Siyasətdə
varislik: Azərbaycanın taleyini və simasını dəyişən
26 il
İyirmi altı il əvvəlki mənzərə: xaos və anarxiya, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, qeyri-sabitlik və ümidsizlik…
Bu günümüzün mənzərəsi: dəqiq işləyən dövlət və idarəçilik mexanizmi, dinamik sosial-iqtisadi inkişaf, xalq-iqtidar birliyi, möhkəm sabitlik və sabaha inam...
Ötən 26 ildə haradan haraya gəlib
çıxdıq: Hazırda dünyada Azərbaycan qədər
inkişaf edən ikinci ölkə yoxdur
Təbiətin fəsilləri – qışı, baharı var. Ölkələr, xalqlar da öz həyatında qışı və baharı xatırladan mərhələlərlə qarşılaşır. 1993-cü ilin isti yayında Azərbaycan öz tarixinin soyuq qışını yaşayırdı. Dövlət müstəqilliyini iki il əvvəl bərpa edən ölkədəki mənzərəni qeydlərimizin ilk cümləsində müxtəsər təsvir etməyə çalışmışıq. Təfərrüata gəlincə, zənnimcə, buna ehtiyac duyulmur. Sadəcə, həmin qorxulu günlərin şahidlərinin yaddaşlarını təzələməsi kifayət edər.
Azərbaycan xalqının bəxti onda gətirmişdi
ki, onun Heydər Əliyev kimi böyük oğlu vardı. Həmin
taleyüklü anlarda xalq müdriklik göstərərək
öz dahi oğlunu siyasi hakimiyyətə dəvət etdi.
Bununla da qışdan bahara keçid dövrü
başladı, öləzimiş ümidlər göyərdi.
1993-cü il oktyabrın 3-də prezident seçilən, bundan bir həftə sonra Vətənə, xalqa və dövlətçiliyə sədaqət andı içərək öz səlahiyyətlərinin icrasına başlayan Ulu Öndər min bir əziyyətə qatlaşaraq çətin maneələri dəf edə bildi. Məğlubedilməz Heydər Əliyev öz dəmir iradəsi, qətiyyəti, müdrikliyi və fitri idarəetmə istedadı sayəsində Azərbaycanı təlatümlü dənizdən sakit limana gətirib çıxara bildi. Quruculuq işləri üçün vacib şərt olan sabitlik təmin edildi.
2003-cü il. Azərbaycan xalqı növbəti dəfə müdriklik göstərərək Ulu Öndərin layiqli varisi İlham Əliyevi öz lideri seçdi və bununla da ölkə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bəyan etdi ki, Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedəcək, çünki bu yolun alternativi yoxdur. Tanınmaz dərəcədə dəyişən, müasirləşən dünyaya öz brendlərini təqdim edən, təhlükəsizlik adası kimi tanınan Azərbaycan siyasi varisliyin təntənəsinə ən gözəl nümunə kimi göz qabağındadır. Son 26 ildə Azərbaycanın haradan haraya gəlib çıxdığının canlı şahidlərindən biri kimi bununla bağlı düşüncələrimi paylaşmaq, yaddaşları təzələmək istərdim. Söhbətim hər ayı, hər ili bir dastan olan Azərbaycan baharının ən çox diqqət çəkən anları haqqındadır.
Heydər
Əliyev Azərbaycana Günəş kimi doğdu
Ovaxtkı Azərbaycan sözün həm məcazi, həm də müstəqim mənasında qaranlıq dünyanı xatırladırdı. Axşamlar çox yerdə yalnız bir neçə saat işıq yanır, gecə vaxtı bütöv şəhərlər, kəndlər zülmətə qərq olurdu.
Qaz yox, su yox… Fabriklər, zavodlar işləmirdi. Dördrəqəmli inflyasiya əhalini bir günün içində var-yoxdan edirdi.
Dövlət xəzinəsi boşalmışdı. Bir tərəfdən də müharibə, separatçılıq, vətəndaş qarşıdurması.
Belə bir çətin, mürəkkəb vaxtda Heydər Əliyev Azərbaycana Günəş kimi doğdu. O, hakimiyyətə gəlişi ilə ölkəyə bir bahar havası, bir hərarət, bir işıq gətirdi.
