Qobu qəsəbəsində
yeni bir şəhər yaradılıb
Prezident İlham
Əliyev məcburi köçkünlər üçün
salınmış "Qobu Park-2” yaşayış kompleksinin
açılışında iştirak edib
Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və "Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdilər.
Bildirildi ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.
Kompleksin ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olundu ki, təhsil ocağı 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. İndiyədək istifadəyə verilən bu cür şəhərciklərdə məcburi köçkün uşaqların təhsilini normal təmin etmək üçün müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsilin yüksək səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını möhkəmləndirir.
"Qobu Park-2” yaşayış kompleksinin ərazisində uşaq bağçası da fəaliyyət göstərəcək. Bağça ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var.
Bu bağçanın timsalında da aydın görmək olur ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyüməsi üçün dövlət səviyyəsində olduqca əhəmiyyətli layihələr icra olunur. Ölkəmizdə müasir səviyyədə uşaq bağçaları, körpələr evlərinin yaradılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin də mühüm əhəmiyyəti var.
Sonra yaşayış komplekslərinin maketləri ilə tanışlıq oldu. Bildirildi ki, təməli ötən ilin sentyabrında qoyulan "Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Sifarişçisi "Paşa Holding”, podratçısı isə "Kristal Abşeron” MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən "Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda "Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Qobu Park-2” yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd olundu ki, kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.
Sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Bildirildi ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət etdilər.
Prezident İlham ƏLİYEV:Bu gün sizin həyatınızda
çox əlamətdar bir gündür. Siz yeni mənzilə
köçürsünüz. Bu münasibətlə sizi və
digər bacı-qardaşlarımızı təbrik edirəm.
Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi
çox gözəl, əlamətdar hadisədir. Burada 1300
köçkün ailəsi ən müasir şəraitdə
yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur
yaradılıb, bütün təchizat təşkil olunub -
qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə
bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki,
ölkəmiqyaslı bir hadisədir.
"Qobu-1” yaşayış kompleksi keçən il istifadəyə verilmişdir və biz açılışda iştirak etmişdik. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və "Qobu-3” yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi – yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, – yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, – onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik.
Ancaq əlbəttə ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu uzun illər Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır.
Bu gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. "Qobu-1”, "Qobu-2” və bu gün tikilməkdə olan "Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir.
Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm.
Fəridə Cabbarovanın qardaşı Elxan QASIMOV:Çox sağ olun.
Prezident İlham ƏLİYEV:Siz bu günə qədər harada yaşayırdınız?
Elxan QASIMOV: Lökbatan qəsəbəsində.
Prezident İlham ƏLİYEV:Kirayədə?
Elxan QASIMOV:Xeyr, müvəqqəti verilmiş fin evlərdə.
Prezident İlham ƏLİYEV:O evlər nə vaxt tikilmişdi – bəlkə də 50-60 il bundan əvvəl. Onlar indi söküldü?
Rövşən RZAYEV:Bəli, qamış evlərdə yaşayanların hamısı "Qobu Park-1”ə köçürüldü. Mən məruzə etmişdim. Mehriban xanımın tapşırığı var idi, ən çətin vəziyyətdə, zirzəmilərdə, həm də qamış evlərdə yaşayanların hamısı son nəfərə qədər köçürüldü və indi "Qobu Park-1”də yaşayırlar.
Prezident
İlham ƏLİYEV: Bu problemi mən çoxdan bilirəm. Çünki mən ilk dəfə Qaradağ
rayonundan deputat seçilmişdim. Hələ
o vaxt mənim təşəbbüsümlə "Ümid” qəsəbəsi
salındı. Mən o vaxt millət vəkili
idim. "Ümid” qəsəbəsində
təqribən, 300 mənzil inşa etmişdik. Sonra növbəti mərhələdə daha da
genişləndi.
Rövşən
RZAYEV:İndi orada 500 mənzil var.
Prezident
İlham ƏLİYEV:Eyni zamanda,
Lökbatan qəsəbəsində mənim təşəbbüsümlə
bir beşmərtəbəli bina da tikilmişdi və o
binanın açılışına ulu öndər Heydər
Əliyev də gəlmişdi. O vaxt bu, bir yenilik idi. Çünki dövlətin o qədər də
böyük vəsaiti yox idi. Ona görə
o vaxt mən təşəbbüs göstərmişdim, bu təşəbbüsə
qoşulanlar da oldu, bu addımları atdıq. Yadımdadır, o qamış evlər həmişə
narahatlıq yaradırdı. Çünki
onlar vaxtilə müvəqqəti tikilmişdi və
yaşamaq üçün tamamilə yararsız idi.
Rövşən
RZAYEV:Mehriban xanımın
tapşırığı ilə mən orada olmuşdum və
bütün şəkilləri təqdim etmişdim. İndi onlar "Qobu Park-1”də yaşayırlar.
Bütün ailələr hər zaman təşəkkürlərini
bildirirlər.
