Azərbaycanın
Avropa ilə Asiyanı birləşdirmək
planları uğurla həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Sizi yenidən görməyimə çox şadam. Mən bizim Vyanadakı görüşümüzü xatırlayıram, çox səmərəli və çox ümidverici idi. Ümidvaram ki, Azərbaycana səfəriniz çox uğurlu olacaq, biz sıx əməkdaşlığımızı davam etdirəcəyik. Mən cənab Prezidentlə, Baş Nazirlə görüşümü xatırlayıram. Bildiyiniz kimi, çox səmimi və mehriban görüş idi. Düşünürəm ki, bu, çox mühüm şəxsi təmas idi. Biz bir daha ölkələrimiz arasındakı əməkdaşlığa verdiyimiz böyük əhəmiyyəti və tərəfdaşlığı genişləndirməyə hazır olduğumuzu qeyd etdik.
Siz də bildiyiniz kimi, ölkənizdən olan bir çox şirkətlər müxtəlif sahələrdə bizim tərəfdaşlarımızdır. Mənim Baş Nazirə dediyim kimi, onlar Azərbaycandakı tikinti layihələrində mühüm rol oynayıblar. Onlar yeni memarlıq üslubu baxımından, eləcə də infrastruktur sahəsində çox yaradıcıdırlar. Mən, həmçinin şadam ki, hazırda biz sizin məsul olduğunuz nəqliyyat sektorunda əməkdaşlığın fəal mərhələsindəyik və bizim hazırda Avropa ilə Asiyanı birləşdirmək planlarımız həyata keçirilir. Biz bu istiqamətdə yaxşı nəticələrə, yaxşı irəliləyişə nail olmuşuq. Şərq-Qərb dəhlizi fəaliyyət göstərir. Biz Çindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik və sizin burada Azərbaycanda infrastrukturla bağlı gördüyünüz bütün işlər hazırda iqtisadi tərəfdaşlıq və birlik işinə xidmət edir.
Bildiyiniz kimi, Azərbaycan nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb. Altı beynəlxalq hava limanı, müasir dəmir yolu sistemi, yeni magistral yollar, Xəzər dənizində ən böyük dəniz limanı, əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və həmçinin bu il biz artıq Şimaldan Qərb istiqamətində gedən yükləri qəbul etməyə başlamışıq. Beləliklə, indi söhbət Şimal-Qərb dəhlizindən gedir. Azərbaycan bu layihədə çox mühüm rol oynayır, çünki biz Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində iştirak edirik. Nəqliyyat sektoru gələcək iqtisadi inkişafın hərəkətverici qüvvəsi olacaq sahələrdən birinə çevrilir. Mən bilirəm ki, bizim dəmir yolları qurumumuz avstriyalı həmkarları ilə yaxşı təmaslar qurub. Bunlar çox ümidverici addımlardır. Əminəm ki, Azərbaycana səfəriniz ərzində bütün bu məsələlər geniş şəkildə müzakirə ediləcək və biz atmalı olduğumuz yeni addımları müəyyənləşdirəcəyik. Bir daha xoş gəlmisiniz.
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas RAYXHARDT dedi:
-Cənab Prezident,
dostcasına dediyiniz sözlərə
görə Sizə təşəkkür edirəm. Ötən
dəfə biz Vyanada görüşmüşdük. O vaxt mən nazir müavini idim, indi nazirəm, lakin mövzular dəyişməyib. Biz hələ
də iqtisadi sahələrimizi
yaxınlaşdırmağa və birgə layihələri inkişaf etdirməyə
çalışırıq. Ötən dəfə Vyanada müzakirə etdiyimiz
kimi, vəzifəmiz bəzi layihələrlə
bağlı konkret ideyaları inkişaf etdirmək və Avstriyanın dünyada məşhur texnologiya
şirkətlərini Azərbaycana gətirməkdir. Bir qədər sonra biz Sizə bəzi konkret
ideyaları təqdim etmək istəyirik. Bizim
burada kiçik, lakin rəqabət qabiliyyəti çox yüksək olan biznes nümayəndə heyətimiz var. Bizim bu
gün və sabah ikitərəfli
görüşlərimiz olacaq.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 2.