İsveçrə
Kantonlar Şurasının nümayəndə
heyəti İçərişəhərlə tanış olub
Azərbaycan Respublikasında səfərdə olan İsveçrə Konfederasiyası Kantonlar Şurasının nümayəndə heyəti oktyabrın 9-da İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Qız qalasından başlanan tanışlıq zamanı qonaqlara Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib.
Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların böyük marağına səbəb olub.
Gəzinti zamanı nümayəndə heyətinin üzvlərinə UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.
Daha sonra qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə tanış olublar.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhərlə
tanışlıq nümayəndə heyətində zəngin
təəssürat yaradıb.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 3.