Fəridə
CABBAROVA:Cənab Prezident, Sizi xoş
gördük. Siz bilirsiniz ki, bütün şəhid ailələri,
Qarabağ müharibəsi əlilləri, məcburi
köçkünlər, o cümlədən bütün Azərbaycan
vətəndaşları Sizi çox istəyir, Sizin fəaliyyətinizə çox
böyük dəyər verirlər. Mən
yuxumda belə görməzdim ki, Sizinlə, Mehriban xanımla
görüşərəm, bir süfrə arxasında əyləşərəm.
Bu gün mənim üçün ikiqat bayramdır ki, həm
bizə ev verildi, həm də Sizinlə -
Ali Baş Komandanımızla bir çay süfrəsi
arxasında əyləşmişik. Sizə
böyük təşəkkür edirik.
Siz bizim qürur yerimizsiniz. Sizin cəsarətiniz
danılmazdır. Bu yaxınlarda beynəlxalq
tədbirdə Dağlıq Qarabağ haqqında cəsarətlə
dediyiniz sözlərə görə, Sizinlə fəxr edirik.
Qürur duyuruq ki, bizim arxamızda Sizin kimi dəyərli
Vətən oğlumuz, qardaşımız var.
Sizə bütün qaçqınlar, məcburi
köçkünlər, şəhid ailələri
adından böyük təşəkkür edirik. Sizin daimi diqqətiniz
şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin
üzərindədir. Bunu heç kim
dana bilməz. Bunu danmaq üçün gərək
kar, kor olasan ki, bu gözəllikləri, bu diqqəti hiss etməyəsən.
Özüm haqqında deyim ki, biz əslən
laçınlıyıq. Faciədən doqquz ay
öncə Xocalı şəhərinə
köçmüşdük. Yoldaşım təhsilli
idi, o vaxt Xocalı gözəlləşir demişdilər,
ora iş üçün getmişdi. Bir aydan sonra dedi, mən
utanaram xocalılılardan ki, burada vəzifə axtarım. Mən hərbçi olacağam. Həmin gün Xocalı özünümüdafiə
batalyonuna yazıldı və son damla qanına qədər
döyüşdü. Övladlarımız
Nicat doqquz aylıq idi, Fuad isə iki yaşında.
Yoldaşım dedi ki, "Fəridə, səni qohumlarım
çıxaracaq. Mən arxada döyüş
yoldaşlarımın üzünə baxa bilmərəm, bir
kişi kimi başımı qaldıra bilmərəm”.
O gündən
də Vətəni üçün getdi, heç məzarı
da yoxdur. Övladlarım atalarına layiq böyüdülər,
təhsil alıb, hərbi xidmətlərini kişi
kimi başa vurub, çavuş rütbəsi ilə gəldilər.
Hər ikisinə təhsil vermişəm, Fuad
ixtisasca qarmon müəllimidir, Nicat universitet bitirib. Aprel döyüşlərində mən gecə saat
4-də bildim ki, hər iki övladım eyni döyüş
bölgəsindədir. Mənə demədən
bir-birinə məsləhət ediblər. Fuad
deyib, "Nicat, sən subaysan, sən getmə, anamı, ailəmi
saxla, mən gedim”. Nicat da deyib ki, "Yox,
Fuad, sən anaya, ailə-uşağa bax, mən gedim”. Yəni, mən fəxr edirəm ki, onları
atalarına layiq böyüdə bilmişəm. Nəinki mənim oğlanlarım, şükür
Allaha ki, bütün şəhid övladları layiqli vətənpərvər
oğullardırlar. İnşallah torpaqlarımız
sülh yolu ilə alınsın, amma belə olmasa, onların
hər biri Sizin əmrinizlə
torpaqlarımızı azad etməyə hazırdır.
Çox sevindim. Bugünkü sevincimi bəlkə də
27 ildə yaşamamışdım. Bəlkə
də mənim gözlərim sevincdən bu günə qədər
dolmamışdı. Allah Sizdən razı
olsun.
Prezident
İlham ƏLİYEV:Çox sağ olun.
Gözəl övladlar böyütmüsünüz, onlar Vətən
uğrunda vuruşmağa hər an
hazırdırlar. Azərbaycan gənclərinin
mütləq əksəriyyəti vətənpərvərlik
ruhunda tərbiyə alır, Vətənə
bağlıdır və Vətən üçün hər
bir addım atmağa hazırdırlar.
O ki
qaldı, şəhid ailələrinin sosial müdafiəsinə,
bu, daim diqqət mərkəzindədir. Şəhid
ailələri üçün həm maddi təminat təşkil
edilib, eyni zamanda, onlara mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən
mənzillə təmin edilib. Qarabağ döyüşlərində
fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə
avtomobil verilib. Mən deyə bilərəm ki,
Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən
göstərilən qayğı doğrudan da bir örnəkdir.
