Bakı Polisi: Paytaxtın mərkəzində
keçirilən piket kütləvi hüquq pozuntuları ilə müşayiət
olunub
Özlərini
Demokratik Qüvvələrin Milli Şurası adlandıran
qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının
razılaşdırılan piketi paytaxtın mərkəzində
kütləvi hüquq pozuntuları ilə müşayiət
olunub.
Bakı
Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, piket ərəfəsində təşkilatçılara
tədbirin qanunvericilik tələblərinə uyğun
keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara
baxmayaraq, piket iştirakçıları qanunun tələblərini
pozmaqla yanaşı, razılaşdırılan
xüsusatlardan kənar, "piketə dəstək” adı
altında qanunsuz çağırışlar etməklə
daha çox tərəfdarın cəlb olunmasına
çalışıblar. Nəticədə
sıxlığın, gediş-gəlişin, nəqliyyat
axınının intensiv olduğu mərkəzi küçələrdə
qeydə alınan hüquqazidd əməllər hərəkətin
iflic olmasına səbəb olub, piyadaların sərbəst
gediş-gəlişinə maneçilik yaradıb. Ətrafdakı
insanlara qarşı kobudluq və polisi qarşıdurmaya
çəkmə cəhdləri baş verib.
Baş
verənlər, qeydə alınanlarla yanaşı,
paytaxtın mərkəzi küçələrində şəhər
təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin
tullantı qutuları dağıdılıb, antisanitariya
normaları pozulub. Küçə yürüşünə
cəhd zamanı müşahidə olunanlar onu deməyə əsas
verir ki, təşkilatçılar "piketə dəstək”
adı altında qanunsuz çağırışları ilə
iştirakçıların hüquqazidd əməllərinə
zəmin yaradıblar. Bu əməllər onunla nəticələnib
ki, iştirakçılar paytaxt küçələrində
bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə
acınacaqlı durum yaradıblar.
Piket
iştirakçılarının təhlükəsizliyini təmin
etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları
ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək,
insanların hüquqlarını təmin etmək
üçün üzərlərinə düşən vəzifələri
qanunvericiliyə müvafiq olaraq peşəkarlıqla yerinə
yetiriblər.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 9.