Bəlkə də tale qisməti idi ki, Ulu Öndərin 1993-cü il iyunun 11-də Elmlər Akademiyasında bir qrup ziyalı və xarici ölkə səfirləri ilə keçirdiyi ilk görüşlərdə AZƏRTAC-ın müxbiri kimi mən də iştirak edirdim. Həmin vaxtdan başlayaraq Heydər Əliyevin keçirdiyi bütün görüş və tədbirləri, habelə xarici səfərlərini işıqlandırmaq mənə həvalə olundu. Jurnalistlik fəaliyyətimin həmin dövrü həyatımın ən unudulmaz illəri olmaqla yanaşı, bu dahi şəxsiyyətin əzəmətini, Vətəni və xalqı naminə gördüyü misilsiz işləri yaxından müşahidə etmək imkanı da yaratdı.
Yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Prezident kimi ilk andiçmə mərasimində ölkədə yaranmış ağır vəziyyətdən ürəkağrısı ilə danışaraq deyirdi: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”. Zaman bunun məhz belə olduğunu dönə-dönə təsdiqlədi.
Yazı üzərində işləyərkən, Ulu Öndərin hələ Ali Sovetin Sədri olarkən Rusiya qəzetlərindən birinə verdiyi müsahibəyə rast gəldim. Heydər Əliyev arzularla bağlı sualı cavablandırarkən belə deyir: Gənclik illərində əsas arzum arxitektor olmaq idi. Həmin ixtisas üzrə hətta bir az oxumuşdum da. Lakin sonradan bu arzumdan əl çəkməli oldum. Hərçənd o, qəlbimdə qalır. Yeri gəlmişkən Azərbaycanın rəhbəri olarkən şəhərsalma sahəsində az iş görmədim.
Müxbirin daha bir sualı: Bəs
indi əsas arzunuz nədir?
Heydər
Əliyevin cavabı: Xalqım üçün firavanlıq və
əmin-amanlıqdan başqa arzum yoxdur. Bütün
varlığımı, bütün qüvvə və
bacarığımı bu amala həsr etmişəm.
Heydər Əliyev ixtisasca peşəkar arxitektor olmasa
da, Azərbaycanı, milli dövlətçiliyimizi mahir memar
kimi qurub-yaratdı. Xalqını firavanlıq və əmin-amanlığa
qovuşdurmaq üçün əlindən gələni etdi.
Onun siyasi varisi Prezident İlham Əliyev də
eyni amalla yaşayır. Azərbaycanı
Ulu Öndərin ideyalarının işığında daha
parlaq gələcəyə doğru aparır.
Xalq İlham Əliyevi öz lideri
seçməklə siyasətdə varisliyi dəstəklədi
Azərbaycan xalqı 2003-cü ilin oktyabrında daha bir
tarixi seçim etdi. Ulu Öndərin siyasi kursuna böyük inamdan
qaynaqlanan bu seçim nəticəsində hakimiyyət
sükanı arxasına seçicilərin 76,8
faizinin səsini qazanan, yeni əsrin yeni lideri olan Prezident
İlham Əliyev keçdi.
O vaxtdan
ötən 16 il ən yeni tariximizə həyatın
bütün sahələrində misilsiz irəliləyişlər,
köklü islahatlar dövrü kimi daxil olub. Azərbaycan
bu gün ictimai-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə
görə postsovet məkanında lider ölkədir. Bu dövr, eyni zamanda, makroiqtisadi sabitlik, iqtisadi
yüksəliş, sosial təminat dinamikası, dövlət
idarəçiliyinin səmərəliliyi və bu kimi digər
mühüm amillərlə də səciyyəvidir.
Prezident
İlham Əliyevin 16 il əvvəl –
2003-cü ilin oktyabrında andiçmə mərasimindəki
nitqinin tezislərini günümüzün real mənzərəsi
ilə müqayisə edin. Bu müqayisə heç bir şərhsiz
həyat həqiqətlərini, vədlə işin vəhdətini
ortaya qoyur:
-Azərbaycan
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
yolla gedəcək...
-Ulu
Öndərin neft strategiyası davam etdiriləcək, qısa
müddətdə ölkəmizi hərtərəfli
inkişaf etdirəcəyik...
