Seçki prosesinin təkmilləşdirilməsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti

 

Xalqımız ictimai-siyasi həyatda özünəməxsus yeri olan bələdiyyə seçkiləri ərəfəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən bələdiyyələr seçkilər əsasında yaradılır. Yerli özünüidarəetmə orqanlarının yenidən formalaşmasında mühüm yer tutan növbəti bələdiyyə seçkilərinin də demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçiriləcəyi birmənalıdır.

İlk növbədə ona görə ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ötən qısa zamanda seçki sistemi təkmilləşdirilib, mükəmməl hüquqi baza yaradılıb, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq daha da genişlənib və seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə olunub. Eyni zamanda bu illər ərzində insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin olunması və qorunması mexanizmləri təkmilləşdirilib, bu sahədə inkişaf etmiş Avropa dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq xeyli dərinləşib.

Məlumdur ki, müasir dünyada insan və vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri kimi məhz seçki hüququ qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunan həmin normaya əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Bu hüquqlar bilavasitə seçki subyektlərinin özləri tərəfindən (seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları və referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının və referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları və s.) qanunvericiliyin verdiyi imkanlar çərçivəsində reallaşdırılır.

İnsan və vətəndaşın hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması və onun daha sivil həyata keçirilməsi vasitələrindən olan seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi bir sıra amillərlə, o cümlədən də ictimai-siyasi sabitliyin, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialının mövcud olması, maddi-texniki təchizatın yüksək səviyyəsi, eyni zamanda mükəmməl qanunvericilik bazasının və icra mexanizmlərinin yaradılması ilə bağlıdır. Bu baxımdan qısa zaman kəsiyində respublikamızda sanballı nəticələrə imza atılıb, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra təqdirəlayiq dövlət proqramları hazırlanıb həyata keçirilib. Sözügedən proqramlardan biri kimi seçki subyektlərinin maarifləndirilməsi həm əhatə dairəsi, həm də əhəmiyyətliliyi nöqteyi-nəzərindən olduqca faydalıdır.

Beş milyondan artıq daimi seçicinin, çoxsaylı namizəd və onların təmsilçilərinin, müşahidəçi və KİV nümayəndələrinin seçki prosesinə qoşulması təşkil olunan maarifləndirmə tədbirlərinin xarakter və əhəmiyyətini müəyyən etməyə kömək edir. Məhz buna görə də ölkədə seçkilərin hazırlanıb keçirilməsi səlahiyyətlərini həyata keçirən dövlət orqanı kimi Mərkəzi Seçki Komissiyasının (MSK) çoxşaxəli fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur.

Bu baxımdan seçici siyahıları ilə diqqət mərkəzində dayanan ən önəmli məsələlərdən biridir. Seçici siyahıları çox mühüm seçki sənədidir, ilboyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texnikiproqram təminatı imkanları xeyli genişləndiyindən bütün sahələrdə, o cümlədən seçici siyahılarının keyfiyyətinin daha da yaxşılaşdırılmasında mühüm irəliləyişlər vardır.

Məlumat üçün qeyd edək ki, ölkə üzrə cari ilin yanvar ayından başlanan seçici siyahılarının dəqiqləşdirilməsi işi artıq may ayında başa çatıb, qanunvericiliyin tələbinə uyğun olaraq səsvermə gününə azı 25 gün qalmış isə dəqiqləşdiriləcəkdir.

2005-ci ildən etibarən seçicilərin tanış olması məqsədilə siyahıların MSK-nın internet səhifəsində yerləşdirilməsi praktikası hazırda da davam etdirilir. Hər bir seçici bu səhifədə öz adının olub-olmadığını yoxlayaözü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairə) dəqiqləşdirib, səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat marşrutları və s. barədə lazımi məlumatlar əldə edə bilir. Seçicilər hər hansı məlumatın əldə edilməsi, eləcə də özləri barədə məlumatların yoxlanılması və aşkar etdikləri yanlışlıqları MSK-da təşkil olunan qaynar xətt vasitəsilə, yaxud internet səhifəsindəki onlayn ərizə formasını doldurmaqla aradan qaldırır.

