Anda sadiqlik
Tarix heç bir millətə hamar yol qismət etməmişdir. Xalqlar öz
dövlətlərini qurmaq, sərhədlərini möhkəmləndirmək,
milli ideyalarını gerçəkləşdirməkdən
ötrü ağır sınaqlardan keçmiş, qurbanlar
vermiş, minbir məşəqqətlər
yaşamışlar. Bütün bunlar hər
xalqın taleyində fərqli formalarda yaşanıb, bir-birinə
bənzəməyən tarixi mənzərələr
yaranıb. Amma bütün xalqları bu məqamda
birləşdirən, bir-birinə oxşar edən bir cəhət
var. Onlar tarixin ağır sınaqlarından öz
böyük şəxsiyyətlərinin müdrik siyasəti
hesabına çıxıblar.
Bu gün dünyada elə bir ölkə, dövlət,
xalq tapılmaz ki, onun nicatında boynuna xilaskarlıq
missiyası götürmüş və həmin missiyanı
şərəflə yerinə yetirmiş bir tarixi şəxsiyyət
olmasın. Bu şəxsiyyətlərin öz xalqlarına,
dövlətlərinə qazandırdıqları dəyərlərdən
biri də hansısa əlamətdar bir hadisəni ilin adi bir təqvimindən
möhtəşəm tarixi hadisəyə çevirmələridir.
10 oktyabr günü də bu baxımdan istisna deyil.
Qısa bir tarixi arayış verərək yada salaq ki,
1993-cü ilin 3 oktyabrında xalqımız özünün gələcək
taleyini, müqəddəratını həll edən
seçim etdi.
Həmin gün ölkəmizdə keçirilən
prezident seçkisində Heydər Əliyev
xalqımızın böyük əksəriyyətinin
etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan
Respublikasının Prezidenti seçildi. Hələ
nəinki Azərbaycanda, dünyanın bir sıra dövlətlərində
belə prezident seçkiləri olmamışdı.
Heydər Əliyevin seçkilərdə bu cür
böyük üstünlüklə qələbə
qazanması qədirbilən xalqımızın Ulu Öndərə,
onun möhkəm siyasi iradəsinə və yüksək
nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan
qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu
ağır və böhranlı dövrdə ölkəni
xilas edə biləcək yeganə lider məhz Heydər
Əliyevdir.
Hələ 1969-1982-ci illərdə - Heydər
Əliyevin birinci dəfə hakimiyyətdə olduğu
müddətdə Azərbaycan naminə gördüyü misilsiz
işlər xalqımız tərəfindən
unudulmamışdı. Eyni zamanda 1990-cı ildə 20 Yanvar faciəsindən dərhal
sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək xalqımıza
başsağlığı verməsi, böyük təəssübkeşliklə
xalqımızla birgə olması, mətbuat konfransı
keçirərək bu cinayəti törədənləri
bütün dünyada ifşa etməsi
insanlarımızın yaddaşına əbədi həkk
olmuşdu.
Manifest
10 oktyabr tarixinə gəlincə isə bugünün əlamətdarlığı
1993-cü ildə, Azərbaycanın böhran dolu anlarında
xalqın israrı ilə hakimiyyət rəhbərliyinə
qayıdaraq dövləti məhv olmaqdan xilas edən Heydər
Əliyevin məhz həmin tarixdə əlini Konstitusiyaya və
Qurana basaraq Prezident kimi and içməsi ilə
bağlıdır.
Bu
andın mətni Ulu Öndərin müasiri olmuş hər kəs
üçün 26 il əvvəl onun proqram
xarakterli çıxışlarından biri idi. Yaşadığımız dövrdə isə həmin
mətn həm də böyük bir tarixdir, Azərbaycanın
müstəqillik tarixinin manifestidir. Oxuduqca
heyran olursan. Bir liderin ən
qarışıq zamanda, xaos mühitində,
saysız-hesabsız çıxılmazlıqlar içərisində
strateji düşüncələrinə, gələcəyi
bugünkü qədər aydın görməsinə,
xalqı işıqlı sabaha çıxarmaq
üçün güclü özünəinam hisslərinə
və qarşıya qoyduğu bütün hədəflərə
ardıcıl şəkildə çatmasına heyrətini
gizlədə bilmirsən.