-Ölkəmizdə
güclü ordu yaradılıb və bu proses davam edəcək...
-Mən Azərbaycanın xoşbəxt gələcəyinə
inanıram.
Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək,
daha da güclənəcək, müasir dövlətə
çevriləcək...
İndi qayıdıb günümüzə nəzər
salaq. Ölkəmizdə istisnasız olaraq bütün sahələr
inkişaf edib və etməkdədir. Neft
strategiyasının uğurla davam etdirilməsi sayəsində
Azərbaycan zəngin və qüdrətli dövlətə
çevrilib. Beynəlxalq reytinqlərə
əsasən, Azərbaycan Ordusu bu gün dünyanın ən
güclü orduları sırasında yer alır. Həyata keçirilən islahatların miqyasına
gəlincə, Dünya Bankının hesabatında Azərbaycan
dünyanın ən islahatçı 20 ölkəsi
sırasına daxil edilib.
Ölkədə həyata keçirilən layihələrin,
islahatların bir çoxunun təşəbbüskarı
Prezidentimizin özüdür. Dünyanın maraq
dairəsində olan "ASAN xidmət” onun ideyasıdır.
Xarizmatik, müasir düşüncəli lider olan,
vaxtında və düzgün qərarlar qəbul edən
Prezident İlham Əliyevin fəaliyyətində diqqət
çəkən məqamlardan biri sözlə işin vəhdətidir
və bunu təsdiqləyən yetərincə misal çəkmək
olar.
Bir
sözlə, son 16 il tariximizə möhtəşəm
zəfər salnaməsi kimi yazılıb. Bu
salnamədə Heydər Əliyev siyasətinin təntənəsi
olan digər mühüm hadisələr – "Yeni əsrin
müqaviləsi”nin imzalanması, Azərbaycanın dünyada
söz və nüfuz sahibinə çevrilməsi, bir-birinin
ardınca reallaşdırılan transmilli energetika və nəqliyyat
layihələri, orbitə üç süni peykin
buraxılması, söz və mətbuat
azadlığının təmin olunması xüsusi yer tutur.
Sonuncu
prezident seçkilərində İlham Əliyevin 86 faizdən
çox dəstək qazanması xalqın öz liderinə
böyük inamından xəbər verir.
"Əsrin müqaviləsi”ndən
"Yeni əsrin müqaviləsi”nə gedən yol
Ulu
Öndər ölkə iqtisadiyyatının dönüş
nöqtəsi olan "Əsrin müqaviləsi”nə, onun
siyasi varisi İlham Əliyev isə Azərbaycana daha
böyük dividendlər vəd edən "Yeni əsrin
müqaviləsi”nə imza atdı. Bu iki tarixi
hadisə arasında paralellər aparsaq, nəyi görə bilərik?
1994-cü ildə Azərbaycan çox riskli ölkə
sayılırdı. Xarici investorları Xəzərdəki
neft yataqlarına sərmayə yatırmağın hədər
olmadığına inandırmaq lazım gəlirdi. Bu işdə Heydər Əliyev şəxsiyyətinə
inam və güvənc həlledici rol oynadı. İqtisadi və sosial inkişafın təməli məhz
"Əsrin müqaviləsi” ilə qoyuldu. Neft gəlirlərindən xalqın mənafeyi və
ölkəmizin gələcəyi naminə səmərəli
istifadə edilməsi məqsədilə Dövlət Neft
Fondu yaradıldı. Fonda yığılan
vəsait hesabına rahat və geniş yollar, körpülər
salındı, qaçqın və məcburi
köçkünlər üçün qəsəbələr
tikildi, əhalinin rifahına yönəlmiş digər tədbirləri
həyata keçirməyə imkan yarandı.
2017-ci il sentyabrın 14-də haqqında söhbət
gedən müqavilənin müddətinin 2050-ci ilə qədər
uzadılmasına dair kontrakt imzalandı. Artıq Azərbaycan
23 il əvvəlki Azərbaycan deyildi və
sabit ölkə, etibarlı tərəfdaş kimi
tanınırdı. Buna görə də müqavilə şərtlərini
bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişmək
mümkün oldu: SOCAR-ın "Azəri-Çıraq-Günəşli”
yataqlarındakı iştirak payı 11,65 faizdən 25 faizə
qaldırıldı, üstəlik, tərəfdaş şirkətlər
Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəmək
barədə öhdəlik götürdülər.
