Şamil Ayrım: “Prezident İlham Əliyevin Soçi bəyanatı Türkiyədəki azərbaycansevərlər tərəfindən rəğbətlə qarşılandı”

 

Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Türkiyədəki bütün azərbaycansevərlər tərəfindən rəğbətlə qarşılandı. Əslində Ermənistan tərəfi çoxdan siyasi nokaut vəziyyətindədir. Sadəcə, onlar heç vaxt özlərinə arxayın olmayıblar, hərdən bir dövlətin qoltuğuna sığınmaqla hədəfdən yayınmaq istəyirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən dostluq qrupunun rəhbəri deyib ki, əsassız ittiham, yalan uydurmaq, böhtan danışmaq Ermənistan siyasətçiləri üçün davranış normasıdır.

Dostluq qrupunun rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan hərtərəfli inkişaf edir. Azərbaycanın güclənməsi Türkiyəyə də öz təsirini göstərir. Ermənistan tərəfi reallıqla barışmalı, Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməli, Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməlidir. Əks təqdirdə, Soçi zərbəsinin başqa variantları ilə qarşılaşmalı olacaq.

 

Azərbaycan.- 2019.- 6 oktyabr.-  S. 2.