Azərbaycan
tarixçiləri Bolqarıstanda beynəlxalq konfransda
iştirak ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Yambol şəhərində keçirilən "Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə elmi müəssisənin əməkdaşları - "Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri Allahverdi Əlimirzəyev və böyük elmi işçi Ramin Əlizadə daxil olublar.
Tarixçi alimlərimizin bu konfransda iştirakı erməni millətçilərinin və Qriqoriyan kilsəsinin nümayəndələrinin fəallaşması ilə əlaqədardır. Onlar iddia edirlər ki, guya Bakı da onların şəhəri olub və "Albanopol” adlanıb. Bununla əlaqədar olaraq, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova AMEA-nın prezidenti, akademik Akif Əlizadədən ölkəmizdən olan nümayəndələrin bu konfransa göndərilməsini və Azərbaycan-Alban kilsəsinin tarixi barədə ilk mənbələrlə konfrans iştirakçılarının məlumatlandırılmasını xahiş edib. Akif Əlizadə Yaqub Mahmudovun bu sahənin mütəxəssisləri ilə bərabər Yambol şəhərinə ezam olunmaları barədə sərəncam verib.
Aqatapolis yepiskopu Yeroteyin xeyir-duası ilə öz işinə başlayan konfransda Bolqarıstan alimləri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Serbiya, Rumıniya, Xorvatiya, Ukrayna və digər ölkələrdən olan tədqiqatçılar da iştirak ediblər.
Konfransın açılışında Yambol şəhərinin meri və bələdiyyə başçısının çıxışlarından sonra söz Yaqub Mahmudova verilib. O, konfrans iştirakçılarını xarici qonaqlar adından salamlayaraq bildirib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir: "Azərbaycan-Alban kilsəsi bütün Qafqazın ilk xristian kilsəsidir. Hazırda Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir və onların hüquqları konstitusiya ilə qorunur”.
Yaqub Mahmudov çıxışında qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir çox ölkələrin ali dini orden və medalları ilə təltif olunublar. Akademikin çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və yepiskop Yerotey ona minnətdarlıq edib.
Tədbirdə Yaqub Mahmudov "Qədim Alban kilsəsi və onun faciəli tarixi” mövzusunda geniş məruzə ilə də çıxış edib. O bildirib ki, Alban kilsəsinin faciəli tarixi onun 1836-cı ildə çar Rusiyası tərəfindən ləğv edilməsi və erməni-qriqoriyan kilsəsinin təcavüzkar fəaliyyəti ilə bağlı olub: "Erməni-qriqoriyan kilsəsi Alban kilsəsinin tarixini saxtalaşdırmış, kitabxanalarını məhv etmiş, diofizit albanların qriqoriyanlaşdırılması və erməniləşdirilməsi siyasətini yeritmişdir. Daha sonra qədim albanların yaşadıqları bütün torpaqlarla bağlı Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürülüb. Və bununla əslində müasir dövrdə Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükə olan Dağlıq Qarabağ münaqişəsinin əsası qoyulub”.
Akademikin məruzəsi zamanı konfrans iştirakçılarına tarixi sənədlər, ermənilər tərəfindən dağıdılmış dini abidələrimizin, məscidlərimizin tövləyə çevrilməsini, qədim Azərbaycan şəhəri olan İrəvanda erməni vandalları tərəfindən dağıdılmış məscidləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda onun məruzəsi, Allahverdi Əlimirzəyev və Ramin Əlizadənin ilk mənbələr əsasında hazırladıqları "Azərbaycanda xristianlığın erkən tarixi (I-VII əsrlər)” adlı məqalə çoxaldılaraq konfrans iştirakçılarına paylanılıb. Tarix İnstitutunun Alban kilsəsinin tarixini və Azərbaycanın dini abidələrinə qarşı erməni vandallarının törətdiyi vəhşilikləri özündə əks etdirən nəşrləri də tədbirdəki alimlərə təqdim olunub.
Beynəlxalq konfransda Azərbaycan
nümayəndə heyətinin uğurlu
iştirakının təmin olunması üçün
ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova lazımi dəstək göstərib.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 5.