Azərbaycanda Stalin repressiyaları

 

Azərbaycan tarixində ən böyük faciələrdən biri 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiyalar olmuşdur.

İnsanların "əksinqilabçı”, "trotskiçi”, "casus”, "millətçi”, "üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalinin, Beriyanın və onların əlaltılarının bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. Repressiya illərində SSRİ-də ümumilikdə 1.575.259 adam həbs edilmişdir. Onlardan 173.382 nəfəri guya "əksinqilabi” apardığına görə cəzaya məruz qalmışdır, 1.344.923 nəfər məhkum edilmiş, 681.692 nəfər isə güllələnmişdir.

Repressiya illərində Azərbaycan ərazisində 100 mindən çox ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və uzaq adalara sürgünə göndərilmişdir. Bu bir faktdır ki, əhalinin hər 1000 nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durmuşdur. Əgər 1920-ci illərdə birmənalı olaraq "əksinqilabçı” adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası daha ağır olmuşdur. Bu mərhələdə insanlar "xalq düşməni”, "pantürkist”, "panislamist”, "sui-qəsdçi” adları altında məhv edilmişdir.

Azərbaycanda ümumilikdə 1930-1940-cı və 1950-ci illərin əvvəllərində 80 mindən çox adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilmişdir. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb, onlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

 

Azərbaycan.- 2019.- 5 oktyabr.-  S. 10.