Azərbaycan
Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban
dost, qonşu hesab edir
Azərbaycan
Prezidenti İlham Əliyevin Rusiyanın "Rossiya” və
"Birinci” televiziya kanallarına müsahibəsi
Xəbər verildiyi kimi, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə səfəri zamanı "Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın "Rossiya” və "Birinci” televiziya kanallarına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
- Salam, cənab Prezident. Aleksey Qolovko, "Vesti” proqramı.
- Çox xoşdur.
- Bu il Valdayın mövzusu "Şərqin şəfəqi”dir, Asiya ölkələrinə xüsusi diqqət yetirilir. Rusiya kimi Azərbaycan da demək olar Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Siz burada hansı əsas məsələləri qaldırmaq və hansı suallara cavab almaq istərdiniz?
- Əvvəla, "Valday” Diskussiya Klubunda iştirak etmək dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istərdim. Valday klubu özünü dünya gündəliyinin və çox vacib aktual məsələlərin müzakirəsi üçün diskussiya platformalarından biri kimi göstərib. Əlbəttə ki, mən bu gün Vladimir Vladimiroviçlə görüşmüşəm. Biz ikitərəfli münasibətlərimizin çox zəngin olan və xeyli sahələri əhatə edən gündəliyini müzakirə etmişik. Buna görə də mən, şübhəsiz ki, ikitərəfli gündəliyi, Azərbaycanın rastlaşdığı mühüm problemləri, yeni çağırışları işıqlandırmağı planlaşdırıram. Odur ki, mən bu gün çox maraqlı diskussiyaya ümid bəsləyirəm.
-Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?
- Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.
-Daha bir sual siyasət barədə yox, Sizin alma-mater - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Tezliklə yubileyi olacaq. Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında ilk Prezidentsiniz. Bu təhsil Sizə hansı əsas keyfiyyətləri verib və bu, Sizə indi siyasi fəaliyyətinizdə necə kömək edir?
-Bilirsiniz, tələbəlik illəri hər
bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək,
müstəqil həyata qədəm qoymaq illəridir. Məndə
bu dövr yaşayış yerimi dəyişərək
Bakıdan Moskvaya köçməklə müşayiət
olunub. Deməliyəm ki, valideynlərim məni məktəbə
tez, hələ 6 yaşım tamam olmamış göndəriblər.
Buna görə də mən orta təhsilimi 16 yaşım
tamam olmamış bitirmişəm. Açıq deyəcəyəm,
mənim heç pasportum da yox idi. Buna görə də mən
Moskvaya ali məktəbə qəbul olunmağa arayışla
gəlmişdim. İlk qış sessiyası qabağı isə
16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə,
bu yeniyetməlik çağıdır. Amma mən institutda
özümü çox rahat hiss edirdim. Çünki şərait
çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm
də müəllimlərlə çox yaxşı
münasibətlərim yaranmışdı. Həmin illər
unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi
verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm
ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində
SSRİ səfirliyində işə təyinat alsam da, Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum,
dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada
işlədim.
Yəni, mənim 15 ilim institutla əlaqədar
olub. Əlbəttə ki, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının
ilk forumunun mənim təşəbbüsümlə Bakıda
keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi.
Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki,
həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya
uyğun olaraq istər ölkənin, istərsə də
soyadımın ilk hərfinə görə belə olmalı
idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə
çevrilib, məncə artıq 5-ci dəfə
keçirilib. Əlbəttə ki, bu,
hamımızı birləşdirir. İnstitut
müəllimlərimi, dostlarımı fərəhlə
xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutuna yeni uğurlar
arzulayıram. Şadam ki, bu ali məktəbə
uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç
Torkunov başçılıq edir, institutun inkişafında,
dünyanın ən aparıcı ali məktəblərindən
biri kimi tanınmasında onun çox böyük xidmətləri
var.
- Sonuncu
qısa sual. Prezident Tokaev də Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur.
Bu, Azərbaycan-Qazaxıstan münasibətlərinin
inkişafına kömək edir?
-Bilirsiniz,
şadam ki, mən indi məzun kimi Prezident olaraq tək deyiləm.
Əlbəttə, biz Kasım-Jomart
Kemeleviçlə bir-birimizi lap çoxdan
tanıyırıq. Biz həm
Qazaxıstanda, həm Azərbaycanda, həm də beynəlxalq
tədbirlər çərçivəsində
görüşmüşük. Əlbəttə, o,
Prezident seçiləndə mən ona zəng vurub təbrik
etdim, hər ikimiz təməli Azərbaycan Prezidenti Heydər
Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən
qoyulan uzun illərin mehriban münasibətlərini daha da
inkişaf etdirməyə davam edəcəyimiz barədə fikir
mübadiləsi apardıq. Yəni, biz bu ənənələri
davam etdiririk və əminəm ki, gələcəkdə
Qazaxıstanla Azərbaycan elə bu cür
qarşılıqlı aktiv fəaliyyət göstərəcək.
-Çox
sağ olun.
-Sağ
olun.
x x x
- Salam. Birinci kanal. Yeri gəlmişkən,
mən Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunu bitirmişəm. Biz müəyyən
mənada bu gün Sizinləyik.
-
Neçənci ildə?
- 1998-ci
ildə, beynəlxalq jurnalistika fakültəsini. Bizim ilk sualımız bu gün burada keçirilən
tədbirlərlə, yəni, Valday ilə bağlıdır.
