Olimpiya Hərəkatı Azərbaycan” proqramının yeni mövsümdə icrasına dair iclas

 

Oktyabrın 9-da "Olimpiya Hərəkatı Azərbaycan” proqramının yeni mövsümdə icrası ilə bağlı işçi qrupunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil, Gənclər və İdman nazirliklərinin, velosiped, həndbol və badminton federasiyalarının birgə əməkdaşlığı ilə keçirilən iclasda həmin qurumların nümayəndələri iştirak ediblər. MOK-un inzibati binasında keçirilən tədbirdə əvvəlcə "Olimpiya Hərəkatı” proqramının ötənilki nailiyyətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İclasda məktəblilərin bacarıqlarına uyğun idman növləri üzrə yaş qruplarına bölünməsi, lazımi ləvazimat və avadanlığın təşkili, hakimlərin yarış üzrə bölgüsü müzakirə olunub.

Məktəblilərin "Olimpiya Hərəkatı” idman proqramının əsası 2003-cü ildə "Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. "Olimpiya Hərəkatı” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir. Proqram "Bakı 2015” ilk Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya İdman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

Bu il "Olimpiya Hərəkatı” layihəsi badminton, həndbol və velosiped idman növləri üzrə Bakı məktəblərini əhatə edərək 2019-cu ilin sonunadək keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan.- 2019.- 10 oktyabr.-  S. 9.