Şahmat üzrə Dünya
Kubokunun ilk azərbaycanlı sahibi
Azərbaycanlı
beynəlxalq qrossmeyster Teymur Rəcəbov Rusiya
Federasiyasının Xantı-Mansiysk şəhərində
başa çatmış şahmat üzrə Dünya Kuboku
yarışının qalibi olmuşdur.
Dünya
reytinqinin ilk üçlüyündə yer almış
çinli qrossmeyster Dinq Lirenlə final
qarşılaşmasında kubokun sahibini müəyyənləşdirmək
üçün on görüş keçirilmişdir.
Klassik partiyalarda və rapiddə heç-heçə qeydə
alınmış, blitsdə isə Teymur Rəcəbov həm
ağ, həm də qara fiqurlarla qarşılaşmalarda
üstün olmuş və görüşü 6:4 hesablı
qələbə ilə başa
çatdırmışdır.
Xatırladaq
ki, altmışdörddəbir final mərhələsindən
start götürmüş turnirdə Teymur Rəcəbovla bərabər
daha dörd qrossmeysterimiz - Şəhriyar Məmmədyarov,
Eltac Səfərli, Nicat Abbasov və Arkadi Naydiç
iştirak etmişdir. Lakin onlar mübarizəni erkən
dayandırmışdılar.
Dünya
Kubokuna aparan yolda Teymurun birinci mərhələdə rəqibi
Farer adalarının təmsilçisi Helqi Ziska idi. Rəqibini
asanlıqla məğlub edən qrossmeysterimiz sonrakı
raundlarda rusiyalı şahmatçılar Sənan Syugirov və
Daniil Yuffa, digər təmsilçimiz Şəhriyar Məmmədyarov,
amerikalı Ceffri Xionq və Fransa təmsilçisi Maksim
Vaşye-Laqravdan üstün olmuşdur.
Həlledici
görüşdən sonra şahmatçımızın
yüksək ustalığını onun rəqibi Dinq Liren də
qiymətləndirmişdir: "Əvvəlcə yaxşı
oynamağa başladım. Xüsusilə birinci partiyada. Lakin
sonradan təşəbbüsü əldən verdim. Teymur
finalda parlaq mövqe oyunu nümayiş etdirməklə qələbə
qazandı”.
Teymur
finala vəsiqə qazanmaqla yanaşı, iddiaçılar
turnirinə qatılmaq hüququnu da əldə etmişdir.
Mötəbər yarışda qalib gələn
şahmatçımız bu uğuru ilə həm də ilk
azərbaycanlı kimi ölkə idmanının da tarixinə
düşmüşdür.
Bu
parlaq qələbə, təbii ki, ölkə rəhbərliyinin
diqqətindən kənarda qalmamışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin qrossmeysterimizə təbrik məktubunda
deyilir: "Əziz Teymur, Rusiyanın Xantı-Mansiysk şəhərində
Dünya Kuboku uğrunda yarışlarda qələbə
qazanmağın münasibətilə səni ürəkdən
təbrik edirəm. Sən yüksək ustalıq, əzmkarlıq
və iradə nümayiş etdirərək
qazandığın bu qələbə ilə Dünya
Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan
idmanının tarixində şanlı səhifə
açdın. Sənə ən xoş arzularımı
yetirir, yeni-yeni qələbələr diləyirəm”.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə
Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu "İnstaqram”
səhifəsində təbrik edib: "Azərbaycan növbəti
böyük uğura imza atıb! Gənc istedadımız
Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi
layiqincə təmsil edərək parlaq qələbə
qazanıb. Bütün Azərbaycan xalqının sevincinə
səbəb olan bu möhtəşəm qələbə
münasibətilə Teymuru səmimi-qəlbdən təbrik
edirəm!”
Xatırladaq
ki, 2001-ci ildə 14 yaşında ən gənc
şahmatçı kimi dünya rekordunu yeniləyərək
beynəlxalq dərəcəli qrossmeyster adına layiq
görülmüş Teymur Rəcəbov üç il sonra
dünya çempionatının yarımfinalçısı
olmuşdur. O, Azərbaycan komandasının tərkibində
üçqat Avropa çempionudur.
Teymur
2003-cü ildə İspaniyanın Linares şəhərində
keçirilmiş mötəbər turnirdə 13-cü
dünya çempionu Harri Kasparovu məğlub etmişdir. Bu
görüş ən yaxşı oyun mükafatına layiq
görülmüşdür. Həmin il Teymur həm də digər
dünya çempionlarından - hindistanlı Vişvanatan Anand
və ukraynalı Ruslan Ponomaryovdan güclü olmuşdur.
Qrossmeysterimiz 2004-cü ildə FIDE dünya
çempionatında yarımfinal mərhələsində
iştirak etmişdir. O, həmin il Liviyanın paytaxtı
Trablisdə keçirilmiş dünya çempionatında
bürünc medala yiyələnmişdir. Teymur 2005-ci ildə
Dos-Hermanas turnirinin qalibi olmuş və Avropa
çempionatının gümüş medalına layiq
görülmüşdür. 2006-cı ildə Linaresdə
daha bir dünya çempionunu - Veselin Topalovu məğlub
etmiş, növbəti il 14-cü kateqoriyalı Korus turnirinin
qalibi olmuşdur.
İndi
Teymur Rəcəbovu səkkiz qrossmeysterin iştirakı ilə
mötəbər iddiaçılar yarışı gözləyir.
Gələn il start götürəcək həmin turnirin
qalibi hazırkı dünya çempionu norveçli Maqnus
Karlsenlə görüşə vəsiqə qazanacaq.
Rizvan CƏFƏROV
Azərbaycan.- 2019.- 6 oktyabr.- S. 6.