Mövzu "Şərqin şəfəqi”dir.
Yəni, Şərqin dirçəlişi, Şərq istiqamətinin
möhkəmləndirilməsidir. Azərbaycan,
Rusiya və Rusiya-Azərbaycan münasibətləri bu prosesdə
hansı rol oynayır?
-Azərbaycan
coğrafi cəhətdən Şərqlə Qərb
arasında yerləşir. Buna görə də
biz həm Şərq ölkələrini birləşdirən
beynəlxalq təşkilatlarda, həm də məsələn,
Avropa Şurası kimi təşkilatda iştirak edirik. Təbii ki, coğrafiya geosiyasətə təsir edib
və edir. Bu gün Azərbaycan
özünün coğrafi vəziyyətindən istifadə
edir. Hesab edirəm ki, bu gün biz həm
humanitar sahədə, həm nəqliyyat sahəsində, həm
də bütün digər sahələrdə Şərq və
Qərb ölkələri arasında dialoq qurulmasında
müəyyən rol oynayırıq. Rusiya
dünyanın ən iri ölkəsidir. Buna
görə, əlbəttə ki, təkcə Asiya qitəsində
deyil, həm də bütün qlobal dünyada Rusiyanın rolu
çox böyükdür. Rusiyanın
rolu böyüyür, həm potensialı, həm də
gücü artır.
Bizim ikitərəfli münasibətlərimizə gəlincə,
bunlar çox müsbətdir, çox yaxşı dinamikaya
malikdir, həyatın bütün sahələrini əhatə
edir və çox etibarlıdır. Mənim Prezident Vladimir
Vladimiroviç Putinlə keçən il
4, bu il 2 şəxsi görüşüm olub. Bu
görüşlər ikitərəfli
qarşılıqlı fəaliyyətin inkişafına
çox ciddi impuls verir və həmçinin bizim
regiondakı vəziyyətə müsbət təsir göstərir.
-Dünyanın
quruluşu, Şərqdən baxış. Şərqdən
baxdıqda, dünya hansı prinsiplər əsasında
qurulmalıdır?
-Fikrimcə,
biz hansı tərəfdən baxsaq da, əsas prinsip beynəlxalq
hüququn norma və prinsiplərinə
riayət olunmasıdır. Təəssüf ki,
onlar kobud şəkildə pozulur və bu prinsiplərə
hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə
riayət olunmamasından zərər çəkən ölkə
kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən
işğalı ilə əlaqədar, əlbəttə ki,
bütün beynəlxalq tədbirlərdə beynəlxalq
hüququn zəruriliyinə təkid edir. BMT-nin
Təhlükəsizlik Şurası bəzən qətnamələri
bir neçə günə yerinə yetirir, bizə gəldikdə
isə qətnamələr 25 ildən artıqdır ki,
kağız üzərində qalır. Bununla
da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə
nüfuzdan salınır. Buna görə də
düşünürəm ki, beynəlxalq hüquq
dünyadakı vəziyyətin əsas amili olmalıdır.
Amma gerçəklik belədir ki, bu, baş
vermir. Dünyanın qlobal işlərində Azərbaycan
kimi ölkədən çox az şey
asılıdır. Buna görə də
düşünürəm ki, əsas məsuliyyət
dünyanın aparıcı ölkələrinin üzərinə
düşür və onlar dünyada sülhün qorunması
üçün həmin prinsiplərə riayət etməlidirlər.
-İndi Sizə Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu barədə bir-iki sual vermək
istərdim. İnstitutla bağlı hansı xatirələriniz
qalıb?
-Çox
xoş xatirələr qalıb. Həyatımın 15 ili institutla bağlıdır. Təhsil,
aspirantura, iş, çoxlu dostlar,
tanışlar və əlbəttə ki, mənim
üçün həm yetkinləşmə, həm də
biliklərə yiyələnmək cəhətdən
çox vacib olub. Buna görə də mən rəhbərliklə
daim əlaqə saxlayıram. Mən Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının
bir neçə il əvvəl Bakıda
keçirilən ilk forumunun təşəbbüskarıyam. İndi bu forum artıq daimi fəaliyyət göstərən
tədbirə çevrilib. Mən institutun 60 illiyinə
həsr olunmuş təntənəli tədbirlərdə
iştirak etmişəm, eləcə də 75 illiyi ərəfəsində
bütün dostlarımı, kurs yoldaşlarımı, müəllimlərimi
bu şanlı yubiley münasibətilə təbrik edirəm.
-Bəs
necə hesab edirsiniz, Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutu həyatınızda hansı rolu oynayıb. Əgər
başqa ali məktəb olsaydı, hər
şey başqa cür olardımı?
-Bilmirəm,
demək çətindir necə olardı. Amma əlbəttə,
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutu çox mühüm rol oynayıb. Çünki orada aldığım biliklər gələcək
işimdə həqiqətən mənə çox kömək
edib. Mən institutdan getdikdən sonra,
müəyyən mənada, peşəmə uyğun olmayan
işlə məşğul olurdum. Amma
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda qazandığım biliklər, vərdişlər,
o cümlədən xarici dilləri bilməyim artıq
Prezident kimi mənə çox gərəkli oldu.
-Çox sağ olun.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 1; 2.