Seçici siyahılarının dəqiqləşdirilməsi və seçki komissiyaları ilə əlaqə baxımından MSK-nın 115 nömrəli elektron qaynar xəttinin əhəmiyyəti olduqca böyükdürdaim seçicilərin istifadəsindədir. Yüksək texnologiyalarinnovasiyalardan istifadə də qanunvericiliyin verdiyi imkanlar daxilində seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi işinin durmadan təkmilləşdirilməsinə yardım edir.

Seçki subyektləri MSK-nın internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatları asanlıqla əldə edə bilirlər. Seçicilərin və digər seçki prosesi iştirakçılarının etibarlı məlumat qaynağına çevrilən bu mənbədə Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilən bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra səhifədə yerləşdirilməklə), MSK-nın fəaliyyət hesabatları, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyaları, ünvan və xəritələri, əlaqə məlumatları, seçicilərin siyahısı, seçicilərin axtarış sistemi, nəqliyyat marşrutu, seçki komissiyalarının tərkibi, daxil olmuş şikayət və müraciətlərə dair ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər, referendum üzrə təşviqat qrupları barədə, seçkiqabağı (referendumqabağı) təşviqatla əlaqədar, ümumiyyətlə, MSK-nın fəaliyyəti ilə bağlı bütün məlumatlar əks olunur. Bundan başqa, MSK tərəfindən seçicilərə göstərilən 10 istiqamət üzrə elektron xidmətlər komissiyanın internet səhifəsi ilə seçicilərin və digər maraqlanan şəxslərin istifadəsinə verilir.

Məlumat üçün bildirək ki, hər il vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra MSK nəzdində fəaliyyət göstərən və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya iki aydan gec olmayaraq iclas keçirir, seçki dairələrinin yaradılması sxeminə, onun qrafik təsvirinə və seçki dairələrinin hüdudlarına dair təkliflər verir. Həmin təkliflər MSK-nın iclasında müzakirə edilərək müvafiq qərarlar qəbul olunurbunun da nəticəsində seçki dairələrinin adları, ünvanları və hüdudları, o cümlədən seçki məntəqələrinin sayı, dislokasiyaları dəqiqləşdirilir və qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Bu proses də ictimailəşdirilir və seçki subyektlərinin daha məlumatlı olmasına yardım edir.

Normativ xarakterli aktların hazırlanması və yayılması sahəsində həyata keçirilən tədbirlər MSK-nın maarifləndirmə proqramının ayrılmaz hissəsini təşkil etməklə seçki subyektlərinin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayır. Təlimat, qaydaizahlar formasında qəbul edilən həmin aktlar bilavasitə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki subyektlərinin hüquqi biliklərinin artırılması, bir sözlə, hüquq maarifçiliyi məqsədlərinə xidmət edir.

Seçkilərin təyin edilməsindən dərhal sonra MSK tərəfindən seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar nəzərdə tutulan əsas addımların əks olunduğu Təqvim planı hazırlanıb təsdiq edilir. Seçkilərin hazırlanıb keçirilməsi üzrə seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıllığını, müddətləri və subyektlərin əhatə dairəsini müəyyən edən bu sənəd 2 dildə (Azərbaycan və ingilis dillərində) çap olunur və komissiyanın rəsmi internet səhifəsində yerləşdirilir.

MSK ölkədə keçirilən hər bir seçki (referendum) üçün normativ-hüquqi sənədlərdən ibarət toplular hazırlayaraq onun çap olunması və aşağı seçki komissiyası üzvləri arasında paylanması işini uğurla təşkil edir. Ənənəyə sadiq qalaraq əvvəlki seçkilərdə olduğu kimi, hazırkı bələdiyyə seçkiləri üçünbeş toplu çap olunması, aşağı seçki komissiyalarına və digər seçki subyektlərinə paylanılması nəzərdə tutulur. Bundan başqa, hər seçki zamanı seçkilərin hazırlanması və keçirilməsi üzrə "Əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı”, "Səsvermə günü üçün Yaddaş kitabçası”, "Müşahidəçilər üçün Yaddaş kitabçası”, "Namizədlər üçün Yaddaş kitabçası”, "Polis üçün Yaddaş kitabçası” və s. vəsaitlər çap olunaraq seçki subyektlərinin istifadəsinə verilir.

