Azərbaycan
sahibkarları ölkə Prezidentinin
çağırışını dəstəklədi
10 oktyabr 2019-cu il tarixdə Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclas Azərbaycan Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlər üçün salınmış "Qobu Park-1” və "Qobu Park-2” yaşayış komplekslərinin açılışında sahibkarlara ünvanladığı çağırışa həsr olunmuşdur.
İclası giriş nitqi açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirdi ki, ölkəmizin iqtisadi inkişafı ilə paralel vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə möhtərəm Prezidentin rəhbərliyi ilə mühüm addımlar atılır: "2019-cu ilin ötən doqquz ayında Azərbaycan Prezidentinin iki böyük sosial paketlə bağlı qərarlarını xatırlatmaq istərdim. Eyni zamanda qaçqın və məcburi köçkünlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Hesab edirəm ki, sahibkarlarımız da bu işlərdə iştirak etməli və cənab Prezidentin nəcib təşəbbüsünə qoşulmalıdırlar”.
İclasda çıxış edən Rəyasət Heyətinin üzvləri Zakir Nuriyev, Süleyman Qasımov, Şahmar Vəliyev, Vahid Novruzov, Məhəmməd Abdullayev, AMCHAM-in icraçı direktoru Natavan Məmmədova, ATİB-in sədri Cemal Yangın, assosiasiya rəhbərləri və digər sahibkarlar bu çağırışa qoşulmağa hazır olduqlarını bəyan etdilər.
İclasda iştirak edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxışında ölkə rəhbərinin ciddi bir məsələni gündəmə gətirdiyini vurğulayaraq qeyd etdi ki, İqtisadiyyat Nazirliyi bu təşəbbüslərdə sahibkarlarımızı tam dəstəkləyir: "Hesab edirik ki, sahibkar həm də bir vətəndaş kimi ölkəsinin problemlərinin həllinə öz töhfəsini verməyə çalışmalıdır”.
Sonda Rəyasət Heyətinin qərarı ilə vitse-prezident Vüqar Zeynalovun rəhbərliyi ilə işçi qrup yaradıldı və cənab Prezidentə müraciət qəbul olundu.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 3.