Görkəmli
şərqşünas alim Aida İmanquliyevanın 80 illik
yubileyinə həsr olunan elmi
konfrans keçirilib
Oktyabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyinə həsr edilən elmi konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak edirlər. Konfransda çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova böyük alimin keçdiyi həyat yolundan, çoxşaxəli elmi fəaliyyətindən bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva "Filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.
Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanda məşhur şərqşünaslar çox olub; ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillərdə yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, Azərbaycanın böyük tarixçiləri, islamşünaslar, mətnşünaslar və s. Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan bu parlaq alimlər, işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında xüsusi "Azərbaycan məktəbi”nin mövcudluğunun etiraf olunmasını təmin ediblər. Görkəmli şərqşünas alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda, keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olub. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş ittifaq miqyasında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətib. Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçib, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəlib. 1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsini və tezliklə bu ixtisas üzrə professor adı alıb.
Üç monoqrafiyanın ("Mixail Nüaymə və "Qələmlər birliyi”, M., 1975; "Cübran Xəlil Cübran”, B., 1975; "Yeni ərəb ədəbiyyatı korifeyləri”, B., 1991) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılan bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb. O, həmçinin Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən Asiya və Afrika xarici ölkə ədəbiyyatları ixtisası üzrə müdafiə şurasına sədrlik edib.
Qeyd edib ki, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib. Onun bir alim kimi maraq dairəsi geniş və çoxşaxəli olub. Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatıdır.
"Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi”, - deyə Gövhər Baxşəliyeva bildirib.
Akademik G.Baxşəliyeva vurğulayıb ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil edib. Görkəmli alim elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.
Konfransda "Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva İraq ədəbiyyatı haqqında”, "Azərbaycanda ərəb məhcər ədəbiyyatının ilk tədqiqatçısı” və digər mövzularda məruzələr dinlənilib.
Çıxış edənlər Aida İmanquliyevanın bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq həyatını xalqının tarixinin, adət-ənənələrinin dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib, görkəmli alim kimi yadda qalıb. O, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, yeni məktəbin əsasını qoyub. Aida xanım dünyada tanınan böyük alim, fəal ictimai xadim idi. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun adı ilə bağlıdır. Alimin bununla bağlı əsərləri dərin məzmunu, aktuallığı və əhəmiyyətinə görə daim diqqəti cəlb edir.
Tədbir çərçivəsində
görkəmli alimin əziz xatirəsinə
ithaf edilən və vaxtilə
yazdığı geniş "Ön söz”lə çap
edilən "Ağ günlərin
sorağında (İraq ədəbiyyatından
seçmələr)” kitabının II nəşrinin təqdimatı
olub.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 6; 8.