Bu məqamda
ulu öndər Heydər Əliyevin 26 il əvvəl
andiçmə mərasimində söylədiyi bir fikir yada
düşür. Ölkə iqtisadiyyatının tamamilə
dağıldığından, əhalinin vəziyyətinin
pisləşdiyindən danışan Heydər Əliyev
müdrikcəsinə deyirdi: Azərbaycanın coğrafi-siyasi
mövqeyi, təbii sərvətləri respublikanı bu
ağır böhrandan çıxarmağa imkan verir.
O vaxt
böyük uzaqgörənliklə müəyyənləşdirilən
neft strategiyası Prezident İlham Əliyevin siyasi iradəsi
sayəsində zamanın çağırışlarına
uyğun yeni məzmunla zənginləşərək
xalqımızın rifahına xidmət etməkdədir.
Dünya Azərbaycanı yenidən kəşf
etdi
Bir qədər əvvəl qeyd etdiyim kimi, mənə
1993-cü ildən 2002-ci ilədək Prezident Heydər
Əliyevi xarici səfərlərinin əksəriyyətində
bir jurnalist olaraq müşayiət etmək xoşbəxtliyi nəsib
olub. O, hər
səfərə çıxanda özü ilə dünya xəritəsi
götürürdü. Müxtəlif səviyyəli
görüşləri zamanı xəritəni açır,
Azərbaycanın, Dağlıq Qarabağın harada yerləşdiyini
göstərir, səbirlə izahatlar verirdi. Etiraf edək ki, o vaxt dünya bizi yetərincə
tanımırdı. Azərbaycanı
tanıyanların çoxu da ölkəmizi Heydər
Əliyevə görə tanıyırdı və bu,
danılmaz həqiqətdir.
Sonra on bir xarici neft şirkətinin iştirakı ilə
imzalanan "Əsrin müqaviləsi” dünyaya səs
saldı. İllər ötdükcə Azərbaycanın səsi
mötəbər beynəlxalq tribunalardan daha gur eşidilməyə
başladı. Nəhayət, Prezident
İlham Əliyevin milli maraqlara söykənən uğurlu
xarici siyasəti nəticəsində dünya Azərbaycanı
yenidən kəşf etdi, onun beynəlxalq arenada çəkisi
və nüfuzu ildən-ilə artmağa başladı.
Bu prosesin təsdiqi olan çoxsaylı faktlardan
yalnız ikisini xatırlamaq kifayət edər. 2011-ci ildə Azərbaycan
155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçildi, 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatlına üzv qəbul
edildi. Oktyabrın 25-26-da Qoşulmama Hərəkatına
üzv ölkələrin dövlət və hökumət
başçılarının Bakıda XVIII Zirvə
Görüşü keçiriləcək və Azərbaycan
2019-2022-ci illərdə bu nüfuzlu beynəlxalq quruma sədrlik
edəcək.
Prezidentimizin aramsız səylərinin, ardıcıl və
çevik siyasi gedişlərinin nəticəsi olaraq, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsində bizim
haqlı mövqeyimizi dəstəkləyən dövlətlərin
sayı getdikcə artmaqdadır. Erməni təbliğat
maşınının bütün gücü ilə işləməsinə,
erməni lobbisinin hökumətlərə, parlamentlərə
güclü təsir imkanlarına baxmayaraq, dünyanın
münaqişəyə baxışı, bununla bağlı
mövqeyi əhəmiyyətli dərəcədə dəyişdi.
Bu gün zaman artıq bizim xeyrimizə işləyir.
Bu gün dünya İlham Əliyevin
Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq
Diskussiya Klubunun illik iclasının sessiyasında
işğalçı Ermənistanın rəhbərinin
ünvanına səsləndirdiyi sərt bəyanatdan,
Paşinyanın sərsəmləmələrinə verdiyi
tutarlı cavabından danışır: "Qarabağ tarixi,
əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və
nida işarəsi”.
