Qəzəllər

 

Olmasın

 

Sən mana, dilbər, yetərsən, özgələr yar olmasın,

 

Bir olur yar iki olmaz, iki zinhar olmasın.

 

Bağrımı doğrar fəraqın xarı, ey cənnət gülü,

 

Növbahar olsun, gül olsun, arada xar olmasın.

 

Doğrudur yarın yolu, doğru qayırma yarədən,

 

Kim ki, doğru yol verər, anın yeri dar olmasın.

 

Ey səkiz cənnati-ədnin bağü bostanı üzün,

 

Güldən anın gülşəni bibərgü bibar olmasın!

 

Kim ki, didarından özgə nəsnə istər, ya dilər,

 

Yetməsin həqdən nəsibi, əhli-didar olmasın!

 

Firqətin dərdi məni bixabü giryan eylədi,

 

Düşmənin ömrü tükənsin, bəxti bidar olmasın!

 

Tutmuşam eşqinlə peyman, qılmışam hüsnünə əhd,

 

Andan özgə əhdü peyman, qövlü iqrar olmasın.

 

Zülfünün dərdində, şaha, asılan Mənsur idi,

 

Hər ki, Mənsur olmadı, zülfündə bər-dar olmasın.

 

İmdi ki, eynindən ayru kimsə xoş bimar ikən,

 

Yarəb, ol nərgisdən özgə kimsə bimar olmasın.

 

Ey Nəsimi, qılma yarın sirrini əğyara faş,

 

Ta ki, yar olsun bu sirrə məhrəm, əğyar olmasın.

 

 

Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm

 

Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,

 

Gəl nəzər eylə halıma gör ki, hal içindəyəm.

 

Vəsli-rüxün zülalına susadım, üştə yanıram,

 

Gözümə baxü gör necə abi-zülal içindəyəm.

 

Nəqşi-xəyali-surətin sanma ki, məndən ayrıdır,

 

Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm.

 

Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəli

 

Vəsl irişincə canıma, hüznü məlal içindəyəm.

 

Zülf ilə qaşü kirpigin əbcədi-cimü dal imiş,

 

Mən bu hüruf şəkliçün cim ilə dal içindəyəm.

 

Talevü bəxt yıldızım kövkəbi-nəhsə uğradı,

 

Ey şərəfim, səadətim, gəl ki, vəbal içindəyəm.

 

Vəslinə irmək istərəm gərçi ki, eyniyəm anın,

 

Məndən anı kim ayıra, fikri-məhal içindəyəm.

 

Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış,

 

Münkir ilə bu mə'nidən qiyl ilə qal içindəyəm.

 

Surətü qaşü alnına verdi Nəsimi könlünü,

 

Mən bu səbəbdən, ey günəş, bədrü hilal içindəyəm.

 

 

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım

 

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,

 

Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

 

Şəhim, mahım, dilaramım, həyatım, dirligim, ruhim,

 

Pənahım, məqsədim, meylim, muradım, sərvərim, xanım.

 

Qəmərçöhrəm, pəriruyim, zərifim, şuxumü şəngim,

 

Səmənbuyim, güləndamım, səhisərvi-gülüstanım.

 

Lətifim, nazikim, xubim, həbibim, türfə məzbubim,

 

Hicazım, Kə'bəvü Turim, behiştim, hurü rizvanım.

 

Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,

 

Dürüm, mirvaridim, kanım, əqiqim, lə'lü mərcanım.

 

Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,

 

Xudavəndim, cahandarım, əmirim, şahü sultanım.

 

Çırağım, şəm'imü nurim, ziyamü yıldızım, şəmsim,

 

Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-xoşəlhanım!

 

 

Gəl ey dilbər ki, qan oldu könül eşqin bəlasından

 

Gəl ey dilbər ki, qan oldu könül eşqin bəlasından,

 

Kərəm qıl, vəsl ilə qurtar məni hicran cəfasından.

 

Təalallah, dilbərsən bu hüsn ilə, bu lütf ilə

 

Ki, didarın necə görsəm gözüm doymaz liqasından.

 

Məni eşq oduna atan könüldür, ey nigara kim,

 

Yanar bağrım, axar yaşım gözümün macərasından.

 

Bu könlüm dərdinə, yarəb, dərman eyləyim çünkim,

 

Qatı heyrandurur hər dəm təbib anın dəvasından.

 

Ləbi-lə'lin fəraqından, mənim halımı sor andan,

 

Nəzər qıl üzümə gör kim, əyandır kəhrübasından.

 

Mənə sürmə kimi gözdə ayağın tozu yaraşır

 

Ki, yegrəkdir anın tozu həkimin tutiyasından.

 

Saçın sinində Çin mişki necə üzünü örtmüşdür,

 

Görəndə ənbərin xəttin qələm çəkmiş xətasından.

 

Cəfadan hər kim könlüm rizasıdır, şəha, eylə

 

Ki, aşiq cövrilə dönməz dilaramın cəfasından.

 

Nəsiminin tənin şol gün ki, torpaq eyləyə eşqin,

 

Sinindən keç, niyaz eşit həzaran mərhəbasından.

 

 

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?

 

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?

 

Canımda can sənsən, vəli, istər səni can, qandasan?

 

Vəslin şərabından məni saldı xumarın rəncinə,

 

Yandı hərarətdən içim, ey abi-heyvan, qandasan?

 

Ey lütfi-hüsnün kişvəri, yandım, irişdir vəslinə,

 

Çün səndən artıq kimsədə yoxdur bu ehsan, qandasan?

 

Qapdı əlimdən zülfünü cövrü cəfası çox fələk,

 

Aşüftəyəm, Məcnun kimi zarü pərişan, qandasan?

 

Rə'na boyun şövqündən həsrətdə yanar gözlərim,

 

Qan ağlaşırlar sənsizin sərvi-xuraman, qandasan?

 

Ey qönçə ağızlı, məni yandırdı hicrin tikəni,

 

Gəlgil ki, sənsiz qönçətək doldu içim qan, qandasan?

 

Eynimdə sənsən rövşəni, könlüm dilər görmək səni,

 

Ey hurieyn Rizvan ilə hüsnündə heyran, qandasan?

 

Cövri-cəfası çox fələk tufan gətirdi başıma,

 

Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan?

 

Mişkin saçın zəncirinə verdi Nəsimi könlünü,

 

Ayrux hacətdir ana zəncirü zindan, qandasan?

 

Azərbaycan.- 2019.- 10 oktyabr.-  S. 10.