Hər məktəbin öz “forması”, öz bazarı var...

 

Artıq yeni tədris ilinə start verilib, bilik günü qeyd edilib, ümumtəhsil məktəblərində al-əlvan geyimli şagirdlər elmin sirlərinə vaqif olma yolunda addımlamağa başlayıblar. Təhsil millətin gələcəyidir və sadalananların kontekstində də, demək olar ki, bütün bunlar ürəkaçan və sevindirici məqamlardır.

Lakin üzərində duracağımız, vurğu qoyacağımız məsələ məhz bu al-əlvan geyimlərlə bağlıdır. Baxmayaraq ki, neçə illərdir ölkəmizdə "vahid məktəbli forması” tətbiq olunur. Yəni vahid məktəbli forması ifadəsi bütün dövlət ümumtəhsil məktəblərində müəyyən olunan modeldə, rəngdə, materialda, tikilişdə, qiymətdə olan geyimlərdən istifadə olunmasını özündə ehtiva edir. Bununla belə hazırkı tədris ili də daxil olmaqla, neçə illərdir ki, məktəblərdə "vahid məktəbli geyimi” sadəcə ifadə kimi işlədilir, öz həqiqi funksiyasını yerinə yetirmir. Hər məktəbin özünün istədiyi formada, rəngdə, qiymətdə olan geyimləri var.

 

Bəs zorla satılan BTE-nin paltarları?

 

Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir.

Qərardan da aydın görünür ki, əslində ölkənin ümumtəhsil məktəblərində vahid məktəbli forması heç zaman olmayıb və indi də yoxdur. Sual olunur, bəs, o zaman Bakı Tikiş Evinin hazırladığı məktəbli formaları niyə zorla məktəblərdə satılırdı? Niyə valideynlərə onu almaq, şagirdlərə isə geyinmək məcbur edilirdi? O da bir ayrı məsələdir ki, baha qiymətə keyfiyyətsiz parçadan hazırlanmış, bərbad tikilişli paltarlardan söhbət gedir. Vahid forma tətbiqinə başlanılan ilk zamanlarda bütün məktəblərdə tələb edilirdi ki, şagirdlərin geyimləri məhz Bakı Tikiş Evinə məxsus olsun. Buna ciddi nəzarət vardı və hətta BTE-nin geyimlərində olmayan şagirdlər dərslərə buraxılmır, valideynləri iclaslara çağırılırdı, danlanırdı...

Məktəb direktorları, sinif rəhbərləri cidd-cəhdlə bu məsələnin tənzimlənməsi istiqamətində "səylə” çalışır, həmçinin adıçəkilən tikiş evinə məxsus olmayan və özlərinin iddia etdyi kimi "saxta” emblemli paltar satanlara və alanlara qarşı mübarizə aparırdılar.

5-6 il öncə isə mənzərə dəyişdi. Müəyyən məktəblər yenə də BTE-nin paltarlarından istifadə etsə də, bir çox orta tədris müəssisəsi özlərinin təyin etdiyi geyim tərzinə uyğun məktəbli formalarına keçdilər. Bu, "məktəbli geyiminə” istədikləri qiyməti qoydular ki, bu da kifayət qədər yüksəkdir.

İndi hər məktəbin özünəməxsus geyimini satmaq üçün xüsusi mağazalar fəaliyyət göstərir. Övladı belə məktəblərdə təhsil alan valideynlər bu ünvanlardan hər məktəbli üçün 100 manatdan artıq xərc çəkərək geyim alırlar. Problem bununla da bitmir. Çünki vaxtaşırı bu formaların modeli, rəngi dəyişdirilir. Tutaq ki, builki ətəyin rəngi mavi olubsa, gələn il onun rəngini yaşıla dəyişib valideynləri həmin geyimi almağa məcbur edirlər. Belədə isə əgər bu il alınan forma növbəti il məktəblinin əyninə olsa belə, yenisini almağa məcburdur. İki, yaxud üç övladı məktəbə yollanan valideynlərin hər il təkcə məktəbli geyiminə bu qədər xərc çəkməsi isə, təbii ki, haqlı narazılıqlar doğurur.

Belə demək mümkündürsə, həmin məktəblərin direktorları şagirdlərin geyimi üzərində açıq bazar qurublar...

 

Vahid formanın mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir

 

Yuxarıda da qeyd olunduğu kimi, ilk təşəbbüs kimi vahid məktəbli formasının tətbiqi özünü doğrultmadı. Bəlkə obyektiv, bəlkə də daha çox subyektiv səbəblər üzündən...

Və həmin səbəblər üzündən yenidən bu məsələnin lazımi qaydada tənzimlənməsi və tətbiqinin vacibliyi gündəmə gəlib.

Təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, "vahid məktəbli forması” sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz dövrdə də. Belə bir məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan "Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini tapıb. Komitənin sədri İsa Həbibbəyli hətta bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət hesabına verilə biləcəyini də dilə gətirib. Xatırlatmaq yerinə düşər ki, Lidiya Rəsulovanın təhsil naziri (1993-1997-ci illər) olduğu dövrdə məktəbli geyiminə aydınlıq gətirmək məqsədilə üst açıq rəngli, alt tünd formanı əks etdirən əmr verilmişdi. Bu, o anlama gəlirdi ki, oğlanlar məktəbə açıq rəngli köynəklərdə, tünd rəngli şalvarlarda, qızlar isə açıq rəngli kofta və tünd rəngli yubkalarda gəlməlidirlər: "Sonrakı dövrdə də vahid məktəbli formasına keçidlə bağli əmr imzalandı. Amma əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, başladılar özfəaliyyətə. Bəzi elit məktəblər, hansı ki, şagirdlərinin əksəriyyəti imkanlı ailələrin övladları idi, özləri üçün xüsusi, yəni digər məktəblərdən seçilən forma tikdirməyə başladılar. Hərə bir rəng, bir element seçdi. Bakı Tikiş Evinin geyimlərini bəyənməyənlər Türkiyədən parça sifariş etdilər, gizli sexlər məktəbli forması tikməyə başladılar, beləliklə mənşəyi bəlli olmayan saxta formalar dövriyyəyə yol açdı”.

Ekspert bildirir ki, vahid məktəbli formasının mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, hansısa şagirdin geyimi onun geyimindən bahalıdır, burada sosial ədalətdən danışmaq olmaz. Belə hallar uşaqlara mənfi təsir göstərir və əskiklik kompleksi yaradır. Buna görə də məsələyə yenidən baxılması zəruriliyi ortaya çıxdı ki, bu da nəinki lazımdır, hətta vacibdir: "Ümid edək ki, məktəbli forması ilə bağlı əvvəlki illərdə yaranan narahatçılıqlar və yol verilən yanlışlıqlar aradan qaldırılacaq”.

 

"Geyimlərin tikilməsi ilə BTE məşğul olmamalıdır”

 

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır.

K.Əsədovun fikrincə, bütün məktəblər eyni məktəbli formasından istifadə etməyə bilər: "Hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib 4-5 layihədən istədikləri dizaynda şagird forması müəyyən edə bilərlər. Burada vacib məqam odur ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra həyata keçirilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz”.

Təhsil ekspertinin sözlərinə görə, vahid məktəbli forması ilə bağlı rayonlarda müəyyən çatışmazlıqlar var ki, bu da hava şəraiti ilə bağlıdır, xüsusilə qış fəslində. Valideynlər bildirir ki, məktəbli formaları nazik olduğu üçün soyuq havalarda uşaqlar üşüyür, onlara soyuq dəyir: "Məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz. Digər tərəfdən isə geyimlərin tikilməsi ilə BTE məşğul olmamalıdır. Bu, keyfiyyətə ciddi təsir görtərə və rəqabət mühitini aşağı sala bilər. Ona görə də Təhsil Nazirliyi 4-5 eskizi məyyən edib ictimaiyyətə təqdim etməli və məktəblərə göndərməlidir. Onun standartlara uyğun olaraq tikilməsini valideyinlər özləri fərdi qaydada, ya kollektiv şəkildə, ya da ki, məktəblə birlikdə həyata keçirməlidirlər”.

 

 

"Ziyanın yarısından qayıtmaq da qazancdır”

 

Milli Məclisdə vahid məktəbli geyimi ilə bağlı "Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən 2020-2021-ci tədris ilindən bütün orta məktəblərdə vahid məktəbli forması tətbiq ediləcək.

Amma həyata keçiriləcək adıçəkilən yeniliklə bağlı müəyyən suallar qaranlıq qalır. Məsələn, niyə bu zamana qədər vahid məktəbli forması ilə bağlı məsələ nəzarətsiz qalıb və bu məsələ tənzimlənməyib, standartlar, normativlər müəyyənləşməyib? Neçə illər ərzində tətbiq olunan uğursuz vahid məktəbli forması təcrübəsinin təkrarlanmaması üçün indi bu prosesə nəzarəti kim həyata keçirəcək: Təhsil Nazirliyi, yoxsa başqa bir qurum?

Satışa çıxarılan formaların qiyməti kim tərəfindən müəyyənləşdiriləcək? Məktəb direktorları yenə də geyimlərin qiyməti, haradan alınması ilə bağlı məsələyə qarışa, tələb qoya biləcəklərmi? Təəssüf ki, müvafiq suallarla bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğu cavabsız qaldı.

Onu da əlavə edək ki, bu il övladlarına məktəbli geyimi alan valideynlər, gələn il yenidən məktəbli forması almalı olacaqlar, yəni bir daha xərcə düşəcəklər...

Təsəlli isə odur ki, ziyanın yarısından qayıtmaq da qazancdır, Ümid edək ki, bu dəfə vahid məktəbli forması həqiqətən də adında ehtiva olunan "vahid” sözünə uyğun tətbiq ediləcək. Direktorların gəlir mənbəyinə çevrilməyəcək, valideynlərin meyarlarına, büdcələrinə, şagirdlərin də rahatlığına və zövqünə uyğun olacaq...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 8 oktyabr.-  S. 6.