Nə etməli?!
Heydər Əliyev hakimiyyətə
qayıdışından sonra qarşısında hansı
problemlərin dayandığını və birinci nələrdən
başlayacağını dəqiq bilirdi. Həmin dövr
üçün siyasi istiqamətlər bəlli idi: Ermənistanın
hərbi təcavüzünün qarşısını almaq;
müharibəni dayandırmaq; vətəndaş müharibəsi
təhlükəsini aradan qaldırıb, ölkə daxilində
siyasi sabitliyi bərpa etmək; separatçılığa,
milli qarşıdurmaya son qoymaq və Azərbaycanın
parçalanmasına yol verməmək; ölkənin
müdafiə qabiliyyətini möhkəmləndirmək; Milli
Ordu quruculuğunu həyata keçirmək; gənc müstəqil
dövlətin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmək,
məqsədyönlü xarici siyasət xətti
formalaşdırmaq; ölkənin dövlət idarəçiliyi
prinsiplərinin vacib şərtlərindən olan
aşağıdan yuxarı tabeçiliyi bərpa etmək; ən
başlıcası isə dövlət çevrilişləri
meyillərinə son qoymaq, dövlətin
toxunulmazlığını təmin etmək...
Ümummilli
Lider öz andında bəyan edirdi: "Azərbaycan
Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin
tərkibinə daxil olmayacaq, başqa bir dövlətin
tabeçiliyinə düşməyəcək, öz müstəqilliyini
qoruyacaqdır”.
O,
bütün vədləri kimi, xalq qarşısında verdiyi
bu andına da sadiq oldu. Azərbaycanın
gerçək müstəqilliyi, heç kimdən
asılı olmadan öz yolu ilə milli hədəflərinə
doğru irəliləməsi təmin edildi. Əlbəttə, bütün bunlar asanlıqla
başa gələn məsələlər deyildi. Çox çətin vaxtlar idi. Böyük
güclər Azərbaycanı məngənəyə alıb
hər tərəfdən təzyiq göstərməyə
çalışırdı. Heydər
Əliyev isə tədricən, qətiyyətlə onları
özünə və müstəqilliyini yenicə
qazanmış dövlətə hörmət hissi ilə yanaşmağa
məcbur edə bildi. Hər kəs
anlamağa başladı ki, Heydər Əliyevin idarə etdiyi
dövləti asılı vəziyyətə salmaq
mümkün deyil. O, Azərbaycanın müstəqilliyindən
heç zaman imtina etməyəcək.
Çünki Ulu Öndər istiqlalın bir xalq
üçün nə qədər böyük dəyər
olduğunu, bunun hansı çətinliklər hesabına
başa gəldiyini yaxşı bilir və bunu andiçmə
nitqində də əks etdirirdi. Ulu Öndər nitqində bildirirdi
ki, Azərbaycan öz müstəqilliyini ağır və
çətin bir şəraitdə əldə edib, Ermənistanın
hərbi təcavüzü nəticəsində ölkəmizin
müharibə şəraitində yaşaması
xalqımızı böyük bəlalarla üz-üzə
qoyub: "Ona görə də Azərbaycanın müharibə
şəraitindən çıxması və vətəndaşlar
üçün rahat, sakit, əmin-amanlıq şəraiti
yaradılması qarşımızda duran əsas vəzifədir.
Azərbaycanın ağır müharibə
şəraitinə düşməsi, Qarabağ problemi
başlanğıcdan keçmiş Sovetlər İttifaqı
rəhbərliyinin buraxdığı səhvlərin nəticəsidir.
Respublikanın həmin dövrdə
düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və
mənəvi böhran getdikcə dərinləşmiş və
1993-cü ildə demək olar son həddə
çatmışdır. Bu ilin iyun
ayında Azərbaycanda daxili sabitlik tam pozulmuş, respublikada
ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi
cinayətkar qrupların, separatçı qüvvələrin
respublikanı parçalamaq meyillərini həyata keçirmək
istəməsi və başqa səbəblər daxili
böhranı daha da dərinləşdirmişdir”.
