Ərəbşünaslığın
parlaq ulduzu
Hələ qədim zamanlardan elm aləmində əksərən kişilər hakim olmuş, qadınlar isə yalnız nadir hallarda bu sahəyə nüfuz edə bilmişlər. Qadın elə bir parlaq zəkaya və istedada sahib olmalı idi ki, kişilərlə bərabər elmin uca zirvəsinə yüksələ bilsin.
Elm olimpində parlayan bu cür istedadlı qadınlardan biri olmaq görkəmli ərəbşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru Aida xanım İmanquliyevanın qismətinə düşdü. Tam mənası ilə kamil bir Azərbaycan qadını olan Aida xanım mənəvi və zahiri gözəlliyi ilə yanaşı, həm də kamil insan, bütün qəlbi ilə xalqına bağlı olan xanım idi.
Yəqin ki, Aida xanım şəxsiyyətinin bütün qayəsini, cövhərini onun qızı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan daha dəqiq ifadə etmək çətin olar: "Dərin məsuliyyət hissi, istənilən işdə ən yüksək nəticə göstərmək cəhdi, özünə qarşı tələbkarlıq, intizamlılıq - anamın mənə aşıladığı keyfiyyətlərdir. Nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, qənirsiz gözəl Aida İmanquliyeva. Hər cür ədalətsizliyə qarşı barışmaz, öz işinin, elmin və pedaqogikanın vurğunu olan anam qısa həyatı ərzində ağlasığmaz ucalıqlara qalxmışdı. O, ərəb ədəbiyyatının öyrənilməsində yeni elmi məktəb yaratmış, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuşdu. Dünya şöhrətli alim olan anamın əsərləri bu gün də elm aləmində yüksək qiymətləndirilir. Ancaq buna baxmayaraq, o həmişə əsl Qadın olaraq qalırdı. Onun böyük ürəyi, səmimi, incə ruhu vardı”.
Aida xanım 10 oktyabr 1939-cu ildə görkəmli jurnalist Nəsir İmanquliyevin və Gövhər xanımın ailəsində dünyaya göz açmışdır.
Ailənin yeganə və hədsiz sevilən övladı kimi, o, doğma ocağın xeyirxahlıq, qayğı və yaradıcı ab-havasında böyüyürdü. Bütün bunlar hələ erkən yaşlarından onun çoxyönlü istedadının inkişafına təkan vermişdi. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirən Aida İmanquliyeva Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil oldu. Universitetdə ərəb dili və ədəbiyyatı sahəsində dərin biliklərə yiyələnərkən həm də gələcək alimin tədqiqat vərdişləri formalaşırdı.
1962-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Aida xanımın həyatı təkcə sevdiyi elmlə deyil, həm də ürəkdən sevdiyi və sevildiyi bir insanla - Arif Paşayevlə bağlanmışdı. Onların bir-birinə hədsiz sədaqət və hörmətinə, olsa-olsa, ancaq elmə məhəbbətləri şərik çıxa bilərdi. Bir də, əlbəttə, iki qızlarına - Nərgiz xanım Paşayeva və Mehriban xanım Əliyevaya sevgiləri.
Elmdə atdığı ilk
addımlardan Aida xanım özünü heyrətamiz dərəcədə
zəhmətkeş, intizamlı, dərin zəkalı bir tədqiqatçı
kimi göstərdi ki, bu da onun gələcəyin böyük
alimi olacağından və elmi karyerada əldə edəcəyi
yüksək zirvələrdən xəbər verirdi. Fundamental elmlə
ciddi məşğul olmaq məqsədi 1962-ci ildə onu
universitetin aspiranturasına gətirib çıxardı. Bir müddət
sonra təhsilini davam etdirmək üçün SSRİ Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunun
aspiranturasına göndərildi. Aida xanım
Moskvada bütün varlığı ilə şərqşünaslıq
elmi mühitinə daxil oldu, filoloji ərəbşünaslığın
görkəmli alimləri ilə ünsiyyət yaratmaq, ən
yaxşı kitabxanalarda işləmək imkanı əldə
etdi. Bütün bunlar gənc alimin
yetişməsi üçün çox vacib idi. Bir tərəfdən də Moskvanın zəngin mədəni
həyatı Aida xanımın təbiətinə xas yüksək
ziyalılığın daha da cilalanması üçün
münbit zəmin oldu.