Prezident
İlham Əliyevin şəxsində xarici iş
adamlarının, investorların Azərbaycana artan
marağına bu il keçirilən Davos
İqtisadi Forumunda bir daha şahid olduq: bir çox qlobal
nüfuza malik şirkətlərin rəhbərləri
dövlətimizin başçısı ilə
görüşə can atır, ölkəmiz
üçün sərfəli əməkdaşlıq təklifləri
irəli sürürdülər.
Dövlətimizin
başçısının diplomatik məharətinə
"Şərqin şəfəqi” mövzusuna həsr
olunmuş "Valday” Diskussiya Klubunun illik iclasındakı məzmunlu
çıxışı ən yeni misal ola
bilər. Avropa ilə Asiyanın qovuşuğunda
yerləşən Azərbaycan öz geosiyasi mövqeyindən
maksimum bəhrələnir və bu, beynəlxalq münasibətlər
sahəsində dərin biliyə malik Prezidentimizin məqsədyönlü
siyasəti, titanik fəaliyyəti nəticəsində
mümkün olub.
Azərbaycan Ordusu dünyanın ən
güclü 50 ordusu sırasına necə gəlib
çıxdı
Dövlət
müstəqilliyinin bərpasından sonrakı iki ildə
müharibə vəziyyətində olan Azərbaycanda ordu
quruculuğu sahəsində demək olar, heç bir iş
görülməmişdi. Ulu Öndər
hakimiyyətə qayıdarkən ölkədə vahid
komandanlığa tabe olan nizami ordudan əsər-əlamət
yox idi. Ayrı-ayrı silahlı birləşmələr
ölkəni düşmənin təcavüzündən
qoruya bilmir, torpaqlarımız, bütöv rayonlar bir-bir əldən
gedirdi.
Ulu
Öndərimizin 1993-cü ilin oktyabrında, Prezident İlham
Əliyevin bundan on il sonra andiçmə mərasimindəki
çıxışlarından iki tezisə diqqət yetirək.
Heydər
Əliyev: Azərbaycan Respublikası bir müstəqil dövlət
kimi özünü müdafiə etməyə qadir orduya malik
olmalıdır. Təəssüf ki, müstəqillik əldə
ediləndən sonra keçən dövrdə bu sahədə
çox az iş görülüb. Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək
üçün, respublikanı müdafiə etmək
üçün qüdrətli bir ordunun yaradılması
bizim əsas vəzifəmizdir.
İlham
Əliyev: Ulu Öndər Azərbaycanda ordu quruculuğu sahəsində
də böyük işlər görüb. Ölkəmizdə
güclü ordu yaradılıb və bu proses davam edəcək.
Bu məsələ daim mənim diqqət mərkəzimdə
olacaq. Azərbaycanın çox
güclü ordusu olmalıdır. O, qarşıda duran
bütün məsələləri həll etmək
iqtidarında olmalıdır.
Siyasətdə
varislik bu mühüm hədəfə də çatmağa
imkan verdi, vədlər əməli işlərlə
tamamlandı. 2013-cü ildən bəri hərbi
xərclər 15 dəfə artıb. Ordu ən
müasir silahlar və texnika ilə təchiz edilib. Prezident İlham Əliyevin təşəbbüsü
ilə son illərdə 20-dən çox hərbi zavod
yaradılıb. Bu müəssisələrdə
1200 adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu
da nəticə: Azərbaycan Ordusu hazırda dünyanın 50 ən
güclü ordusu sırasında yer alır. Dövlətimizin
başçısının dediyi kimi, ordunun maddi-texniki təchizatı
baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən
biridir.
Biz Azərbaycan Ordusunun istənilən döyüş
tapşırığını yerinə yetirməyə qadir
olduğunu 2016-cı ilin aprelində və 2017-ci ilin
mayında gördük. Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları
nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının 2 min hektar, Naxçıvan Muxtar
Respublikasının 11 min hektar ərazisi işğaldan azad
olundu. Azərbaycan Ordusunun gücünü
düşmən də, dünya da gördü.
Dinamik iqtisadi inkişaf, transmilli layihələr
və inqilabi islahatlar
Statistika göstərir ki, son 16 ildə Azərbaycan qədər
inkişaf edən ikinci ölkə yoxdur. Sirr deyil ki,
infrastrukturun yenilənməsi, əhalinin rifah halı, ordu
quruculuğu, ilk növbədə, iqtisadi gücə
bağlıdır.
