İsveçrə
ilə Azərbaycan arasında iqtisadi sahədə
və sərmayə qoyuluşu sahəsində
də yaxşı nəticələr var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz İsveçrə-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli addım olacaqdır.
Bildiyiniz kimi, bizim əlaqələrimiz uğurla inkişaf edir, bir çox sahələri əhatə edir. İlk növbədə, siyasi əlaqələr haqqında demək istərdim. Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu vardır. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram. İkitərəfli əlaqələrimizin müxtəlif aspektləri geniş müzakirə edilmişdir və əlaqələrimizə yeni təkan verilmişdir. Eyni zamanda, deməliyəm ki, dövlət səfərləri də təşkil edilmişdir. Mən İsveçrədə dövlət səfərində olmuşam və İsveçrə prezidentləri Azərbaycanda dövlət səfərlərində olmuşlar.
Şadam ki, əlaqələrimiz təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində də yaxşı nəticələr vardır. İsveçrə şirkəti "Holcim" Azərbaycana yüz milyonlarla ölçülən sərmayə qoymuşdur. Həmçinin Azərbaycan şirkətləri də ölkənizə sərmayə qoyurlar və bu proses qarşılıqlı xarakter daşıyır.
Beynəlxalq maliyyə qurumları çərçivəsində də əməkdaşlığımızın xüsusi mənası vardır.
Əlbəttə, münasibətlərimizin ümumi kontekstində parlamentlərarası əlaqələr də önəmli yer tutur və əminəm ki, bu əlaqələrin inkişafı ilə əlaqədar sizin səfəriniz çərçivəsində növbəti addımlar atılacaqdır.
Bir daha sizi salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm.
x x x
İsveçrə Kantonlar Şurasının
sədri Jan-Rene FURNİYE dedi:
-Çox sağ
olun, cənab Prezident. Əvvəla, biz Sizin ölkənizə
minnətdarıq ki, bizi və nümayəndə
heyətimizi səmimiyyətlə
qəbul edir. Əlbəttə ki, bu gün səhər-səhər
Sizin tərəfinizdən
qəbul olunmaqdan böyük şərəf
hissi duyuruq. Həmçinin hesab edirik ki, bu, aramızda
olan əməkdaşlığı
dərinləşdirmək üçün yaxşı
bir fürsətdir.
Əlbəttə ki, mənim səfərimin məqsədinin
digər bir hissəsi bizim Azərbaycan parlamenti ilə olan əlaqələrimizin
daha da təkmilləşdirilməsi
və gücləndirilməsindən
ibarətdir.
Əslində hesab edirik ki,
bu, həmçinin iki xalq arasında
da böyük bir yaxınlaşmanın əlamətidir. Çünki bilirik ki, hazırda Azərbaycan öz Dövlət Neft Şirkəti vasitəsilə biz isveçrəlilərin
gündəlik həyatında
daha yaxından iştirak etməyə başlayıb.
x x x
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində
bir milyondan artıq soydaşımızın
qaçqın və köçkün vəziyyətinə
düşdüyünü, dövlətimizin qaçqın
və köçkünlərin
sosial problemlərinin həll edilməsi istiqamətində ardıcıl
tədbirlər həyata
keçirdiyini qeyd etdi.
İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri
Jan-Rene Furniye Azərbaycana
səfərindən məmnunluğunu
və ölkəmizdə
inkişaf etmiş infrastrukturun şahidi olduğunu bildirdi.
Görüşdə Azərbaycanla İsveçrə
arasında müxtəlif
sahələrdə əməkdaşlıq,
o cümlədən beynəlxalq
təşkilatlar, beynəlxalq
maliyyə təsisatları
çərçivəsində əməkdaşlıq məsələlərinə
toxunuldu, dövlət
idarəçiliyinin müxtəlif
sahələri üzrə
təcrübə mübadiləsi
aparılmasının vacibliyi
qeyd olundu.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 2.