Təbiətə
və gözəlliyə qarşı nankorluq
Tanınmış rus yazıçısı Anton Pavloviç Çexovun bir çox dillərə tərcümə olunmuş "Vanka” hekayəsi var. Əsərin qəhrəmanı - 9 yaşlı kəndli oğlan Vankanı şəhərdə yaşayan çəkməçiyə şagirdliyə verirlər. Bu, Vankanın ürəyincə olmur, qısası, o, şəhərdə dözüm gətirmir və vəziyyəti babasına məktubla bildirmək qərarına gəlir. Məktubunu qatlayıb zərfə qoyur və ünvanı qeyd edəcəyi yerdə "Kəndə, babama” sözlərini yazır. Artıq bir çox dillərdə, o cümlədən bizim də dilimizdə zərbi-məsələ çevrilmiş "Kəndə, babama” ifadəsinin mənbəyi bax budur.
Doğrusu, nə "Vanka” hekayəsi yada düşürdü, nə də bu əsərin eyniadlı qəhrəmanı. Əgər paytaxtın yeni yaşayış massivlərinin birində çəkilmiş iri su borularının yanında dayanıb öz-özünə danışan ixtiyar yaşlı kişi diqqətimizi cəlb etməsəydi... Onunsa diqqətini boruların üstündə qırmızı rəngli divar boyası ilə yazılmış "Seva, mən səni sevirəm” sözləri cəlb etmişdi.
Kişi
başını bulayır,
hey deyinirdi:
- Ay nadan, kimsən sən? Bu nə
biabırçılıqdır? Oğulsan, sözünü aşkar
de. El adəti ilə qızın dədəsinin qapısına
elçi göndər.
Seva kimdir? Sevinc, Sevda?.. Bu qəsəbədə eyniadlı
yüz qız var. Hansıdır sevdiyin?
Belə sevgimi olur? Camaatın uşağını niyə
biabır edirsən?
Ay nadan,...
Kişi sakitləşmək bilmirdi. Binəva qoca
haradan bilsin ki, bu cür
ünvansız "məktub”lar
şəhərin hər
yerində, lap mərkəzində
də saysız-hesabsızdır.
Divarlarda, səkilərdə...
Məhəbbət oxu daşa dəyənlər isə qəzəblənib zibil qutularının üstündə
adlar yazır, ürək şəkli çəkib onu çalın-çarpaz xətlərlə
"dağlayır”lar. "Müasir” cavanların
bəziləri hətta
informasiya-kommunikasiya texnologiyalarının
yeniliklərini də ağacların, daşların
üstünə gətiriblər.
Sevdiklərinə ağlayan, gülən,
yalvaran, acıqlanan smail şəkilləri göndərirlər.
Əvvəlki illərdə bu cür "məktub” müəllifləri öz
ürək sözlərini,
həmçinin avtobusların
oturacaqlarının söykənəcəyində
yazmağı xoşlayırdılar. İndi şəhər
nəqliyyatının bir
çoxunda kameralar quraşdırılıb. Həm də Bakı artıq meqapolisə çevrilib, bir neçə milyon insanın yaşadığı
və qonaq gəldiyi şəhərdir.
Avtobuslarda daim sıxlıq
olur. Odur ki, ünvansız
məktub yazan Vankaların əl-qolu bağlanıb. İndi
onlar ayaqlarını işə salaraq bir az da irəliyə addımlayıblar. Dənizkənarı
Milli Parkda Xəzərin sahili boyu səpələnmiş
irili-xırdalı daşların
üstünü "bəzəyirlər”.
Amma yox... Bunları Vankaya bənzətmək
o qədər də düzgün deyil. Vanka XIX əsrin sonunda yaşayırdı, savadsız
bir kəndli balası idi və yazdığı məktub da ən kövrək və səmimi duyğulardan qaynaqlanırdı.
İndi
XXI əsrdir. Yaşadığımız ölkə isə
başdan-başa savadlılar
diyarıdır. Gənclərin
əksəriyyəti ali
olmasa da, orta təhsil alıb, ən azından natamam orta təhsil haqqında, yəni 9 il məktəbdə oxuduqları barədə şəhadətnamələri var. Bəs bu dayazlıq,
mədəniyyətsizlik, cahillik
nədən yaranır?
İş o yerə çatıb ki, sözügedən üzdəniraq cavanlar adlarını hətta kaktusların yarpaqlarında,
digər ağacların
iri budaqlarında və gövdələrində
yazırlar. Adını kaktusun yarpağına
həkk edən Anar məgər düşünmür ki, Bakıda onun neçə-neçə adaşı
var? Onsuz da onun hansı
Anar olduğunu heç kəs bilməyəcək!
Bütün bunlar ətrafı çirkləndirmək, təbiətə
əl qaldırmaq və dövlətin malına ziyan vurmaqdır. Bu cür
yazılardan yarpaqları
cadar-cadar, gövdələrinin
qabıqları ovum-ovum olan
ağacları böyütmək,
yetişdirmək üçün
nə qədər insan əməyi sərf edilir. Hələ onu demirik ki,
bu ağacların, bitkilərin bir çoxu xaricdən alınıb gətirilir.
Gətirilir ki, şəhərimiz daha da gözəlləşsin,
parklarımızın bitki
örtüyü bir az da zənginləşsin, uşaqlarımızın,
gənclərimizin təkcə
Azərbaycanın deyil,
bütün dünyanın
florası haqqında əyani təsəvvürü
olsun.
Bəzi
cavanlar isə təbiətə və gözəlliyə qarşı
bax, bu cür
nankorluq edirlər! Onlar paytaxtımıza bölgələrdən
gələn qonaqlara və dünyanın müxtəlif guşələrindən
təşrif buyuran turistlərə də pis nümunə göstərirlər. Məsələn, Masallıdan gələn və öz adını qeyd etməyi unudan gənc Türkmənistandakı
dostu ilə münasibətlərinin daş
kimi möhkəm olduğunu bildirmək istəyib. Omskdan gələn Vitya
isə günəşli
Azərbaycanın paytaxtında
sevdiyi qız üçün darıxdığını
daş üzərində
ifadə edib.
Bu cür "yaradıcılığa” meyilli
olan Bakı sakinləri də öz növbələrində,
yəni başqa yerlərə gedəndə
orada "avtoqraf” qoyurlar. Məsələn, Qobustanda tarixi
daş abidələri
korlayan nə qədər istəsəniz
imza var.
Bəzi cavanlar daşda-ağacda yalnız adını, yaxud özü üçün uydurduğu
ləqəbi yazır. Yəqin
düşünür ki,
bununla əbədiləşəcək,
tarixə düşəcək...
Əvvəla, tələsmək lazım
deyil, onsuz da heç bir
insan dünyanı tutub qalası deyil. 100-ü də başa vursan, axır bir gün
adın daş üzərinə həkk olunasıdır. Tanınmaq, sayılmaq,
nəhayət, yaddaşlarda
qalmaq istəyirsinizsə,
bunun üçün
daş-divarı cızmaq,
gül-çiçəyi "yaralamaq” lazım deyil. Yaxşı işlər görmək,
oxumaq, çalışmaq,
qurmaq-yaratmaq lazımdır!
Flora SADIQLI
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 7.