Təbəssümlə
qarşılayır, təbəssümlə yola
salırlar
Əhalinin
siyahıyaalınması başa çatır
Əllərində çanta, yaxalarında fərqlənmə nişanı olan sayıcılar istər Bərdə şəhərində, istərsə də rayonun kəndlərində hansı evin qapısını döyürlərsə, təbəssümlə qarşılanır, onlara xoş münasibət göstərilir, sorğu vərəqələrindəki suallara həvəslə cavab verib təbəssümlə yola salınırlar.
Rayon statistika idarəsinin rəisi Əlövsət Məmmədovla da söhbətimiz bu barədə - əhalinin siyahıyaalınması ilə bağlı oldu. Dedi ki, hazırlıq dövründə əhalinin maarifləndirilməsi, təbliğat xarakterli şüar və plakatlardan, digər əyani vasitələrdən məqsədyönlü şəkildə istifadə olunması bu mühüm dövlət tədbirinin mütəşəkkilliyini, operativliyini təmin edir. Zamanında işlənmiş şəhər, qəsəbə və kənd ərazi dairələri üzrə sxematik xəritələr, dəqiqləşdirilmiş ərazi və küçə adları indi sayıcıların işini xeyli asanlaşdırıb.
Dövlət Statistika Komitəsindən verilən tapşırıq və tövsiyələr, təlimat və metodiki göstərişlər siyahıyaalmanın həyata keçirilməsində əsas amilə çevrilmişdir. Hazırlıq mərhələsində ayrı-ayrı yaşayış məntəqələrində ərazi icra nümayəndələrinin, yerli bələdiyyələrin və sayıcıların iştirakı ilə keçirilən çoxsaylı seminarlar indi işimizi xeyli yüngülləşdirib.
Bu siyahıyaalma rayonumuzda insanların rifah halından, mənzil-məişət şəraitində baş verən yeniliklərdən, ailə, ev təsərrüfatlarının tərkibi haqqında toplanan məlumatlar əhalinin məşğulluq statusu, gəlir mənbələri, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilər əldə etməyə imkan verəcək.
İdarə rəisinin dediklərindən o da aydın oldu ki, ötən siyahıyaalmadan keçən dövr ərzində rayon əhalisinin sayı 14.703 nəfər və ya 10.5 faiz artaraq, 2019-cu ilin 1 yanvarınadək 156.4 min nəfərə çatmışdır. Siyahıyaalmaya Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində doğma ata-baba yurdundan didərgin düşərək Bərdə rayonu ərazisində məskunlaşmış soydaşlarımız da cəlb ediliblər.
Lazım
QULİYEV
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 9.