Li Keçyan: Çin və Azərbaycan dövlət başçılarının ciddi səyləri və uzaqgörənliyi sayəsində uğurla inkişaf edir

 

Çin və Azərbaycan dövlət başçılarının ciddi səyləri və uzaqgörənliyi sayəsində uğurla inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikası Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyan Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovla görüşdə deyib.

Hacıbala Abutalıbov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Li Keçyana çatdırıb, həmçinin dövlətimizin başçısının salamlarının ÇXR Sədri Si Cinpinə çatdırılmasını xahiş edib. Qeyd olunub ki, böyük tarixi olan Azərbaycan-Çin münasibətləri müasir dövrdə hər iki xalqın mənafeyinə uyğun olaraq daha da möhkəmlənir. Tərəflər son illər ikitərəfli əlaqələrdə müşahidə olunan ciddi inkişafdan məmnunluq ifadə edib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın inkişafındakı vacib rolunu vurğulayıblar.

Baş Nazirin müavini "Pekin EKSPO 2019" beynəlxalq botanika sərgisinin bağlanış mərasimində iştirak etmək üçün dəvətə görə təşəkkür edib. O, ölkəmizin Çin ilə əlaqələrin bütün sahələrdə dərinləşməsinə böyük əhəmiyyət verdiyini bildirib, Azərbaycanın "Vahid Çin” siyasətini dəstəklədiyini bir daha bəyan edib. Hacıbala Abutalıbov Çinin Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Azərbaycanın ÇXR Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəklədiyini deyən Baş Nazirin müavini bu strategiyanın əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Cari ilin aprelində Pekində ikinci "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını yada salan H.Abutalıbov diqqətə çatdırıb ki, həmin tədbirə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın dövlət başçısının dəvət olunması Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olmasını xarakterizə edir.

Baş Nazirin müavini Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın dost və tərəfdaş ölkə kimi Çinin ötən müddətdə əldə etdiyi uğurlara sevindiyini deyib.

Li Keçyan "Pekin EKSPO 2019" botanika sərgisinin bağlanış mərasimində iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Azərbaycan tərəfə minnətdarlıq edib. O, Azərbaycan Prezidentinin salamlarına görə təşəkkür edib, dövlətimizin başçısı ilə bir neçə dəfə görüşdüyünü və aralarında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin olduğunu deyib. ÇXR Dövlət Şurasının Sədri onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Li Keçyan iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının məmnunluq doğurduğunu, "Bir kəmər, bir yol" strategiyasının iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar yaratdığını deyib.

ÇXR Dövlət Şurasının sədri ölkələrimizin rəhbərləri tərəfindən müəyyən edilmiş inkişafın davamlı olacağına əminliyini ifadə edib. "Vahid Çin” siyasətinə olan dəstəyə görə Azərbaycana minnətdarlıq edən Li Keçyan ölkəsinin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünüsuverenliyini tanıdığını bir daha təsdiq edib.

 

Azərbaycan.- 2019.- 10 oktyabr.-  S. 5.