Vətəndaş birliyinin
gücü
Heydər
Əliyev Azərbaycanın o zamankı dövlət rəhbərliyinin
buraxdığı kobud səhvlər nəticəsində
iyun ayında respublikamızın vətəndaş müharibəsi
həddinə gəlib çatmasını və bölgələrə
parçalanma təhlükəsi ilə üz-üzə
qalmasını da xüsusi vurğulayırdı: "Allaha
şükürlər olsun ki, bunların qarşısı
alındı, bəzi cinayətkar qruplar aradan
götürüldü və respublikanın daxilində
ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait
yaradıldı. Son 4 ay bizim respublikamız
üçün ağır və çətin bir dövr
oldu. Bu müddətdə respublikamız,
onun vətəndaşları böyük imtahanlardan
çıxdılar və bir daha sübut etdilər ki,
xalqın müdrikliyi, milli birlik və həmrəylik, vətəndaş
birliyi bütün bu çətinliklərin
qarşısını ala bilər və respublikanı bu
ağır vəziyyətdən çıxarmaq
üçün imkan yarana bilər”.
Andiçmə
mərasimindəki nitqində Heydər Əliyev vəd edirdi
ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək,
müstəqil dövlətimizin dünya birliyində layiqli
yer tutmasına çalışacaq, xalqın milli-mənəvi
ənənələrinə daim sadiq olacaq, bu ənənələrin
müstəqil dövlətimizdə bərqərar
olmasını, yaşamasını və inkişafını
təmin edəcək...
Sərkərdə
Heydər Əliyev yaxşı bilirdi ki, güclü,
nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza
təcavüzünün qarşısını almaq
mümkün olmayacaq. Odur ki, andiçmə mərasimindəki
çıxışında bu barədə danışaraq
deyirdi: "Azərbaycan Respublikası bir müstəqil
dövlət kimi özünü müdafiə etməyə
qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik
əldə ediləndən sonra keçən dövrdə bu
sahədə az iş
görülübdür. Lazım gələrsə,
sülh yolunda addımlarımız nəticə verməsə,
Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək üçün, respublikanı müdafiə etmək
üçün qüdrətli bir ordunun yaradılması
bizim əsas vəzifəmizdir”.
Ulu Öndər öz nitqində qətiyyətlə bəyan
edirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan
xalqı öz qamətini düzəldəcək, ayağa
qalxacaq, gücünü birləşdirəcək, müasir
ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini
bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsində atəşkəsin
əldə edilməsi ordu quruculuğunda köklü
islahatların aparılması üçün əlverişli
imkan yaratdı. Çox keçmədən ölkəmizdə
ordu quruculuğu sahəsində ciddi addımlar atıldı.
Heydər Əliyev mahir sərkərdə kimi
vahid komandanlığa tabe olan nizami ordu yaratdı, Silahlı
Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi,
ordumuz müasir silah və sursatla təmin olundu. İllər
sonra Aprel döyüşlərində Azərbaycan Ordusunun
göstərdiyi hünər, düşmənə vurduğu
sarsıdıcı zərbə də sübut etdi ki, əsası
Heydər Əliyev tərəfindən qoyulmuş ordu
quruculuğu siyasəti düzgün həyata keçirilib,
qüdrətli və rəşadətli Azərbaycan Ordusu
yaranıb.
Keçmiş, bu gün və gələcək
qarşısında and
Andiçmə nitqində Azərbaycanın o
ağır günlərdə yaşadığı
sosial-iqtisadi çətinliklər və onlardan
çıxış yolları da güzgü kimi əks
olunurdu. Ümummilli Lider deyirdi ki, müstəqilliyimizin əldə
edilməsi bizim üçün tarixi bir hadisədirsə,
iqtisadiyyatımızın belə vəziyyətdə
olması ağır və çətin bir haldır. "Təəssüf ki, son illərdə
respublikanın böhran vəziyyətində olması
iqtisadiyyatın bütün sahələrinə mənfi təsir
göstərmişdir. İqtisadiyyat, demək
olar ki, tamamilə dağılmış və bu da respublika vətəndaşlarının
rifahının aşağı düşməsinə gətirib
çıxarmışdır”.