Əksər istedadlı alimlərdə olduğu kimi,
Aida xanımın da elmi maraqları yaradıcılıq
yolunun lap əvvəlində formalaşmışdı. O, elmi axtarışları
üçün ərəb filologiyasının yetərincə
mürəkkəb bir sahəsini seçərək
bütün elmi karyerasını ərəb ədəbiyyatının
istər tarixi, istərsə də fəlsəfi baxımdan
mühüm bir dövrünə həsr etdi. Söhbət
XIX əsrin axırları-XX əsrin birinci yarısı ərəb
ədəbiyyatından gedir. Bu, ərəb
cəmiyyətlərinin sosial-siyasi həyatında fundamental
transformasiya, onların modernləşməsi dövrü idi.
Eyni zamanda stereotiplərin aradan
qaldırılması, ərəb ictimai fikrinə ətraf
gerçəklik haqqında yeni təsəvvürlərin
nüfuz etməsi prosesi gedirdi. Bütün
bu mürəkkəb, birmənalı olmayan, çox vaxt da
ağrılı proseslər o dövrün ərəb ədəbiyyatında
öz bədii inikasını tapırdı. Bütün bu ictimai və estetik hadisələrin bədii
ümumiləşdirilməsi yeni, xüsusilə də ərəb
mühacirət ədəbiyyatında o qədər dərin,
canlı və parlaq əks olunurdu ki, onu həmin dövrün
kifayət qədər inkişaf etmiş ədəbiyyatları
ilə bir sıraya qoyurdu. Təsadüfi
deyil ki, həmin dövrün ərəb ədəbiyyatının
yüksək bədii keyfiyyətlərini,
yazıçıların əldə etdiyi uğurları
xüsusi vurğulayan Aida xanım yazırdı ki, "XX əsr
ərəb ədəbiyyatı regional ədəbiyyat çərçivələrindən
çıxaraq dünya ədəbi prosesinə öz
qanunauyğun və sanballı töhfəsini verə bildi”.
Alim xüsusi olaraq qeyd edirdi ki, yeni ərəb ədəbiyyatının
korifeyləri "onu böyük rus ədəbiyyatının
uğurlarına qovuşdurmuşlar”.
Söhbət, hər şeydən öncə, müxtəlif
səbəblərdən Amerika Birləşmiş
Ştatlarına mühacirət etməyə məcbur
olmuş və orada ədəbi
yaradıcılıqlarını davam etdirmiş Suriya kökənli
Cübran Xəlil Cübran, Mixail Nüaymə və Əmin ər-Reyhanidən
gedir. Bu yazıçılar ərəb ədəbiyyatında
məhcər ədəbiyyatı adını almış
bütöv bir cərəyan yaratmışlar. Aida
xanımın 1975-ci ildə Moskvada ayrıca monoqrafiya kimi
çap olunmuş "Mixail Nüaymə və "Qələmlər
cəmiyyəti” adlı ilk ciddi tədqiqatı məhz bu
mövzuya həsr edilmişdi.
