YAŞA SƏNİ!

 

“Qarabağ Azərbaycandır və nida işarəsi”

 

Prezident İlham Əliyev

 

Cənab Ali Baş Komandan, bu, tarixi kəlam oldu,

 

Şəhidlərin məzarına şanlı bir ehtiram oldu.

 

Azərbaycan nəfəs aldı, ürək bir az aram oldu,

 

Ulu Tanrım çox görməsin bu torpağa, daşa səni.

 

Kürsü - açıq səngəriydi, fəqət "nida işarəsi!”

 

Düz hədəfə gedib dəyən sonuncu bir top gülləsi.

 

Qulağımda Xan əminin bir Qarabağ zənguləsi,

 

Eşidirdi sən gəzdiyin Cıdır düzü, Şuşa səni!

 

Vətənimin şərəfini qoruyursan, qoru belə,

 

Vətən deyir: Vətən oğlu, düz belədir, doğru belə.

 

Canımızdan belə çıxır, çəkdiyimiz ağrı belə,

 

Yaşa sevən ürəklərdə, bu ürəklə yaşa səni.

 

Qoy ədalət zəfər çalsın, xeyir çıxsın qabağına,

 

Yaşlı yollar yolçususan, daş dəyməsin ayağına.

 

Biz and içdik bizim qalib Azərbaycan bayrağına,

 

Ucaltdığın bayraq kimi uca görək, uca səni.

 

Qanımızda, canımızda bir istiqlal nəğməsi var,

 

Qaçqınların, köçkünlərin fəryadı var, naləsi var.

 

Qarabağda düşmənlərin min qəsdi var, qərəzi var,

 

Mən tapşırdım bu tarixdə tarixi yaddaşa səni.

 

Yurdumuzu yağmalayan qaniçəndi, həramidi,

 

Nərə çəkib, qılınc çalmaq qəhrəmanlıq məramıdı.

 

Oğulların hünər yolu - Ataların davamıdı,

 

Zaman özü alqışlayır, mərd atanla qoşa səni.

 

 

Nəriman HƏSƏNZADƏ, Xalq şairi

 

Azərbaycan.- 2019.- 6 oktyabr.-  S. 1.