bitirib
Nizami muzeyində işləyən Oqtay Sadıqzadəyə hərbi
komissarlıqdan çağırış
gəldi. "Xalq düşməni”nin övladı kimi cəbhəyə deyil, cərimə batalyonuna göndərildi.
1942-ci il sentyabrın 16-da Cığataya da hərbi komissarlıqdan çağırış gəldi. Özünə təsəlli verirdi: "Yox məni aparmazlar, həm brona görə, həm də həddindən artıq arığam. Boyum 188, çəkim 51 kilodur, birdən-birə 30 kilo normadan əskiyəm... komissiyada yoxlasalar, yəqin beş-altı xəstəlik də taparlar. Axşamlar qızdırmam olur, öskürürəm, bir balaca hündürə çıxanda ürəyim döyünür, yox yəqin niqodnı çıxaram”. Bu fikirlərlə günorta saat 2-də pasportunu götürüb Naftalandan çıxdı. Goranboya çatdı. Hərbi komissarlığa getdi. Onu da digər çağırışçılarla hərbi komissarın kabinetinə çağırdılar. Çığatay iş yerindən alıb cibində gəzdirdiyi arayışı çıxarıb göstərdi: "Mən Azneftin işçisiyəm. Naftalan kəşfiyyatında işləyirəm. Bizim bronumuz var”.
Komissar ciddi görkəm alaraq dedi: "Bron cəbhəyə aiddir. Səni fəhlə batalyonuna salırıq. Fərqi nədir? Ya burda işlə, ya da orda, iş həmin işdir. Gedin, səhər komissiyaya gecikməyin”.
Cığatay səhəri gün komissiyadan keçərkən dedi: "Hər gün axşamlar, bəzən həm də səhərlər qızdırmam olur, öskürürəm, sol böyrüm ağrıyır, ürəyim hərdən sancır”. Qızdırmasını ölçdülər, 38,5-di. Onu rentgenə göndərdilər və terapevtin cavabı belə oldu: "Biz qanunla iş görürük. Sənin bir ciyərində tuberkulyoz var, ikisində də olsaydı, onda niqodnı sayılardın. Mən neyləyə bilərəm. Bu qanunu mən qoymamışam. Götürün aktı, voyenkomata gedin”...
Günortadan sonra leytenantın müşayiəti ilə
on altı gənc Geran stansiyasına yollandılar. Hava soyuq, yağışlı
idi. Başqa rayonlardan yığılmış
gənclərlə birlikdə
onları qatara mindirib Biləcəriyə
göndərdilər. Cığatay bilirdi, taleyi
burada həll olunacaq. Ancaq nə bronu,
nə çəkisinin
azlığı, nə
də səhhətindəki
ciddi problemləri nəzərə aldılar.
Onu fəhlə batalyonuna saldılar. Evlərinə getməyə, doğmaları
ilə vidalaşmağa
da qoymadılar. Ayın 20-də
səhər saat 8-də
Biləcəridən çıxıb
4-də Dərbəndə çatdılar.
Eşelondan enib düşərgəyə
qədər olan 15 kilometrlik yolu piyada getdilər.
Bütün günü ağır
fiziki iş görmüş, əsgərlər
hər gün axşam yeməyindən sonra stolların üstünə döşək
salıb yatırdılar.
Hava soyuqdur. Cığatay bütün gecəni
yataqda çırpınırdı.
Sentyabrın 22-də saat 7-də dəmir yol trasında işə başladılar. Hər gün
9 saat əzab-əziyyətli
işdə çalışırdılar.
Cığatay soyuqda ayaqyalın
işləyirdi. Oktyabrın 20-də o, titrətsə də güclə yerindən qalxıb işə yollandı. Saat 12-də onu düşərgəyə
gətirməli oldular.
Feldşer Cığataya malyariya
diaqnozu qoydu. Noyabrın əvvəlində
qızdırması əvvəlki
həddə düşdü:
37,5. Noyabrın 28-dək işləməyə
gah ayaqyalın, gah da tapdığı
cırıq şap-şapla
getdi. Ayın 29-da malyariya titrətmələri
yenidən başladı.
Dekabrın əvvəlində onun işlədiyi təmir-tikinti
batalyonu Dərbəndə
döndü. Sonra Yevlax, Tiflis, Suxumi, Soçi istiqamətində
yolları təmir edərək Xostaya gəldilər. Cığatay bütün ayı
xəstə olmuşdu.
