XX əsrdən XXI əsrə atılmış körpü

 

Neft Daşları – 70

 

Yerin təkindəki, dənizin dibindəki "qara qızıl” və mavi yanacaqla zəngin olan ölkəmiz dünyanın neft-qaz tarixində çoxsaylı ilklərə imza atıb. 70 il əvvəl isə Xəzərin açıq qoynunda ilk neft quyusunun fontan vurması ilə dünya dəniz neftinin erası da Azərbaycandan başlanıb.

Əvvəllər Neft Daşları "Qara daşlar” adlanıb. Çünki neft kəşfiyyatçılarının istinad nöqtəsi dənizin içindən çıxıb suyun üstündə baş qaldıran qara daşlar olub. 1949-cu ilin 7 noyabr günü Neft Daşlarının "doğumtarixi kimi qeyd olunsa da, burada axtarış-kəşfiyyat işləri xeyli əvvəl aparılıb. Ərazidə neft hasilatına başlanandan sonrakı illərdə isə estakada və meydançaların tikintisi vüsət alıb. Onların xeyli hissəsi bugünə kimi Xəzərin şahə qalxan dalğalarına sinə gərərək dözüb dayanır. Burada bir çox hidrotexniki qurğular, kommunikasiya xətləri, istehsal və yaşayış təyinatlı obyektlər də inşa edilib.

Bir sözlə, ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə gətirən nadir neft-qaz kompleksi və yaşayış şəhəri yaradılıb.

Neft Daşlarını "Möcüzələr adası” adlandırıblar. Əlbəttə, insan əməyinin, ağlının və zəkasının yaratdıqlarından, təbiətin ona bəxş etdiyi bu maddi sərvətin - "qara qızıl”ın zənginliyindən vəcdə gələrək belə deyiblər. Əslində, Neft Daşları reallıqdır, möcüzəyə bənzəsə də, həqiqətdir. "Neft Daşları” ilk növbədə 70 ildir istismar olunan və ehtiyatları hələ də tükənməyən bir xəzinə - karbohidrogen yatağıdır.

"Neft Daşları” böyük bir müəssisə - Neft və Qazçıxarma İdarəsidir.

Nəhayət, Neft Daşları dünyada bənzəri olmayan bir şəhərdir. Dayaqları dənizin dibində qərar tutan polad dirəklər üstündə salınmış bir şəhər... Ümummilli Lider Heydər Əliyev Neft Daşlarını XX əsrdən XXİ əsrə atılmış körpü adlandırıb.

"Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”. Bunu da dəniz neftçilərinin əməyini yüksək qiymətləndirən, Neft Daşlarının inkişafına həmişə qayğı ilə yanaşan Ulu Öndər deyib.

Dəniz neftçilərinin qəhrəmanlıq salnaməsi davam edir. Onlar köhnə yataqda hasilatı sabit saxlamağa və artırmağa nail olurlar. Bir neçə il əvvəl "Neft Daşları” hətta ondan qabaqkı onilliyin rekordunu təzələyə bilmişdi.

İllər keçir, Xəzərdə yeni yataqlar aşkar olunur, texnika və texnologiyanın ən son nailiyyətləri ilə tikilən platformalar ucalır. Ancaq Neft Daşlarının dəyəri azalmır, ona göstərilən qayğı artır.

Prezident İlham Əliyev "Möcüzələr adası”nın böyük əhəmiyyətini dəfələrlə vurğulayıb. Neft Daşları əməkçilərinin yaxşı işləmələri və istirahət etmələri, təhlükəsizliyi üçün yaradılan şərait də bu qayğıdan qaynaqlanır.

Dövlət başçısı Azərbaycanın neft-qaz sənayesində qazanılan uğurların əsasını Neft Daşları təşkil etdiyini bildirərək deyib: "Əgər vaxtilə Neft Daşlarında Azərbaycan neftçiləri ağır, çətin şəraitdə böyük qəhrəmanlıq göstərərək işlərə başlamasaydılar, ondan sonrakı layihələr ya gecikə, ya da ümumiyyətlə, həll olunmamış qala bilərdi. Bu gün Azərbaycanın neft-qaz potensialının əksəriyyətini təşkil edən "Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənməsi məhz burada qoyulan təməl üzərində reallaşır”.

"Neft Daşları-70” rubrikası ilə verilən növbəti yazılarda bu təməli qoyanlardan, dənizdə əfsanəvi şəhər quranlardan, bir sözlə, "Möcüzələr adası”nın dünənindən və bugünündən söhbət açılacaq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 9 oktyabr.-  S. 5.