Qeyd etmək
lazımdır ki, ərəbşünaslıqda
"Suriya-Amerika” məktəbi probleminə ilk toxunanlardan biri
böyük elmi uğurlarına görə "ərəblərin
şeyxi” ləqəbini almış dünya və sovet ərəbşünaslığının
patriarxı, akademik İ.Y.Kraçkovski olmuşdur. İqnati
Yulianoviçdən sonra bu qədər mühüm və az öyrənilmiş mövzuya girişməyə
cürət etmək gənc tədqiqatçının təkcə
erudisiyasından və problemin vacibliyini duymaq qabiliyyətindən
deyil, həm də yetərincə cəsarətindən,
öz qüvvə və imkanlarına inamından xəbər
verirdi. Mübaliğəsiz demək olar ki, o,
qarşıya qoyduğu məqsədə nail olmuş və həmkarları
arasında nüfuz qazanmışdır. Belə ki,
görkəmli sovet və rus filoloq-ərəbşünaslarından
İ.M.Filiştinski Aida İmanquliyevanın xidmətlərini
yüksək qiymətləndirərək yazırdı:
"Suriya-Amerika məktəbi”
yazıçılarının
yaradıcılığını təhlil edərkən
İmanquliyeva öz tədqiqatını həmin
dövrün tarixi-siyasi və mədəni prosesləri ilə
əlaqələndirməyi bacarmış, bu isə ədəbi
hadisələri öyrənərkən yeni məktəbin
yarandığı tarixi zəmini üzə
çıxarmağa yardımçı olmuşdur. Bu, ona sırf ərəb ədəbiyyatı
mövzusunun dar çərçivəsindən müəyyən
dərəcədə çıxmağa və təkcə ərəb
Şərqinin deyil, eləcə də istər müsəlman
aləminin başqa ölkələrində, istərsə də
onun hüdudlarından kənarda gedən tarixi-ədəbi
inkişafın mürəkkəb, bəzən də ziddiyyətli
formalarının konturlarını cızmağa imkan
vermişdir. Öyrənilən materiala bu
cür yanaşma tərzi professor Aida xanıma yeni dövrə
keçid zamanı bir çox Asiya və Afrika ölkələrinin
ədəbiyyatları üçün səciyyəvi olan
ümumi qanunauyğunluqları üzə çıxarmağa
imkan vermişdir”.
Aida xanımın bu mövzuya həsr edilmiş
bütün əsərlərində yeni ərəb ədəbiyyatı
korifeylərinin yaradıcılığını fərqləndirən
yeni üslub və ədəbi xüsusiyyətlərin təhlili
zamanı səriştəli tədqiqatçı dəstxəti
özünü büruzə verir. Qeyd etmək lazımdır
ki, ədəbiyyatşünaslığın nəzəri
problemlərinə bu cür analitik yanaşma Aida
xanımın elmi yaradıcılığını bəzi
müasir filoloq-ərəbşünasların səthi,
sönük "belletristika” nümunələrindən fərqləndirir.
Məhz romantizm və realizmin əsas prinsiplərinə yaradıcı
yanaşma, onların mexaniki mənimsənilməsi və Qərb
klassiklərinin təqlidi deyil, dərindən dərki, Aida
xanımın fikrincə, yeni ərəb ədəbiyyatının
korifeylərinə imkan vermişdir ki, yeni inkişaf mərhələsində
ərəb həyatının özünəməxsus cizgilərini
bütöv şəkildə istedadla əks etdirsinlər.
Bununla yanaşı, Aida İmanquliyeva öz tədqiqat
obyektinə obyektiv və qərəzsiz yanaşan bir alim kimi də
diqqəti cəlb edir. O, tədqiqat obyektindən mümkün qədər
aralanmağa çalışır ki, soyuqqanlı
düşüncə ilə, subyektiv duyğulara və rəğbətə
qapılmadan elmi-komparativist metodlar əsasında ədəbiyyatların
qarşılıqlı əlaqələrini
araşdırsın. Akademik A.B.Kudelinin doğru olaraq qeyd etdiyi
kimi, Aida xanım Qərb və ərəb ədəbiyyatlarının
qarşılıqlı əlaqəsinə daha inkişaf
etmiş ədəbiyyatın az inkişaf
etmiş ədəbiyyata təsiri kimi baxmaq fikrindən
çox uzaq olmuşdur: "Köhnə komparativistika məhz
buna görə səhvə yol verirdi”.
