Yaqub EYYUBOV: “Ölkələrimiz
arasındakı səmimi dostluq münasibətləri,
mənəvi və mədəni yaxınlıq bizi bir-birimizə sıx bağlayır”
Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan tərəfdən komissiyanın həmsədri, Baş Nazirin birinci müavini Yaqub Eyyubovun, Qırğızıstan tərəfdən komissiyanın həmsədri, Baş Nazirin birinci müavini Kubatbek Boronovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edib.
İclasda ticari-iqtisadi, tranzit-nəqliyyat daşımaları, kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, mədəni-humanitar istiqamətdə əlaqələrin indiki vəziyyəti və perspektivləri müzakirə olunub.
Yaqub Eyyubov iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsi üçün səy göstərməyin vacibliyini bildirib. O deyib: "Ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri, mənəvi və mədəni yaxınlıq bizi bir-birimizə sıx bağlayır. Bugünkü görüş dövlətlərimiz arasında ikitərəfli əlaqələrin gələcək inkişafına təkan verəcək”.
Kubatbek Boronov iki ölkə arasında siyasi sahədə əlaqələrin inkişaf etdiyini bildirib. O deyib ki, apardığımız yüksəksəviyyəli danışıqlar ikitərəfli əlaqələrin getdikcə daha da möhkəmlənəcəyini sübut edir. Özəl bölmənin və biznes dairələrinin nümayəndələri arasında əlaqələr gücləndirilməlidir. Sərmayə qoyuluşu, ticari-iqtisadi missiyalar, biznes forumlar, sərgilər vasitəsilə daha geniş əlaqələr yaradılması vacibdir. Baş Nazirin birinci müavini təklif edib ki, 2020-ci ildə biznes forum keçirilsin. O, Azərbaycan tərəfini gələn il İssık-Kulda keçiriləcək beynəlxalq turizm sərgi-yarmarkasına dəvət edib.
Həmsədrlər ikitərəfli əməkdaşlığın bütün sahələrində əlaqələrin mühümlüyünü vurğulayıblar.
Sonda Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclasının Protokolu imzalanıb.
İclasda Azərbaycanın
Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak
edib.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 3.