İki ildə 6
görüş, 5,8 milyard dollarlıq qarşılıqlı
sərmayə
Prezident İlham
Əliyevin Soçi səfəri və Vladimir Putinlə
görüşü iqtisadi-ticari əməkdaşlığın
gələcək inkişafı üçün möhkəm
əsas yaratdı
Ötən həftə ölkəmizin ictimai-siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə oktyabrın 2-3-də bu ölkədə səfərdə olan Prezident İlham Əliyev beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi üçün önəmli platforma olan "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində qətiyyətli, prinsipial mövqeyini bir daha dünyaya bəyan etdi.
Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan bu səfər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində də mühüm önəm kəsb edirdi. Soçidə də Prezident Vladimir Putinlə cənab İlham Əliyev arasında baş tutan yüksək səviyyəli ikitərəfli görüş bunun əyani təzahürü oldu.
Rusiya qeyri-neft məhsullarımızın
ixracı üzrə ilk yerdədir
Bu gün Azərbaycanla Rusiya arasında ticarət əlaqələri yüksək templə inkişaf edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkənin Cənubi Qafqazda ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir.
Belə ki, bu ilin 8 ayı ərzində ölkəmizdə
qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon dollar dəyərində
ixrac həyata keçirilib. Qeyri-neft sektoruna aid mal ixrac etdiyimiz ölkələr
sırasında Rusiya (427,1 milyon dollar)
birinci, Türkiyə (278,6 milyon dollar) ikincidir. Ötən
ilin eyni dövrü ilə müqayisədə, yəni 8 ayda
Rusiyaya qeyri-neft ixracı 15 faiz artıb. Bu ilin avqust
ayında qeyri neft-qaz məhsulları üzrə də ən
çox mal Rusiyaya (31,2 milyon dollar) ixrac
edilib.
İqtisadi əməkdaşlıqda kənd təsərrüfatı
önəmli yer tutur. Rusiya kənd təsərrüfatı və
emal məhsullarımızın əsas
alıcısıdır. Ötən il
qonşu ölkəyə 560 min tondan çox məhsul ixrac
olunub. Bununla yanaşı, Rusiya şirkətləri
Azərbaycana kənd təsərrüfatı texnikası ixrac
edir. Son illərdə Rusiyadan 900-ə
yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı
texnikası, 650 min tondan çox mineral gübrələr
alınıb.
Azərbaycan-Rusiya münasibətlərinin dinamik
inkişafında ilk növbədə dövlət
başçıları arasındakı möhkəm dostluq
münasibətlərinin, qarşılıqlı təmasların
müstəsna rolu var.
Soçidə liderlər arasında aparılan
müzakirələr də strateji əməkdaşlığı
daha da möhkəmləndirməklə yanaşı, əlaqələrin
bütün sahələrdə dərinləşməsinə,
mövcud potensialın daha dolğun
reallaşdırılmasına, iqtisadi-ticari əməkdaşlığın
inkişafına böyük təkan verəcək.
Azərbaycanda Rusiya kapitallı 700-ə
yaxın şirkət fəaliyyət göstərir
Elə
oktyabrın 3-də Soçi şəhərinə səfəri
zamanı "Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində
Rusiyanın "Rossiya” və "Birinci” televiziya
kanallarına müsahibəsində Prezident İlham Əliyev
bu məsələlərə toxunaraq bildirib ki, iki ölkə
arasındakı münasibətlər həyatın
bütün sahələrini əhatə edir: "Bizim ikitərəfli
münasibətlərimizə gəlincə, bunlar çox
müsbətdir, çox yaxşı dinamikaya malikdir, həyatın
bütün sahələrini əhatə edir və çox
etibarlıdır. Mənim Prezident Vladimir Vladimiroviç Putinlə
keçən il 4, bu il 2 şəxsi
görüşüm olub. Bu görüşlər
ikitərəfli qarşılıqlı fəaliyyətin
inkişafına çox ciddi impuls verir və həmçinin
bizim regiondakı vəziyyətə müsbət təsir
göstərir”.
Azərbaycan və Rusiya prezidentlərinin Soçidə
keçirilən görüşündə ölkələrimiz
arasında siyasi əlaqələrin inkişafı qeyd
olunmaqla yanaşı, bir sıra praktik sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsinin əhəmiyyəti
vurğulanıb. Bu xüsusda müxtəlif sahələrdə
əməkdaşlığı ehtiva edən yol xəritəsi
sənədləri diqqətə çatdırılıb.