Sevindirici haldır ki, Aida xanımın elmi
yaradıcılığına verilən yüksək qiymət
təkcə sovet və rus alimlərinin dilindən deyil, həm
də ərəb alimlərinin dilindən səslənir. Məsələn,
Misirin çox nüfuzlu "əl-Əhram” qəzetində
Aida İmanquliyevanın elmi yaradıcılığına
yüksək qiymət verilərək onun xidmətləri
Misir və Azərbaycan ədəbiyyatları arasında
körpü kimi dəyərləndirilir. Xüsusi olaraq
qeyd edilir ki, professor Aida İmanquliyeva ərəb
filoloji fikrinin dünya ədəbiyyatşünaslığına
inteqrasiyası prosesinin tədqiqi sahəsində ən
tanınmış alimlərdən biridir. Misir qəzeti Aida
xanımın ərəbşünaslıq elminə verdiyi
böyük töhfə haqqında yazırdı: "XX əsr
şərqşünaslığında Aida
İmanquliyevanın xüsusi yeri vardır. O, ərəb ədəbiyyatının
tədqiqatçısı və "Qurani-Kərim”in tərcüməçisi
İ.Kraçkovski və başqa görkəmli şərqşünaslarla
birlikdə dünyanı ərəb poeziyası və nəsri,
ərəb filoloji fikri, müasir ərəb ədəbiyyatı
və mədəniyyəti ilə tanış
etmişdir”. Eyni zamanda qızılgülün ətrini almadan
onun bütün təzətərliyini duymaq mümkün
olmadığı kimi, ərəb mətbuatı da Aida
İmanquliyevanın tükü tükdən seçən
intellektini və heyrətamiz qadın gözəlliyini vəsf
etməkdən özünü saxlaya bilmir: "Böyük ərəbşünas-alim
kimi, Aida xanımın məşhurluğunu təmin edən səbəblərdən
onun yüksək intellektini, canlı naturasını, bədii
istedadını, məqsədyönlülüyünü,
sarsılmaz prinsipiallığını, öz elmi
baxışlarını müdafiə etmək
bacarığını, eləcə də mütləq
kamilliyi və nəcibliyini göstərmək lazımdır.
Onda insanlıq, peşəkarlıq və
qadınlıq harmonik şəkildə birləşmişdir”.
Namizədlik dissertasiyasının müdafiəsindən
sonra Aida xanım seçdiyi elm yolunda eyni məqsədyönlülüklə
irəliləməkdə davam etdi. Moskvadan
qayıtdıqdan sonra o zaman Yaxın və Orta Şərq
Ölkələri İnstitutu adlanan Şərqşünaslıq
İnstitutunda elmi fəaliyyətə başlayaraq tezliklə
Ərəb ədəbiyyatı qrupunu təşkil edib ona rəhbərlik
edir. Bir müddət sonra bu qrupun
bazasında yaranan Ərəb filologiyası şöbəsi
ölkə şərqşünaslığının
flaqmanına çevrilir.
Şərqşünaslıq İnstitutunda
özünü bütünlüklə elmi-təşkilati
işə həsr edən Aida xanım seçdiyi mövzu
üzərində fundamental elmi işlərini də uğurla
davam etdirir. 1988-ci ildə o, Tbilisidə doktorluq
dissertasiyasını böyük uğurla müdafiə edir.
Ərəb ədəbiyyatı üzrə
böyük mütəxəssislər olan rəsmi opponentləri
- A.B.Kudelin, A.A.Dolinina və D.A.Tuxareli öz rəylərində
dissertasiya işinə yüksək qiymət verərək əsərdəki
ideyaların elmi yeniliyini xüsusi vurğulayıblar. Bu işin elmi nəticələrini Aida xanım
1991-ci ildə Bakıda işıq üzü
görmüş və çox təəssüf ki, onun son
kitabı olan "Yeni ərəb ədəbiyyatının
korifeyləri” monoqrafiyasında ümumiləşdirmişdir.