Dekabrın 26-da, təmir işləri
bitdikdən sonra fəhlə batalyonunu sıravi əsgər kimi hərbi hissəyə təhvil verdilər və Xostadan cəbhəyə yolladılar. Xəstə, üzgün Cığatayı
isə Soçiyə
598 saylı hərbi hospitala göndərdilər.
Orada da qarın yatalağına
tutuldu.
Cığatayın gənc orqanizmi xəstəliklərə tablaşdı. Ancaq zəif
vücudunda bu dəfə də vərəm fəallaşdı
və ciyərinə keçdi. Həkimlər onu 4321 saylı
terapevtik hospitala köçürdülər. 40 gün də
Tiflisdə yatdı.
1943-cü ilin 7 aprelində Tiflis hərbi komissiyası onu bir ay məzuniyyətlə
evə buraxdı.
Aprelin
9-da Bakıya böyük
çətinliklərlə gəlib çatdı.
...O
gün yenə də Qumralın gözlərinin
qarşısında canlananda
qəlbinə sıxıntı
çökdü. Səhər tezdən
küçə qapısından
içəri girən
dağınıq uzun
saçlı, qara gözləri çuxura düşmüş, əynində
cırıq şinel,
rəngi bilinməyən
köhnə ayaqqabılar
olan adamı əvvəl tanımadılar.
Onun Cığatay olduğunu biləndə ağlamağa
başladılar. Cığatay
gülümsəməyə çalışdı: "Nə
olub, sevinmək əvəzinə ağlayırsız...”, sonra onu
qucaqlamaq istəyən
doğmalarına "Mənə
yaxın gəlməyin”
dedi. Üst paltarlarını əynindən
çıxarıb küçə
qapısından bayıra
atdı: "Bunları
yandırmaq lazımdı,
nə həşərat,
infeksiya desən var...”
Əvvəldən sağlam olmayan
səhhətini fəhlə
batalyonunda gördüyü
əzab-əziyyətlər, çətin iş və həyat şəraiti ağır vəziyyətə salmışdı.
Üç ay yarım yatdığı
hospitallarda sağalmaq
əvəzinə başqa
xəstəliklər də
tapmışdı. Bakıda getdiyi
poliklinikanın həkimi
ona vərəmin dərmanının tapıldığını,
adının streptomisin
olduğunu söylədi.
Bu dərmanı tapacağına Cığatay
inanmırdı. Rentgenin cavabları
da ümidlərini doğrultmadı.
Tibbi ekspertiza komissiyası onun hərbi xidmətdən həmişəlik
azad edilməsi barədə rəsmi sənəd verdi.
20 yaşlı Cığatay Böyük
Vətən Müharibəsi
əlili oldu. Evdə zarafatla xəbər verdi:
"Məni təbrik
eləyə bilərsiz.
Bu gün "Böyük
Vətən müharibəsi
əlili” fəxri adına layiq
görüldüm”.
Vərəmin inkişafının qarşısını
almaq üçün
həkim ən azı 20 kilo kökəlməyi
məsləhət görmüşdü. Cığataya güclü yemək, istirahət, müalicə
lazım idi. O isə vərəm olduğunu evdəkilərdən
gizlədirdi. Özünə
iş axtarır, çalışır, evə
qazanc gətirmək üçün çırpınırdı...
Qumralı xəyal o günlərə
- atasını həbsdə
sandıqları, anasının
sürgündə olduğu
vaxtlara apardı. Hər ikisinin
həyatda olduğunu düşünmək onları
sabaha ümidləndirirdi.
Qumral fikirləşdi ki, indicə bir möcüzə baş versə, atası illərin ayrılığından
çıxıb gəlsə
yenə də Seyid Hüseynin həbs olunduğu o məşum gündən əvvəlki xoş günlərinə dönə
bilməyəcəklər. Çünki sürgündən sonra Bakıda yaşamasına icazə verilməyən anası Ümgülsüm Şamaxıda
Qumralın gözlərinin
qabağında canını
tapşırdı. Yeganə hayanları,
pənah yerləri olan bibiləri Rübabə də dünyadan köçdü.
Valideynlərinin güdazına getdikləri
repressiya siyasəti ailənin ikinci övladı, ağıllı,
istedadlı Cığatay
Sadıqzadənin də
cəlladına çevrildi.
Nakam qardaşının əmanət
verib getdiyi dəftərləri göz
yaşları içərisində
oxuyan Qumral illər sonra bir həqiqəti də biləcəkdi: ümidlə yollarına göz dikdikləri ataları Seyid Hüseynə güllənmə
cəzası verilmiş,
hökm 1938-ci ilin yanvarında yerinə yetirilmişdi...
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2019.- 5 oktyabr.- S. 10.