Azərbaycanın
iqtisadi inkişafının təməli Ulu Öndərimizin
gərgin səylərlə nail olduğu "Əsrin
müqaviləsi” ilə qoyulub. Bu barədə bir qədər
əvvəl söhbət açdığımız
üçün bircə faktı qeyd etməklə kifayətlənirik:
İlham Əliyev 2003-cü ildə prezident seçiləndə
Dövlət Neft Fonduna cəmi 800 milyon dollar
yığılmışdı. Bu gün isə
fondun aktivləri 43 milyard dollara yaxınlaşır. Azərbaycan 2001-ci ildən indiyədək "Azəri-Çıraq-Günəşli”
neft-qaz yataqlar blokunun işlənilməsi layihəsinin
hesabına, ümumilikdə, 143 milyard dollardan çox gəlir
əldə edib.
Əlbəttə, söhbət təkcə pulda deyil,
neft gəlirlərindən məqsədyönlü və səmərəli
istifadə olunmasındadır. Neftlə zəngin bəzi
ölkələr var ki, səfalət içərisində
yaşayır.
Ölkəmizə gəlincə, müasir neft
strategiyasının ən mühüm üstünlüyü
əldə edilən gəlirin iqtisadiyyatın şaxələndirilməsinə
və sosial tərəqqiyə yönəldilməsi, neft
kapitalının insan kapitalına çevrilməsidir. Biz bu
müdrik siyasətin bəhrəsini respublikamızın hər
bir guşəsində, həyatın hər bir sahəsində
- Azərbaycanın yeniləşən simasında
görürük. Bunu hər bir vətəndaş
öz gündəlik həyatında görür və hiss
edir.
İnsanların işini asanlaşdıran,
bürokratiyanı və korrupsiyanı aradan qaldırmağa
hesablanan "ASAN xidmət” mərkəzlərinə müraciətlərin
sayı 33 milyonu ötüb. Təkcə bu il
minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum
pensiya isə 70 faiz artıb. Prezident İlham
Əliyevin təşəbbüsü olan inqilabi sosial
islahatlar paketi 4 milyondan çox insanın büdcəsinə
müsbət təsir göstərib.
Ölkəmizdə qazlaşdırma səviyyəsi 95
faizə çatıb (bu, dünya praktikasında nadir göstəricidir). Vaxtilə
özünü elektrik enerjisi ilə təmin edə bilməyən
Azərbaycan bu gün region ölkələrinə enerji ixrac
edir.
On beş
min kilometr uzunluğunda yol, 440-dan çox körpü, 4 yeni
metro stansiyası, Bakının Ələt qəsəbəsində
ən böyük beynəlxalq dəniz ticarət limanı,
yeni tikilmiş və yenidən qurulmuş 3200-dən çox
məktəb binası, 650-yə yaxın tibb müəssisəsi
– bu, son 16 ildəki infrastruktur layihələrinin tam olmayan
siyahısıdır.
Prezident İlham Əliyevin rəhbərliyi
dövründə reallaşdırılan transmilli layihələr
dünyanın energetika və nəqliyyat xəritəsini dəyişdirə
biləcək miqyasa malikdir. Ulu öndərimiz Heydər
Əliyev tərəfindən 2002-ci ildə təməli
qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən
başlayan bu layihələrə Bakı-Tbilisi-Ərzurum qaz kəməri,
Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu əlavə
olunub. Şimal-Cənub, Şərq-Qərb
nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən
hissələrində işlər, demək olar,
yekunlaşıb.
Nəhayət,
daha bir önəmli məqam: İlham Əliyev Azərbaycanı
sayı məhdud olan kosmik ölkələr sırasına
daxil edib. Hazırda orbitdə üç peykimiz
var, halbuki bir vaxt bunu yalnız arzulaya bilərdik.
Göründüyü kimi, siyasətdə varislik əfsanə
və xəyalları reallığa çevirməkdədir.