"Valday”
Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar
sessiyasındakı çıxışında da cənab
İlham Əliyev ölkələrimiz arasında əlaqələri
dəyərləndirərkən ticari-iqtisadi münasibətlərin
inkişafında müsbət dinamikanın müşahidə
olunduğunu diqqətə çatıdırb: "Hər il əmtəə
dövriyyəsi artır. Beş yol xəritəsi
çərçivəsində əməkdaşlığın
prioritet istiqamətlərinin müəyyən edilməsi,
şübhəsiz ki, ticari əlaqələrin daha da
genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın
şirkət fəaliyyət göstərir. Ölkəmiz
Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda
4,6 milyard dollar həcmində sərmayə qoyub. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə
məsələsində Rusiya bankları bizə çox
kömək edir. Onlar iqtisadiyyatın real
sektorunda həyata keçirilən layihələr üçün
təqribən 1 milyard dollar kredit ayırıblar”.
Hərbi-texniki əməkdaşlıq,
5 milyard dollarlıq müqavilə
İki ölkə arasında hərbi-texniki əməkdaşlıq
fəal inkişaf edir. Soçidə dövlət
başçıları arasında aparılan
danışıqlar zamanı bu istiqamətdə işi davam
etdirmək barədə razılıq əldə edilib. Qeyd edilib ki, Azərbaycanın Rusiyadan texnika
alması çərçivəsində imzalanmış
müqavilələrin məbləği 5 milyard dollar təşkil
edir. Bunun 3 milyard dolları artıq
reallaşıb.
Əməkdaşlığın mühüm istiqamətlərindən
biri də nəqliyyat sahəsidir və bu istiqamətdə
infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət
yetirilir. Hazırda Samur çayı üzərində
avtomobil körpüsünün tikintisi davam etdirilir və bu
ilin sonunadək başa çatdırılacaq. Eyni zamanda, sərhəd-buraxılış məntəqələrinin
inkişafı layihələrinin
sinxronlaşdırılması məsələsi müzakirə
olunur və bu sahədə xüsusi yol xəritəsi
hazırlanır.
Onu da vurğulayaq ki, Azərbaycan həm "Şərq-Qərb”,
həm də "Şimal-Cənub” dəhlizlərində
iştirak edən yeganə ölkədir. Prezident
İlham Əliyev də bu məsələyə xüsusi
olaraq toxunub və qeyd edib ki, artıq işə düşən
"Şimal-Qərb Beynəlxalq nəqliyyat dəhlizi” vasitəsilə
Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə
həm cənub, həm də qərb istiqamətində
göndərilir. 2018-ci ildə
"Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” vasitəsilə
daşınmış yüklərin həcmi əvvəlki
ildəkindən 8 dəfə çox olub. Həcmlər hələlik böyük olmasa da,
dinamika güclü təsir bağışlayır.
Prezident
İlham Əliyevin Rusiyaya səfərinin iqtisadi aspektləri
barədə danışan İqtisadiyyat naziri, Azərbaycan və
Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri
üzrə hökumətlərarası Dövlət
Komissiyasının həmsədri Şahin Mustafayev də qeyd
edib ki, iki ölkənin əlaqələri möhkəm
dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa
və qarşılıqlı hörmət prinsiplərinə
əsaslanır. Dövlət
başçılarının birgə səyi və siyasi
iradəsi sayəsində əlaqələr strateji tərəfdaşlıq
müstəvisində uğurla inkişaf edir, liderlərin
müntəzəm görüşləri dövlətlərarası
münasibətlərə yüksək dinamizm verir.
Siyasi əlaqələrin strateji xarakteri, dostluq münasibətləri
iqtisadi əməkdaşlığın inkişafı
üçün əlverişli zəmin yaradır: "Azərbaycanın
mehriban qonşu, dost, etibarlı və mühüm tərəfdaş
olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir,
siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə
əməkdaşlığımız genişlənir. Əlaqələrimizin inkişaf dinamikası və əldə
edilən nəticələr çox müsbətdir. Bütün bunların arxasında strateji əməkdaşlıq,
mühüm işlər, önəmli layihələr
dayanır və yüksək göstəricilərdə əksini
tapır. Azərbaycan Prezidentinin Soçi
şəhərinə işgüzar səfəri xüsusi əhəmiyyət
kəsb edir. Aparılan müzakirələr
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının
gələcək inkişafı üçün möhkəm
əsas yaradır”.