Keçmiş Sovet İttifaqından xaricdə elmi
konfranslarda iştirak etmək indiki kimi asan deyildi. Çoxsaylı
bürokratik maneələr, partiya və hökumət
strukturları ilə razılaşdırmanın çətinliyi
ucbatından bu, az-az alimə qismət olurdu. Buna baxmayaraq, Aida xanım o alimlərdən idi ki,
sovet və Azərbaycan ərəbşünaslıq elmini
ümumittifaq və beynəlxalq miqyasda uğurla təmsil
edirdi. Onun 1987-ci ildə Avropa şərqşünaslığının
məşhur mərkəzlərindən olan və 150 ildən
artıq şərqşünaslıq cəmiyyətinin fəaliyyət
göstərdiyi Almaniyanın Qall şəhərində beynəlxalq
simpoziumda iştirakı buna parlaq nümunə ola
bilər. Simpoziumda müdafiəsinə
hazırlaşdığı doktorluq dissertasiyası
mövzusunda məruzə edən Aida xanım Qərb ədəbiyyatının
ərəb məhcər ədəbiyyatının, xüsusilə
XX əsrin əvvəllərində Amerika Birləşmiş
Ştatlarına mühacirət etmiş Cübran Xəlil
Cübran, Mixail Nüaymə, Əmin ər-Reyhani kimi
yazıçıların yaradıcılığının
formalaşmasına təsirindən söz
açmışdı. Məruzədə həm də klassik
rus ədəbiyyatının sayseçmə nümayəndələri
olan L.N.Tolstoy, İ.S.Turgenyev, A.P.Çexov kimi
yazıçıların 1906-1911-ci illərdə Rusiyada
Poltava ruhani seminariyasında təhsil alan və
ilk əsərlərini rus dilində yazmış Mixail
Nüaymənin yaradıcılığına təsiri barədə
də fikir səslənmişdi.
Eyni zamanda özünü istedadlı elm təşkilatçısı
kimi göstərən Aida xanım respublikanın
aparıcı elmi müəssisələrinin birində
bütöv bir elmi istiqamətin banisi və rəhbəri
olmuşdur. Özünün yaratdığı şöbəyə
başçılıq etdiyi müddətdə 10 nəfər
gənc uğurla dissertasiya müdafiə edərək
filologiya elmləri namizədi elmi dərəcəsini
almışdır. Məhz Aida xanımın təşəbbüsü
ilə iki ildə bir dəfə institut əməkdaşlarının
əsərlərindən ibarət "Ərəb
filologiyası məsələləri” adlı məqalələr
toplusu nəşr olunmağa başlamışdır. Sonralar
institutun direktor müavini, qısa müddət ərzində
isə direktoru olarkən Aida xanım kadrlara, xüsusilə gənc
alimlərin peşəkarlığının yüksəldilməsinə
daim qayğı göstərir, institutun istər təşkilati
strukturunda, istərsə də elmi tematikasının zənginləşməsində
mühüm işlər görür, Şərqşünaslıq
İnstitutunun sürətlə dəyişən yeni
dövrün tələblərindən geri qalmamasına
çalışırdı.