Həqiqətən, o günlərdə yaşananlar xalq
üçün böyük məşəqqət idi. Heydər Əliyevin hakimiyyət
rəhbərliyinə qayıdışından əvvəl
öz səriştəsizlikləri ilə Azərbaycanı fəlakət
həddinə gətirib çıxarmış AXC-Müsavat
iqtidarı ölkəyə taxıl əvəzinə yem
üçün nəzərdə tutulan buğda alıb gətirərək
vətəndaşlara od qiymətinə satır, insanlar bir tikə
çörək üçün gün ərzində
mağazaların önündə növbədə
dayanır, işləyən adamlara əməkhaqqı yerinə
hansısa əmtəə məhsulu verilir, ölkədə
aclıq və səfalət baş alıb gedirdi.
Heydər
Əliyev isə öz nitqində vəziyyətdən
çıxış yolunu məhz ağıllı və
prinsipial fəaliyyətdə görürdü: "Azərbaycanın
coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri,
uzun illər boyu yaranmış əsas fondları
respublikanı bu ağır böhrandan çıxarmağa
imkan verir. Bu baxımdan biz gələcəkdə işimizdə
bir tərəfdən yaranmış potensialdan səmərəli
istifadə etmək, digər tərəfdən isə yeni
iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına
keçmək istiqamətində hərəkət etməliyik...
Mən bir Prezident kimi, xalqın
qarşısında öz fikirlərimi açıq bəyan
edir və əmin etmək istəyirəm ki, bu fikirlərə,
bu prinsiplərə daim sadiq olacağam”.
Ağlın, təfəkkürün,
zəkanın qələbəsi
Andın bütün müddəaları kimi, bu barədə
ehtiva etdiyi məqamlar da çox səmimi,
inandırıcı səslənirdi. Çünki Heydər
Əliyev onu təkcə öz adından yox, həm də mənsub
olduğu xalqın adından söyləyirdi. Bu and ümumilikdə Azərbaycanın
keçmiş, bu gün və gələcək
qarşısındakı andı idi. Xalqımızın
Ümummilli Lideri son nəfəsinə qədər öz Prezident
andına sadiq qaldı.
Ölkəyə
rəhbərliyinin ilk günlərindən hərtərəfli
islahatlara start verildi. Beynəlxalq aləmə
inteqrasiya sürətləndirildi, müstəqil Azərbaycanın
dünyadakı dostlarının çevrəsi genişləndirildi.
Ən başlıcası isə, 1994-cü ilin
sentyabrında dünyaya səs salan "Əsrin müqaviləsi”
kimi nəhəng neft sazişi imzalandı. Bakıda
dünyanın 8 ölkəsini təmsil edən yüksək
nüfuza malik, neft hasilatı üzrə
ixtisaslaşmış 13 iri neft şirkəti arasında
"Azəri”, "Çıraq” və "Günəşli”
yataqlarının birgə fəaliyyətini nəzərdə
tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın
tarixində və taleyində mühüm rol oynadı. "Əsrin müqaviləsi” ilə Azərbaycan
özünün təbii sərvətlərinə sahib
çıxmaq haqqını bütün dünyaya bəyan
etdi, milli mənafelərimizi, iqtisadi və strateji
maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin
mühüm təminatına çevrildi.
Dahi şəxsiyyətin hazırladığı yeni
neft strategiyasının reallaşdırılmasında onun ən
böyük silahdaşı o zaman Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan
İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu York, Hyuston, Dallas,
İstanbul və digər şəhərlərdə iri neft
şirkətlərinin rəhbərləri ilə səmərəli
görüşlər keçirən və
danışıqlar aparan İlham Əliyev
xalqımızın milli maraqlarını tam təmin edən
müqavilə şərtlərinin əldə edilməsi
üçün gərgin əmək sərf edir, Ulu Öndərin
qarşıya qoyduğu vəzifələri uğurla yerinə
yetirərək böyük nəticələrə nail olurdu.