Çünki bu gün biz də, siz də
bütün dünyada gedən prosesləri izləyirik,
görürük ki, müxtəlif ölkələrdə
qaçqınlar böhranı yaşanır, o cümlədən
Avropada və o qaçqınlar hansı vəziyyətdə
yaşayırlar. Onların bir çoxu dənizdə
batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs
içində saxlanılır. Onlara
qeyri-insani münasibət göstərilir, şəxsiyyəti
alçaldılır və bir çoxları tamamilə
yararsız yerlərdə yaşayır. Televizorda
bunu görürük. Mən 2003-cü ildə
bəyan etmişdim ki, prezident seçilərəmsə, ilk
növbədə, qaçqın şəhərciklərini ləğv
edəcəyəm. Çünki tamamilə
bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi
imkanlarımız yox idi ki, bunu edək. Ona
görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə
də qalmadı. Ondan sonra keçdik
yataqxanalara, məktəblərə, uyğunsuz binalarda
yaşayan soydaşlarımızın problemlərinin həllinə.
İndi hər il bu məqsədlə ancaq
tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam
etdiriləcək. Biz hamımız əminik
ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcəkdir. Bizim gücümüz də
artır, əhalimiz də artır. Bu il
10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək, əhalimiz daha da
artacaq, gücümüz daha da artacaq və istədiyimizə
nail olacağıq.
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq
işimizi mən bütün kürsülərdə arqumentlərlə,
tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında
müdafiə edirəm və bu arqumentlərə qarşı
hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki
mən həqiqəti deyirəm və bunu elə kürsülərdən
deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə
yığılmış bir neçə adamın
qarşısında o cəfəng sözləri demişdir.
Mən başqa bir beynəlxalq tədbirdə
ona cavab verə bilərdim. Amma o tədbirin
auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər
olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs
eşitsin – canlı efirdə, Rusiyada, mötəbər
"Valday” Klubunun panelində dedim və bunu bütün
dünya eşitdi. Yəni, sizə deyim ki, əgər
işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr
də dəqiq olur. Elə zərbə
vuruldu ki, o zərbədən çətin ki,
ayılsınlar. Çünki kontrarqument
yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə
bağlı məlumat olmayan dövrdə, əlbəttə,
bütün yalanları yayırdılar. Hər
bir ölkədə onların diaspor təşkilatları var
idi, bizim isə heç nəyimiz yox idi. Ona görə
münaqişə ilə bağlı təhrif edilmiş
faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail
olmuşlar ki, onlara inansınlar. Bu gün biz
informasiya dövründə, internet dövründə yaşayırıq.
Həqiqət var və bunu mən
çatdırmışam. Hər kəs
bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan
torpağıdır, beynəlxalq hüquq tərəfindən
tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır
və nida işarəsi, vəssalam.
Fəridə
CABBAROVA:Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid
ailələrinə birdəfəlik 11 min manat
yardımınız demək olar, subay olan bir çox şəhid
övladlarına dəstək oldu. İnşallah,
bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib,
xeyir-dua verəsiniz.
Prezident
İlham ƏLİYEV: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.
Birinci
xanım Mehriban ƏLİYEVA: Artıq bilirsiniz nə zaman
olacaq?
Prezident
İlham ƏLİYEV:Tarixi məlumdur?
Fəridə
CABBAROVA:Bəli, deyərik.
Prezident
İlham ƏLİYEV:Mehriban xanıma deyərsiniz,
məmnuniyyətlə gələrik.
Birinci xanım
Mehriban ƏLİYEVA:Böyük məmnuniyyətlə
gəlib iştirak edərəm.
Prezident
İlham ƏLİYEV:Bilirsiniz ki, Mehriban
xanım da bu məsələ ilə çox ciddi məşğuldur.
Onun yeni fəaliyyət dövründəki ilk tədbiri
məhz məcburi köçkünlərin problemlərinə
həsr edilmişdir. Bu məsələni
daim diqqətdə saxlayır və bu şəhərciklərin
ərsəyə gəlməsində də onun böyük əməyi
vardır.
Fəridə
CABBAROVA:Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya
gəlmişdi. Hətta onu o qədər öpdülər
ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər
səbri var. Çox sağ olsun, Mehriban xanımın da
gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana
çox görməsin. Həmişə
Sizi bir yerdə görək, ölkəmizin başında
olasınız və xalqımız Sizinlə daim fəxr
etsin, qürurlansın.
Prezident
İlham ƏLİYEV:Çox sağ olun,
təşəkkür edirəm.
Elxan
QASIMOV:Yeni evimizdə ilk qonaq Siz
olduğunuz üçün çox sağ olun. Sizin sözləriniz bizə ruh verir. Biz Sizin rəhbərliyinizlə
Qarabağı azad edəcəyik, səhhətimdə problem
olsa da, Sizin hər bir əmrinizə
hazıram. Sağ olun.
Fəridə
Cabbarovanın nəvəsi:Doroqoy Prezident,
ya vas uvajayu i vas lyublyu.
Fəridə
CABBAROVA:Birinci sinfə gedir, rus dilində
oxuyur.
Prezident
İlham ƏLİYEV: Çox gözəl. Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 1; 2.