Elmi, elmi-təşkilati, inzibati işlərdə
böyük uğurları ilə yanaşı, Aida
xanımın məhsuldar pedaqoji fəaliyyəti üzərində
də dayanmaq lazımdır. Məsələ burasındadır
ki, hələ sovet dövründə şərqşünas
kadrların hazırlanması üçün aparıcı mərkəzlərdən
biri əsası V.Bartold, P.Juze, B.Çobanzadə, A.Qubaydulin,
V.Xuluflu, R.Sultanov, Y.Şirvani və başqaları tərəfindən
qoyulmuş Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsi idi. Respublikamızın elmi,
intellektual və mədəni həyatında doğma Şərqşünaslıq
fakültəsinin yerini yüksək qiymətləndirən
Aida xanım istər universitetin daha da inkişaf etməsinə,
istərsə də Azərbaycanda yeni şərqşünaslar
nəslinin yetişdirilməsinə şəxsən töhfə
verməyi özünün müqəddəs borcu
sayırdı. Buna görə də o, gərgin
elmi fəaliyyəti ilə yanaşı, öz bilik və təcrübəsini
gənc ərəbşünaslara çatdırmağa da vaxt
tapırdı. Onun fakültədə
pedaqoji fəaliyyəti həm özünə, həm də tələbə
auditoriyasına münasibətdə dəyişməz tələbkarlığı
ilə seçilirdi. Bununla yanaşı,
Aida xanımın hər mühazirəsində, tələbələrlə
hər ünsiyyətində yüksək ziyalılıq, səsində
və maneralarında zərrə qədər təkəbbür,
özündənrazılıq və snobizm olmayan təmkinli
inam özünü göstərirdi. Tələbələri
xatırlayırlar ki, o, bilikləri "ali məktəb
müəllimlərinin çoxuna xas olan tezis-mentor ahəngi və
üsulu ilə deyil, mühakimələr, müddəalar və
nəticələr formasında çatdırırdı.
Yəqin, bu, akademik mühitin özünəməxsus
xüsusiyyətləri ilə əlaqədar idi ki, həmin
mühitin nümayəndələri tələbə
auditoriyalarına gəlmirdilər. Bu
keyfiyyət fərqi onunla bağlı idi ki, təqdim edilən
material müəllim üçün çox əziz idi və
bu materialı qayğı ilə dinləyiciyə
çatdırmağa, eyni duyğuları onda da oyatmağa
çalışırdı. Auditoriya buna
hörmət və rəğbətlə cavab verməyə
bilmirdi”. Bu cür dostcasına, eyni zamanda
ciddi, düşündürücü və tələbkar tədris
manerası ilə Aida xanım tələbələrin ürəyini
fəth edir, onları auditoriyada canlı, maraqlı işə,
materialı dərindən mənimsəməyə kökləyirdi.
Bəzən bu cazibədar, ziyalı qadının bu
cür ağır yükün və qayğıların
öhdəsindən necə gəlməsinə, eyni zamanda
öz prinsiplərinə sona qədər sadiq qalmaq qabiliyyətinə
heyrətlənməyə bilmirsən. Fundamental tədqiqatlarla uğurla
məşğul olmaq, aspirant və doktorantlara rəhbərlik
etmək, akademik təşkilata başçılıq etmək,
ali məktəbdə dərs demək, sevən, sədaqətli,
qayğıkeş həyat yoldaşı və ana olmaq,
bütün bunlarla yanaşı, böyük hərfli
Qadın, həqiqi gözəllik idealı olaraq qalmaq... Hələ
nə qədər fəzilətlər sadalamaq olar... Və hələ nə qədər nəcib, xeyirxah
işlər görə bilərdi Aida xanım, əgər
vaxtsız, amansız ölüm onu bizim
sıralarımızdan çox erkən, ömür və
yaradıcılıq yolunun zirvəsində olarkən
qoparmasaydı.
Şair
bu misraları sanki onun haqqında demişdir:
Cahanda
hansı bir sərvət təsadüf etsə mənə,
Səcdə etməkdəyəm yalnız elmü
ürfanə.
Fəqət
budur şöhrətim, izzətim, cənnətim mənim,
Ən böyük, ən sevimli məqsədim mənim.
Alim, Ana,
Qadın - Aida xanımın nəcib obrazı
yaddaşımızda bu gün də yaşayır.
Akif ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik
Azərbaycan.-
2019.- 10 oktyabr.- S. 1; 6.