Bu sazişin imzalanması ağlın, dərin təfəkkürün
və parlaq zəkanın qələbəsi idi. Dünyada
böyük söz sahibi olan ABŞ, Fransa, İngiltərə
kimi nəhəng ölkələrin neft bazarında
ağır çəkiyə malik şirkətlərinin bu
müqavilədə iştirakı bütün dünyaya Azərbaycanın
verdiyi bir ismarıc oldu. Məhz bu hadisədən
sonra Azərbaycanın həm beynəlxalq aləmdə siyasi
nüfuzu, həm də sabit və etibarlı tərəfdaş
kimi mövqeyi sürətlə möhkəmlənməyə
başladı. Bunun ardınca Ulu Öndərin
Fransaya, ABŞ-a və digər xarici ölkələrə səfərləri,
bu dövlətlərin siyasi elitaları ilə gərgin
danışıqları və təkidləri onların Azərbaycana
münasibətində, siyasətində böyük müsbət
dəyişikliklər yaratdı. Yaxşı
yadımızdadır ki, Ümummilli Lider hansı ölkəyə
səfər edirdisə, Azərbaycanın xəritəsini də
özü ilə aparırdı. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən
danışırdı. Məkrli erməni
siyasətçilərini ifşa edirdi. O, dünyanı
öz əzəməti ilə silkələyirdi, gətirdiyi
sarsılmaz dəlillərlə beynəlxalq ictimaiyyəti Azərbaycan
həqiqətlərinə doğru-dürüst yanaşmaq məcburiyyəti
qarşısında qoyurdu.
Tarixə ədalətli qiymət
Heydər Əliyevin andiçmə mərasimindəki
nitqi Azərbaycan xalqının qəlbində sabaha ümid
çırağı yandırdı. Xalqı sabahın daha
yaxşı olacağına əmin etdi. Azərbaycanın
öz tarixinin ən mürəkkəb, faciəli
dövrünü yaşadığını, məhz bu
dövrdə üzərinə götürdüyü missiyanın
məsuliyyətini dərindən dərk etdiyini deyən Ulu
Öndər bütün fəaliyyətini bu etibarı
doğrultmağa sərf etdi. Öz
amalına, məramına hər zaman sadiq qaldı.
Heydər Əliyevin andiçmə nitqi həm də
tarixə obyektiv bir qiymət idi və Azərbaycanın
istiqlalının əldə olunmasında iştirak etmiş
hər kəsin, bütün vətəndaşlarımızın
əməyini ədalətli şəkildə qiymətləndirməklə
yanaşı, insanlar qarşısında milli dövlətçilik
məsələləri ilə bağlı məsuliyyət də
müəyyənləşdirirdi. Heydər Əliyev deyirdi: "Azərbaycan
Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti,
milli nailiyyətidir və bu müstəqilliyin əldə
olunmasında hər hansı qrupun, hərəkatın,
qüvvənin müstəsna xidmətləri olduğunu
heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda, Azərbaycanın müstəqilliyi
respublika qarşısında, onun vətəndaşları
qarşısında çox böyük və mürəkkəb
vəzifələr qoyub. Dövlət müstəqilliyini
möhkəmləndirmək, müstəqil dövlət
quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və
inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi
bütövlüyünü, tam suverenliyini təmin etmək,
ölkəmizi müharibə şəraitindən
çıxarmaq, respublikanın vətəndaşlarının
rifahını yaxşılaşdırmaq, onların
yaşaması üçün lazımi şərait yaratmaq
və bu vəzifələr mənim Prezident fəaliyyətimdə
əsas istiqamətlər olacaqdır və mən bunların
həyata keçirilməsinə çalışacağam”.
Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini
demokratik, hüquqi dövlət quruculuğunda
görürdü. Qeyd edirdi ki, müstəqil Azərbaycanda
demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında
fəaliyyət göstərməlidir. Öz
tarixi ənənələrindən, milli ənənələrindən
bəhrələnərək dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək demokratik dövlət quruculuğu yolu
ilə getməlidir. Ulu Öndər bu hədəflərin
hamısına nail oldu. 1995-ci ildə onun rəhbərliyi
ilə hazırlanaraq ümumxalq səsverməsində qəbul
edilmiş müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası demokratik islahatların, hüquqi dövlət
quruculuğu proseslərinin konstitusion əsaslarını formalaşdırdı.
Müstəqil respublikamızın ilk parlamenti
formalaşdı. Azərbaycan Avroatlantik məkana
inteqrasiya yolu tutdu və bu yolda mühüm nailiyyətlər
qazandı.
