Vətəndaş rifahı, insan amili

 

Prezident İlham Əliyevin ikinci sosial paketi ümumilikdə 750 mindən çox şəxsin pensiyasının artmasını təmin edib

 

Sosial-iqtisadi sahədə ardıcıl şəkildə islahatlar aparan dövlətlər sırasında adı çəkilən Azərbaycanın iqtisadi uğurları sosial sahədə inqilabi islahatların gerçəkləşməsini şərtləndirib.

Prezident İlham Əliyevin siyasətinin ana xəttinin sosialyönümlü olması həm ötən, həm də bu il həyata keçirilən islahatlarda bir daha özünü göstərib. 2015-ci ildən reallaşdırılan islahatlar kursu artıq bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu nəticələrini verir. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlara nəzər yetirsək, aydın olar ki, ilin əvvəlində aparılan islahatlar daha çox pensiya, müavinət və təqaüdlərin artımına yönəldilib və 4,2 milyon nəfəri əhatə edib. Ümumilikdə isə iki sosial paketin birlikdə əhatə dairəsi əhalinin 40 faizini təşkil edir.

2020-ci ilin də dövlət büdcəsinin əsas prioriteti sosialyönümlülükdür. Büdcədən sosial xərclərə ayrılacaq məbləğin 40,7 faizi təşkil etməsi bunu bir daha təsdiqləyir.

Azərbaycan Prezidentinin təsdiqlədiyi "Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanunla ölkəmizdə əmək pensiyasının minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırıldı. Dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya artımı xüsusi yer tutur. Xatırladaq ki, minimum pensiya bu ilin martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə etdi.

Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırıldı. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutur.

Xatırladaq ki, ötən ayın 1-dən dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin əməkhaqları artırılıb.

Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının orta hesabla 31 faiz artmasına imkan verib.

Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasını təmin edib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.

Sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.

Ölkədə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, bu il minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

Minimum əməkhaqqı artımının ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB dövlətləri ilə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.

Prezidentin müvafiq sərəncamları ilə minimum əmək haqqının, bir sıra müavinətlərin, təqaüdlərin, dövlət qulluqçularının, hüquq mühafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqlarının artırılması, habelə əmək pensiyalarının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosial xərclərin artımını şərtləndirib. Ona görə də bütün illərdə olduğu kimi, yenə də büdcənin sosialyönümlülüyü təmin ediləcək. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin artıq ilkin parametrləri bəllidir.

Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.

Büdcənin sosialyönümlü xərcləri cəmi xərclərin 40,7 faizini (2019-cu ildə 33,4 faiz) təşkil edəcək ki, bu da cari illə müqayisədə 2664,2 milyon manat çoxdur. Əməyin ödənişi üzrə xərclər 6723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3213,4 milyon manat, ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 414 milyon manat (2019-cu ildə 640,6 milyon manat) və digər sosial xərclər üçün 81,2 milyon manat təşkil edəcək.

Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin iki sosial paketinin maliyyə tutumu 5,3 (bu il üçün 2,3 milyard, gələn il üçün isə 3 milyard) manat təşkil edir. Atılan addımlar dövlət başçısının çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 6 oktyabr.-  S. 1; 4.