Fikir plüralizmi, söz və mətbuat
azadlığı qarşısında yaşıl
işıq
Ulu
Öndər hələ böhranlı günlərdə -
1993-cü ilin oktyabrında Azərbaycanın demokratiya yolu ilə
gedəcəyini bəyan edərək deyirdi: Yolumuz demokratiya
yoludur. Müstəqil Azərbaycanda demokratik,
hüquqi dövlət qurulmalıdır. Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir, öz tarixi ənənələrindən,
milli ənənələrindən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək demokratik dövlət
quruculuğu yolu ilə getməlidir. Bizim
yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki,
biz məhz bu yolla gedəcəyik.
Biz mətbuat işçiləri Ulu Öndərimizin, eləcə
də Prezident İlham Əliyevin əsas demokratik prinsiplərindən
olan söz və mətbuat azadlığının, fikir
plüralizminin təmin edilməsi istiqamətində göstərdikləri
səylərin şahidiyik.
Bu gün ölkədə KİV-lərin – informasiya
agentliklərinin, qəzet və jurnalların, televiziya və
radioların ümumi sayı 5 mini, internet portallarının
sayı isə 20 mini ötür. Əhalinin 80 faizi
internet, 3 milyona qədəri isə sosial şəbəkə
istifadəçisidir. Azərbaycanda 70
ümumrespublika, peyk, regional, kabel, internet televiziyası fəaliyyət
göstərir.
Ölkə mətbuatında özünəməxsus
yeri və rolu olan AZƏRTAC da Ulu Öndərimizin və onun
siyasi varisi İlham Əliyevin diqqətini,
qayğısını həmişə hiss edib. İndi
AZƏRTAC-ın xarici ölkələrdə 22 müxbir məntəqəsi
fəaliyyət göstərir. AZƏRTAC hər
gün 8 dildə 600-650 informasiya hazırlayıb öz
kanalları ilə yayır. Dünyanın
50-yə yaxın informasiya agentliyi ilə rəsmi əməkdaşlıq
müqaviləsi bağlamışıq. Üzvü
olduğumuz regional və beynəlxalq qurumların elektron
resurslarında, tərəfdaşlıq etdiyimiz xarici agentliklərdə
və media qurumlarında AZƏRTAC-ın hər il 15 mindən
çox xəbəri, fotosu və videosu yer alır.
İndi
bu uğurlar fonunda Ümummilli Liderimizin söhbət əsnasında
bizə verdiyi bir tövsiyəni yaxşı
xatırlayıram: Çalışın, dünya informasiya məkanına
çıxın. Beynəlxalq media təşkilatlarına
üzv olun, bu, Azərbaycan həqiqətlərinin dünyaya
yayılmasına yaxşı imkanlar yaradacaq.
Biz vaxtilə beynəlxalq media qurumlarına üzv olmaq
barədə düşünürdük. Amma vaxt gəldi,
AZƏRTAC onların rəhbər orqanlarında təmsil
olunmağa başladı. 2016-cı ildə möhtərəm
Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban
Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və
AZƏRTAC-ın təşkilatçılığı ilə
Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın
əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V
Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatının (OANA) XVI Baş
Assambleyasına yüksək səviyyədə ev sahibliyi
etdi, AZƏRTAC hər iki qurumun rəhbəri seçildi.
Bununla da Azərbaycanın adı dünya mətbuat tarixinə
yazıldı...
X X X
Siyasətdə varisliyin təntənəsini, Azərbaycanın
inkişafında oynadığı misilsiz rolu təsdiqləyən
misallar, hadisələr saysız-hesabsızdır. Mən
onların yalnız bir qismini xatırlatdım. Bu möhtəşəm
zəfər yolunu şərtləndirən daha bir mühüm
amil var. Dövlət başçısı üçün
vacib sayılan siyasi iradəni, qətiyyəti, müdrikliyi,
anında və düzgün qərarlar qəbul etmək
bacarığını biz vaxtilə Heydər Əliyevin, bu
gün isə İlham Əliyevin simasında
görürük. Xalq öz liderinə
inanır, onun arxasınca gedir, onu dəstəkləyir. Uğurların qarantı olan xalq-iqtidar birliyi Azərbaycanı
bundan sonra da zirvədən-zirvəyə, zəfərdən-zəfərə
aparacaq.
Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin
sədri
OANA-nın
prezidenti
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 4.