Zamanı qabaqlayan Lider
Heydər Əliyev qan-qadanı aradan götürdü,
insanlarda gələcəyə ümid yaratdı, qorxu, vahimə
içində naçar qalmış vətəndaşlar
asudə nəfəs aldılar. Azərbaycan xaosdan,
anarxiyadan, hərc-mərclikdən,
özbaşınalıqdan, parçalanma təhlükəsindən
qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Cəmiyyətdə ümumi ruh yüksəkliyi,
xoş, inamlı ovqat hakim oldu. Azərbaycan
iqtisadiyyatı böhrandan qurtararaq inkişaf xəttinə
çıxdı. Xarici investisiyalar ölkəmizin neft
sektoru ilə yanaşı, digər infrastruktur sahələrə
də yeni həyat verdi. Heydər
Əliyev bazar iqtisadiyyatına keçid prosesini də
uğurla yönəltdi. Cəmiyyətimizdə
azad bazar iqtisadiyyatı prinsipləri tədricən bərqərar
oldu. Sahibkar təbəqəsi
formalaşdı. Azərbaycan
keçmiş sovetlər məkanında torpaq
islahatlarını uğurla həyata keçirən ilk
ölkə oldu, dövlət mülkiyyətinin özəlləşdirilməsinə
başlandı. Əhalinin sosial rifah
halı təkamül yolu ilə yaxşılaşdı, təhsilə,
səhiyyəyə, mədəniyyətə, elmə diqqət
artırıldı. Cəmiyyətin nəzərində
bu sferaların dəyəri yenidən yüksəldi.
Və cəmiyyət
hiss etdi ki, böhran dövrü artıq arxada qalır. Ulu Öndər ölkəmizin inkişaf
strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan
modelini yaratdı.
Heydər Əliyevin 1998-ci ildə keçirilmiş
prezident seçkilərində də böyük
üstünlüklə qələbə qazanması qədirbilən
xalqımızın bu böyük liderə sevgi və
etimadının ifadəsi idi. Azərbaycan insanı
zamanı qabaqlamağı bacaran dahi şəxsiyyət kimi
Heydər Əliyevə hər zaman inanır, özlərinin və
ölkənin taleyini heç bir tərəddüdsüz onun
müdrik zəkasına, ədalətinə etibar edirdilər.
Azərbaycan xalqının yaddaşında qurucu və
xilaskar dövlət xadimi, Ümummilli Lider kimi əbədiyyət
qazanmış Heydər Əliyevin fəaliyyəti sabaha
ünvanlanan fəaliyyət idi. Onun arzularında boy
verən Azərbaycan isə müasir Azərbaycandır.
Ulu
Öndərin 26 il əvvəl içdiyi
anda sadiqlik bugünün Azərbaycanında da davam edir. Heydər Əliyev irsinin davamçısı,
müasir dünyamızın ən parlaq liderlərindən
olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin bu anda sadiqliyi milli dövlətçilik tariximizin ən
böyük nailiyyətlərini yaradır.
Ulu Öndərin öz andında ifadə etdiyi
bütün arzuları, ümidləri cənab İlham
Əliyev artıq reallığa çevirib.
Bu gün öz tarixi və milli ənənələrindən
bəhrələnən, dünya demokratiyası təcrübəsinə,
ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan
dövləti tam təşəkkül tapıb və
uğurla inkişaf edir. Ən əsası isə bu, xalq və
dövlət arasındakı sarsılmaz birliyə əsaslanır.
Yeni nəfəs
Prezident İlham Əliyev
düşünülmüş islahatları və müdrik qərarları
ilə Azərbaycan həyatına yeni nəfəs gətirib,
Azərbaycanı dünyanın inkişaf edən ölkələri
sırasına çıxarıb. Onun siyasətinin mərkəzində
insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha
xoş günə, daha firavan həyata qovuşdurmaqdır.
