Ölkəmizdə nəhəng infrastruktur layihələri icra edilir

 

Bu, Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirir

 

Azərbaycan dünyada neft ölkəsi kimi məşhurdur. Müstəqilliyimizin bərpasından sonra ölkəmizin neft sənayesi dünyanın üzünə açıldı. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkə kimi qəbul edilir. Bu sahədə nəhəng tranzit layihələri də həyata keçirilib.

Eyni zamanda ölkəmiz dünyanın nəqliyyat qurşağına çevrilib. Belə ki, tarixdə mövcud olan İpək yolunun bərpasından sonra Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm ölkə sayılır. İpək yolunun bərpasında Azərbaycan həm təşəbbüsçü kimi, həm də ilk dəfə bu istiqamətdə mühüm işlər görən ölkə kimi tarixə düşüb. Belə ki, Azərbaycanda nəhəng infrastruktur layihələri icra edilir ki, bunun da sayəsində Şərqdən Qərbə və ya əksinə avtomobil və dəmiryolu ilə yüklərin daşınmasına böyük imkanlar yaranır.

Gürcüstanın ərazisində dəmiryolunun müasir dünya standartları səviyyəsinə çatdırılması və Türkiyənin sərhədinə kimi çətin bir relyefdə yeni dəmiryolu xəttinin çəkilməsi də məhz ölkəmizin ayırdığı maliyyə vəsaiti hesabına mümkün olub.

Xatırladaq ki, erməni lobbisionu dəstəkləyən beynəlxalq güclər Gürcüstan ərazisində bu işlərin görülməsinə mane olmağa çalışırdı. Prezident İlham Əliyev qətiyyətli addım ataraq bu nəqliyyat dəhlizinin Gürcüstan ərazisindən keçən hissəsində görüləcək işlər üçün vəsait ayırdı. Beləliklə, ölkəmizin də daxil olduğu bu nəhəng layihənin icrasının qarşısını kəsmək istəyən güclərin müqaviməti qırıldı.

Şərq-Qərb dəhlizinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində görülən işlər bu marşrutu cəlbedici etdi. Sözsüz ki, Orta Asiyada, xüsusilə Qazaxıstan və Türkmənistanda da aparılan işlər ÇinAvropa ölkələrində bu marşruta maraq göstərməsinə səbəb oldu. Nəticədə bu dəhliz işlək vəziyyətə gəldi, Şərqdən Qərbə, Qərbdən Şərqə yüklər daşınmağa başlandı. Qeyd edək ki, həyata keçirilən tədbirlər sayəsində bu marşrut üzrə yükdaşıma ildən-ilə artmağa doğru gedir. Bu işdə Ələt Beynəlxaq Ticarət Limanının tikilməsinin də xüsusi əhəmiyyəti var. Xəzərin şərq, şimal və cənub istiqamətlərindən gələn gəmi və bərələr yükləri həmin limana asanlıqla çatdıra bilir ki, bu da yüklərin şərq və qərb istiqamətinə ötürülməsinə imkan yaradır.

Bununla yanaşı, Azərbaycan beynəlxalq əhəmiyyətli digər bir layihənin də reallaşmasında önəmli oyunçuya çevrilib. 2000-ci ilin 12 sentyabr tarixində Rusiya, İranHindistan arasında imzalanmış hökumətlərarası sazişə əsasən, Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyuldu. Azərbaycan bu prosesin mərkəzində rol almağa başladı. Belə ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkan Azərbaycandır. Bu o deməkdir ki, Şimalya Cənub dəhlizindən gələn yüklər Azərbaycan vasitəsilə həm Şərqə, həm də Qərbə göndərilə bilər. Həmin şərtlər ölkəmizi bu layihədə mühüm tərəfdaşa çevirib. Çünki Azərbaycan bu layihələrdə iştirak etməsə, onların heç birini reallaşdırmaq mümkün deyildi.