MSK-nın həyata keçirdiyi mühüm əhəmiyyətli layihələrdən biri də aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsidir. Çünki seçki komissiyalarının sisteminə daxil olan pillələrdə otuz bir mindən artıq komissiya üzvü fəaliyyət göstərir ki, seçkilərin beynəlxalq standartlara uyğun hazırlanıb keçirilməsi bilavasitə onların da peşəkarlıq səviyyəsindən, bilik və bacarıqlarından asılıdır.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və onun davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı MSK tərəfindən aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar, habelə digər seçki subyektlərinin maarifləndirilməsi üçün bu qəbildən olan çoxsaylı tədbirlər həyata keçirilib.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iki mərhələdən ibarət olmaqla öncə dairə seçki komissiyalarının sədrləri üçün, sonra isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ölkə üzrə təşkil edilir. Həmin tədbirlərə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin, həmçinin digər müxtəlif dövlət orqanlarının məsul şəxsləri cəlb olunurlar. Məlumat üçün qeyd edək ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün müvafiq olaraq müşavirə və seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcəkdir.

Bələdiyyə seçkiləri ilə bağlı nəzərdə tutulan layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihələridir. Qeyd etmək lazımdır ki, 2002-ci ildən əsası qoyulan bu layihə əvvəllər MSK-nın treninq qrupları tərəfindən həyata keçirilirdi. Sonradan Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trenerin hazırlanması təcrübəsi öz müsbət nəticəsini verdi. Cari seçkilərdə də nəzərdə tutulan treninqlər dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayacaq. 125 seçki dairəsindən olan 250 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılacaq və onlar praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar barədə interaktiv müzakirələrə cəlb olunacaqlar. Tədbirdə əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunan təcrübə də müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr veriləcək. Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsi əsasən 35-40 nəfərlik kiçik qruplar şəklində keçiriləcək və bu treninqlərdə aşağı seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılacaqlar.

Dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktiki treninqlər keçirilməsi də maarifləndirmə tədbirlərinin tərkib hissəsidir. MSK-nın inzibati binasında təşkil olunacaq treninqlərdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumat verilməsi, əyani formada istifadə qaydalarının öyrədilməsi nəzərdə tutulur. Treninqlərin nəticəsində operatorlar praktiki təcrübəsi qazanacaqlar ki, bu da seçki günü şəbəkədən daha rahat istifadəni təmin edir.

Ümumiyyətlə, MSK-nın maarifləndirmə məqsədi daşıyan tədbirlərinin hüdudları ildən-ilə genişlənir. Bu proses bir çox hallarda digər təşkilat və qurumların təmsilçiləri - yerli icra hakimiyyəti başçıları, Səhiyyə Nazirliyi, polis orqanları, penitensiar xidmət əməkdaşları, gənclər təşkilatları, KİV və s. ilə birlikdə həyata keçirilir. Həmçinin maarifləndirmə tədbirlərinə beynəlxalq təşkilatların nümayəndələrinin qoşulması təcrübəsi genişlənməkdədir.

İctimai TeleviziyaRadio Yayımları Şirkəti və dövri nəşrlər seçki dövründə MSK üzvləri və katiblik əməkdaşlarına da qanunvericiliyi izah etmək, ictimaiyyəti öz fəaliyyəti haqda məlumatlandırmaq, seçicilərin suallarına cavab vermək üçün ödənişsiz vaxt ayırır. 2010-cu ildən etibarən İctimai Televiziyada həftədə bir dəfə efirə gedən "Xalq seçir” (referendumda "Xalqın səsi”) adlı bütünlüklə seçkilərə həsr olunmuş xüsusi maarifləndirmə proqramı da seçkilərlə bağlı müxtəlif aktual aspektləri işıqlandırır.

Xüsusilə vurğulamaq lazımdır ki, seçki komissiyaları kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir, onlara seçkiləri işıqlandırmaları üçün hər cür şərait yaradır, öz peşə borclarını layiqincə yerinə yetirmələrinə lazımi kömək göstərirlər. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunur və lazımi məlumatları dərhal və birbaşa əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məlumatlandırılması məqsədilə MSK tərəfindən müxtəlif xarakterli mətbuat konfransları, brifinqlər keçirilir, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılır, mətbuat bülletenləri və məqalələr dərc olunur. Bu seçkilərdə də MSK Milli TeleviziyaRadio Şurası, Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVİDF) ilə birgə "Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda birgə konfrans keçirməyi nəzərdə tutur.