Xalqa xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan
bu gün dünyanın siyasi sistemində özünəməxsus
yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət
və ehtiramla yanaşır, qlobal böhranlardan
çıxış yolları axtarışında fikir və
rəylərinə, irəli sürdüyü təkliflərə
diqqət yetirirlər. Çünki bu nadir rəyləri
nəzərə alan hər kəs onun
reallıqları, imkan və perspektivləri inamla əks
etdirdiyini, verdiyi faydaları dəfələrlə
görüb.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı
inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin
dinamik inkişafı, sürətlə modernləşməsi,
dünyada nüfuz və söz sahibinə çevrilməsi
ilə səciyyəvidir. Prezidentimiz
mötəbər beynəlxalq təşkilatların
kürsülərində qətiyyətli, məntiqi
çıxışları ilə diqqəti cəlb edir,
milli mənafeləri bütün səviyyələrdə cəsarətlə
qoruyur, müstəqil xarici siyasət yürüdür.
"Qarabağ Azərbaycandır və
nida işarəsi”
Azərbaycan
Prezidentinin 3 oktyabr 2019-cu ildə "Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik iclasının plenar
sessiyasındakı tarixi çıxışı bunun daha
bir nümunəsi oldu. Cənab İlham Əliyevin 15 dəqiqə
müddətində əsas tezislərini qlobal və regional
geosiyasətin ən aktual məsələləri fonunda
Rusiya-Azərbaycan münasibətlərinin strateji xarakteri, Ermənistan
rəhbərliyinin son vaxtlar ifadə etdiyi məsuliyyətsiz bəyanatlar,
Azərbaycanın bu məsələdəki konkret mövqeyi və
dövlət quruculuğunda əldə edilən nailiyyətlər
üzərində qurduğu bu çıxışı
mükəmməllik baxımından dərsliklərə
düşəsi mövzudur. Azərbaycan
Prezidenti bu çıxışı ilə dünyanın hər
yerində gələcəkdə özünü siyasi lider,
dövlət xadimi kimi yetişmək istəyən şəxslərə
əsl ustad dərsi keçdi desək, əsla yanılmarıq.
Prezident İlham Əliyevin nitqində Nikol
Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı söylədiyi
populist fikirlərə tutarlı cavab xüsusilə
böyük marağa səbəb oldu.
Qeyd edək ki, "Valday” Beynəlxalq Diskussiya Klubu
dünyanın nüfuzlu "beyin mərkəzlərindən”
sayılır.
Klub 2004-cü ildən fəaliyyətdədir.
Ötən illər ərzində aparıcı
ekspertlərin görüş yerinə çevrilən klubun
toplantılarında bəşəriyyəti
düşündürən ən aktual siyasi, geosiyasi, iqtisadi,
sosial, humanitar məsələlər müzakirə edilir,
diskussiyalar aparılır. Builki tədbirə
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham
Əliyevi də dəvət etmişdi.
Azərbaycan Respublikası Prezidentinin ifadə etdiyi fikirlər
həm qlobal geosiyasət, həm də regional təhlükəsizliyin
təmini baxımından prinsipial əhəmiyyətli məqamlarla
zəngin idi.
Auditoriyanın diqqətindən hiss olunurdu ki, cənab
İlham Əliyev öz çıxışının elə
ilk tezislərindən dinləyiciləri məharətlə ələ
ala bilib. Onun Rusiya və Azərbaycan arasında tərəfdaşlıq
münasibətləri, dünya miqyasında müşahidə
edilən başlıca trendlər və onların Avrasiya məkanına
təsiri fonunda Rusiyanın dövlət olaraq fəaliyyətinə
dair qısa analizi, Rusiya lideri Vladimir Putinin əldə etdiyi
nailiyyətlərə verdiyi obyektiv qiymət müasir
reallıqları əks etdirirdi.
Cənab İlham Əliyevin nitqinin kulminasiya məqamı
isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər,
Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm
fikirlərinə verdiyi lakonik və təkzibolunmaz cavab idi.
Yada salaq ki, Nikol Paşinyan bir qədər əvvəl
Ermənistanın mövqeyi ilə bağlı belə bir
"tezis” səsləndirmişdi ki, guya ki, bunu Azərbaycan tərəfinə
də müraciət edib, ancaq cavab almayıb. Onun dedikləri qısaca
olaraq belə idi: "Dağlıq Qarabağ Ermənistandır
və nöqtə. Bundan sonra elə qərar qəbul
edilməlidir ki, Ermənistan, Azərbaycan və Dağlıq
Qarabağ xalqlarını qane etsin”.