Şərq-Qərb nəqliyyat dəhlizi kimi, Şimal-Cənub dəhlizi də region və regiondankənar ölkələrin diqqətini özünə cəlb edib. Bunun nəticəsidir ki, Azərbaycanla yanaşı Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı,Tacikistan, Türkiyə və Ukrayna da bu layihəyə qoşularaq onu qanuniləşdirmək üçün ratifikasiya etmişdir.

Həmin ölkələrin Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəməsi başadüşüləndir. Belə ki, dəhlizin yaradılmasında əsas məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətinin azaldılmasıdır. Qeyd edək ki, hazırkı marşrut üzrə yüklərin çatdırılma müddəti 6 həftədən artıqdır. Lakin mütəxəssislərin hesablamalarına görə, Şimal-Cənub nəqliyyat dəhlizinin vasitəsilə yüklərin daşınma müddətinin 3 həftə olması gözlənilir.

Prezident İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: "Keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür. Biz Azərbaycanın daxilində dəmiryolunun yenidənqurulması prosesinə başlamışıq. Bu il Bakı-Yalama dəmiryolunun yenidənqurulması davam etdiriləcək. Bakı-Astara dəmiryolunun yenidənqurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub. Bunlar Şimal-Cənub dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmiryolu var, ancaq sürət aşağıdır”.

Bu marşrutla yüklərin Şimali və Qərbi Avropa-Rusiya Federasiyası, daha sonra üç istiqamətdə - Qafqaz-Fars körfəzi, Mərkəzi Asiya-Fars körfəzi, Xəzər dənizi-İran İslam Respublikası-Fars körfəzi marşrutları ilə həyata keçirilməsi nəzərdə tutulur. Bu sxemdən də aydın görünür ki, həmin marşrutda Azərbaycan önəmli rol oynayır. Xüsusilə nəhəng Rusiya, Hindistanİran bazarı üçün malların buradan daşınması əhəmiyyətlidir. Çünki bu, daha çox yükdaşınma deməkdir.

Mütəxəssislərin ilkin hesablamalarına görə, bu dəhliz fəaliyyətə başlayandan sonra Azərbaycan ərazisindən daşınan yüklərin birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon ton olması gözlənilir.

Dəhlizin Azərbaycan ərazisindən keçən dəmiryolu hissəsinin uzunluğu 511 kilometrdir. Bakı-Yalama sahəsindəki dəmiryolu ikixətlidir, elektrikləşdirilib və avtomatik rabitə, həmçinin işarəvermə sistemi ilə tam təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 60 cüt qatardır. Bakı-Astara dəmiryolu sahəsinin Osmanlı stansiyasına qədər olan 140 kilometrlik hissəsi ikixətlidir, elektrikləşdirilib, avtomatik işarəvermə sistemi ilə təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 53 cüt qatardır. Bakı-Astara dəmiryol sahəsinin Osmanlı stansiyasından Astara stansiyasına qədər olan 188 kilometrlik hissəsi biryolludur, elektrikləşdirilməyib, lakin avtomatik işarəvermə sistemi ilə təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 20 cüt qatardır.

Dəmiryolunun Yalama-Bakı sahəsində 96 kilometr, Bakı-Astara sahəsində 60 kilometr dəmiryolu xətti əsaslı təmir olunmalı, 36 kilometr sahilbərkitmə işləri görülməlidir. Bu istiqamətdə 2001-ci ildən başlayaraq müəyyən işlər görülüb və hazırda davam etdirilir. Eyni zamanda, göstərilən sahədə stansiya yollarının sağlamlaşdırılması, elektrik təchizatının yaxşılaşdırılması, lokomotiv parkının genişləndirilməsi və s. kimi texniki tədbirlər bu istiqamətdə görülən işlər siyahısına daxildir.

Azərbaycan dəmiryolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün Astara (Azərbaycan) - Astara (İran) dəmiryolu xəttinin, Astaraçay üzərindən dəmiryolu körpüsünün inşası nəzərdə tutulur. Marşrutun işlək vəziyyətə gəlməsi üçün Azərbaycan tərəfi 8,4 kilometr dəmiryolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini aparacaq.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 6 oktyabr.-  S. 4.