Bu il ticarət
dövriyyəsi 3 milyard dollara çatacaq
Cənab İlham Əliyevin ötən ilin
sentyabrında Rusiyaya rəsmi səfəri çərçivəsində
imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının
başlıca istiqamətlərinin inkişafı üzrə
2024-cü ilədək Fəaliyyət Planında əks olunan
5 yol xəritəsi iqtisadi əlaqələrimizin genişlənməsinin
mühüm istiqamətlərini müəyyən edir.
Nazir Şahin Mustafayev də qeyd edir ki, bu yol xəritələri
ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə
istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması
üzrə qarşılıqlı fəaliyyəti və
humanitar sahədə əməkdaşlığı nəzərdə
tutur. Yol xəritələrində ticarət əməkdaşlığının
daha da dərinləşməsi məsələlərinə
xüsusi yer ayrılır. Bununla
yanaşı, Azərbaycan və Rusiya arasındakı sərbəst
ticarət haqqında saziş ticarət əməkdaşlığının
daha da genişləndirilməsi üçün əlverişli
imkanlar yaradır.
Məhz
bunun nəticəsidir ki, ötən il iki
ölkənin ticarət dövriyyəsi 20 faiz, bu ilin
yanvar-avqust aylarında isə 24 faiz artıb. Ticarətin həcmi
2,5 milyard dollar təşkil edib və bu
sahədə həyata keçirilən ardıcıl, sistemli
tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət
dövriyyəsinin 3 milyard dollara çatacağını
söyləməyə tam əsas yaradır.
Bütün bunlarla yanaşı, ölkəmizdə
Rusiya ilə birgə layihələr
reallaşdırılır. "SOCAR Polymer” layihəsi,
Pirallahı Sənaye Parkında əczaçılıq
müəssisəsinin yaradılması, Gəncə Avtomobil
Zavodunun Rusiyanın "KamAZ” və "Ural” zavodları ilə
əməkdaşlığı, "Azərmaş” və
"QAZ” şirkətləri arasında birgə layihələr,
helikopterlərin təmiri və texniki xidmət mərkəzinin,
Hacıqabulda izolyasiya materialları istehsalının təşkili
layihələri Azərbaycan-Rusiya sənaye-investisiya əməkdaşlığının
önəmli nümunələridir. İki
ölkə arasında ölkəmizdə kənd təsərrüfatı
texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin
və digər sənaye məhsullarının
istehsalının təşkili barədə də
razılıq əldə edilib.
Eyni zamanda Azərbaycanla Rusiya arasında ticarətin
müsbət artım templərini daha da gücləndirmək
məqsədilə tədbirlər davam etdirilir. Rusiyada Azərbaycanın
Ticarət Nümayəndəliyi, Həştərxan şəhərində
Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində
Azərbaycan "Şərab Evi” fəaliyyət göstərir
və iş adamları arasında birbaşa ticarət əlaqələrinin
genişlənməsinə töhfə verir. Həmçinin
Moskva şəhərində Azərbaycan məhsullarının
geniş çeşiddə təqdim olunduğu "Azərbaycan
nemətləri” mağazası açılıb. Rusiyanın digər şəhərlərində də
bu cür mağazaların açılması istiqamətində
işlər aparılır.
İki
ölkənin iş adamları arasında biznes forumları,
işgüzar görüşlər keçirilir, Rusiyaya ixrac
missiyaları təşkil olunur, Azərbaycan məhsulları
bu ölkədə keçirilən beynəlxalq sərgilərdə
nümayiş etdirilir. Artıq Azərbaycan məhsulları
Rusiyanın iri mağazalar şəbəkələrində
satılır və daha geniş istehlakçı dairəsinə
təqdim edilir.
Bir sözlə, Azərbaycan ilə Rusiya arasında ticarətin
yüksək templərlə artması strateji əməkdaşlığın
mühüm göstəricisi olmaqla, cənab İlham
Əliyevin xarici iqtisadi əlaqələrin genişləndirilməsi,
qeyri-neft ixracının stimullaşdırılması istiqamətində
qəbul etdiyi mühüm qərarların, görülən
sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir.
Müstəqil
xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan
Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban
dost, qonşu hesab edir.
Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan
müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq
əlaqələrinin qurulmasına, transmilli layihələrin
reallaşdırıcısıtək qlobal təhlükəsizlik
məsələlərinə öz töhfəsini verən fəal
aktor və regional güc kimi qəbul edilməkdədir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 1; 2.