Ermənistanın
baş nazirinin gözlədiyi cavabı Azərbaycan Prezidenti
yığcam şəkildə və dəqiq verdi.
Və qürurvericidir ki, özünə tam
inamla, simasında təbəssüm və qətiyyətlə
ifadə etdi. İlham Əliyev
"Qarabağ Ermənistandır” ifadəsinin yalan olduğunu
göstərdi. Ərazinin qədim tarixinə müraciət
edən Azərbaycan Prezidenti inamla bəyan etdi ki,
Dağlıq Qarabağ tarixi, mədəni, demoqrafik, siyasi,
geosiyasi və bütün digər mənalarda daim Azərbaycanın
olub və ora indi də Azərbaycandır. Və həmin fikri
möhtərəm Prezidentimiz tarixdən silinməyəcək
bir əminliklə ifadə etdi: "Qarabağ Azərbaycandır
və nida işarəsi”.
"Mən həqiqəti deyirəm”
Bu o qədər ustalıqla verilmiş güclü, dəqiq,
yığcam və eyni dərəcədə də obyektiv bir
cavab idi ki, hətta erməni mətbuatı belə bu fikrin
Nikol Paşinyanın "nöqtəsini əzib
keçdiyini” yazdı. Bu, həm də "Valday” Klubunun toplantısında
iştirak edənlərə, bu illər ərzində
işğalçının Azərbaycan ərazisindən
çıxarılması üçün heç bir iş
görməyən ATƏT-in Minsk qrupuna diplomatik mesaj idi.
"Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq
işimizi mən bütün kürsülərdə arqumentlərlə,
tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında
müdafiə edirəm və bu arqumentlərə qarşı
hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki
mən həqiqəti deyirəm və bunu elə kürsülərdən
deyirəm ki, bütün dünya eşitsin”.
Bunu da
Prezident İlham Əliyev oktyabrın 8-də Bakının
Qaradağ rayonunda məcburi köçkünlər
üçün salınmış "Qobu Park-2”
yaşayış kompleksinin açılışı
zamanı səsləndirdi və Paşinyanın
cavabını niyə məhz "Valday” Beynəlxalq Diskussiya
Klubunda verdiyinə özünəməxsus diplomatik məharətlə
aydınlıq gətirdi:
"Ermənistanın baş naziri Xankəndidə
yığılmış bir neçə adamın
qarşısında o cəfəng sözləri demişdi. Mən
başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim.
Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər,
2000 nəfər olardı. Mən onu elə bir yerdə
dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada,
mötəbər "Valday” klubunun panelində dedim və bunu
bütün dünya eşitdi. Yəni sizə
deyim ki, əgər işlər məhz təmkinlə,
ağılla qurulursa, zərbələr də dəqiq olur.
Elə zərbə vuruldu ki, o zərbədən
çətin ki, ayılsınlar. Çünki
kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir.
Əvvəllər - münaqişə ilə
bağlı məlumat olmayan dövrdə, əlbəttə,
bütün yalanları yayırdılar. Hər
bir ölkədə onların diaspor təşkilatları var
idi, bizim isə heç nəyimiz yox idi. Ona görə
münaqişə ilə bağlı təhrif edilmiş
faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail
olmuşlar ki, onlara inansınlar. Bu gün biz
informasiya dövründə, internet dövründə
yaşayırıq. Həqiqət var və
bunu mən çatdırmışam. Hər
kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan
torpağıdır, beynəlxalq hüquq tərəfindən
tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır
və nida işarəsi, vəssalam”.
Bu məharətin kökü Ulu Öndər Heydər
Əliyevdən əxz olunmuş siyasət
ustalığının davamıdır. Azərbaycana
bu sevgi, bu bağlılıq, bu qətiyyət Heydər
Əliyevin xalq qarşısında içdiyi anda sadiqliyin nəticəsidir.
Və
bütün bunlar Azərbaycanın milli dövlətçilik
tarixinə, Azərbaycanın intibahına çevriləcək
həqiqətin, dövlətə, Vətənə, xalqa ali xidmətin şərəf səhifələridir.
Nurlana
ƏLİYEVA,
YAP İdarə
Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri,
professor
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 4.