Leyla Abdullayeva: Ermənistanın
guya ki, dini dəyərlərə verdiyi
hörməti nümayiş etdirmək cəhdi
riyakarlıqdır
Erməni KİV-də Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı məlumat yayılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindəki bu fəaliyyətinə dair KİV-ə açıqlama verib. Açıqlamada deyilir: "Bu xüsusda vurğulamaq istərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar bu günədək UNESKO başda olmaqla, əsas beynəlxalq təşkilatlara, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESKO-ya təqdim edilib. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə bir qətnamə 2019-cu ildə İƏT Xarici İşlər nazirlərinin Əbu-Dabi şəhərində keçirilən 46-cı iclası nəticəsində qəbul olunub.
Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən "təmir olunması” bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini "bərpa” edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir.
Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın Şuşada guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir. Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 8.