Müsbət haldır ki, MSK-nın maarifləndirmə məqsədi daşıyan tədbirlərinin hüdudları ildən-ilə genişlənir. Əgər əvvəllər maarifləndirmə tədbirləri əsasən aşağı seçki komissiyaları üzvləri və seçicilər arasında aparılırdısa, sonradan bu xarakterli tədbirlər polis əməkdaşları, seçici qadınlar, ilk dəfə səs verən gənclərlə, səhhəti ilə əlaqədar xəstəxana və istirahət yerlərində olan seçicilərlə də təşkil olundu və səmərəli nəticələr verdi. MSK rəhbərliyi də bu xarakterli tədbirlərin əhatə dairəsini daha da genişləndirməyi məqsədəmüvafiq hesab edir.

Siyasi partiyalarla qarşılıqlı əməkdaşlıq, onların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi ilə bağlı aidiyyəti subyektlərin maarifləndirilməsi də xüsusi diqqət yetirilən sahələrdəndir. MSK nəzdində Nəzarət-Təftiş Xidmətinin, MSK Katibliyinin "Siyasi partiyaların maliyyə hesabatları üzrə ” və "Siyasi partiyaların sənədləri ilə ” sektorlarının əməkdaşlarının da iştirak etdiyi seminarda siyasi partiyaların illik maliyyə hesabatlarına dair tələblər, onların tərtib edilməsi, səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik hesabatlarının tərtib edilməsində müstəqil auditorların rolu, onların hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onların xüsusiyyətləri, eləcə də maliyyə hesabatlarına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilir. Seminarlarda həmçinin siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələr aparılaraq meydana çıxan suallar cavablandırılır. Rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyaların təmsilçilərinin və aidiyyəti dövlət qurumlarının - Ədliyyə Nazirliyi, Maliyyə NazirliyiAuditorlar Palatasının nümayəndələrinin də bu tədbirlərdə iştirakı səmərəliliyi daha da artırır.

Seçki təcrübəsi göstərir ki, seçkilər zamanı bəzən buya digər səbəblərdən vətəndaşların seçki hüquqlarının pozulması halları olur. Bu isə pozulmuş seçki hüquqlarının bərpa olunması zərurətini yaradır. Məhz bu zərurətlə bağlı MSK 2008-ci ildən başlayaraq Avropa Şurası Venesiya Komissiyası ilə birgə şikayət və müraciətlərə baxılması ilə əlaqədar dairə seçki komissiyalarının ekspert qruplarının üzvləri üçün seminar-treninqlər keçirir. Seçki qanunvericiliyinə görə şikayətlər ilkin olaraq dairə seçki komissiyalarında yaradılan 3 nəfərdən ibarət ekspert qrupunun üzvləri tərəfindən araşdırılır. Bu şəxslər üçün seminar-treninqlərin keçirilməsi həm nəzəri, həm də praktiki cəhətdən çox faydalıdır. Cəsarətlə demək olar ki, ötən müddət ərzində həmin ekspertlərin topladığı müsbət təcrübə bu gün aydın şəkildə hiss olunmaqdadır.

Çox müsbət haldır ki, respublikada 2008-ci ildən başlayaraq tətbiq olunaninternet vasitəsilə səsvermə prosesini canlı izləmək imkanı verən veb-kameralardan istifadə təcrübəsi və coğrafiyası da ildən-ilə artmaqdadır. 2013-cü il Azərbaycan Respublikasının Prezidenti seçkilərindən başlayaraq şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış veb-kameraların sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20%-ə) çatdırılıb. Veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı təsdiq olunaraq dərc olunur və rəsmi internet səhifəsində yerləşdirilir. Seçki günü bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olurlar. Bu müsbət tendensiyanın davamlı olması və ölkə coğrafiyasını bütünlüklə əhatə etməsi əsas hədəflərimizdəndir.

Ümumiyyətlə, seçki komissiyaları tərəfindən seçki subyektlərinin maarifləndirilməsi məqsədilə həyata keçirilən bütün tədbirlər nəticə etibarı ilə seçki praktikasının və seçki subyektlərinin hazırlıq səviyyəsinin təkmilləşdirilməsinə, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə dəyərli töhfədir.

 

Mikayıl RƏHİMOV,

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

 

Azərbaycan.- 2019.- 10 oktyabr.-  S. 8.