Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin
yaradılmasına dair
Qərar № 6/22
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Mərkəzi Seçki Komissiyası 2019-cu il mayın 29-da Azərbaycan Respublikasında cari ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsi zamanı 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin ərazisində mövcud olan bəzi seçki məntəqələrində seçicilərin sayının Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş saya uyğun olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin seçki dairələrinin dislokasiyaları daxilində əlavə seçki məntəqələrinin və məntəqə seçki komissiyalarının yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilməlidir.
Seçki Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.
Qeyd edilənlərə əsasən, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla əlavə seçki məntəqələrinin yaradılması və yeni məntəqə seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8.10.2019-cu il
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 6.