Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm,
cənab Prezident!
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın inkişaf strategiyasının zati-aliləriniz tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi digər sahələrdə olduğu kimi, ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin etmiş, sağlam bazar münasibətləri, azad rəqabət mühiti və güclü sahibkarlar təbəqəsi formalaşmışdır.
Məhz Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri və yeni institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.
Sizin təşəbbüsünüzlə beynəlxalq layihələrin reallaşdırılması, sahibkarlığın dəstəklənməsi üçün institusional mexanizmlərin, nümunəvi modellərin və təşviq alətlərinin uğurlu tətbiqi, yerli istehsalın davamlı olaraq gücləndirilməsi Azərbaycan iqtisadiyyatında özəl bölmənin rolunun və rəqabət qabiliyyətinin artırılmasına mühüm təsir göstərməkdədir.
Azərbaycan şirkətləri sosial məsuliyyət çərçivəsində ölkəmizin sosial qayğılarının həllində fəal iştirak etməyə hazırdırlar. Məcburi köçkünlər üçün salınmış "Qobu Park-1” və "Qobu Park-2” yaşayış kompleksləri buna ən yaxşı nümunələrdəndir.
Möhtərəm,
cənab Prezident!
"Qobu Park-2” yaşayış kompleksinin açılışında Azərbaycan sahibkarlarına etdiyiniz çağırış ölkəmizdə çalışan bütün iş adamları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Sahibkarlığın inkişafına dövlət dəstəyini və Sizin rəhbərliyiniz altında aparılan dərin iqtisadi islahatların müsbət nəticəsini öz fəaliyyətində daima hiss edən Azərbaycan sahibkarları Sizin bu çağırışınıza qoşularaq, ölkəmizin sosial qayğılarının həll olunmasında iştirak etməyə hazırdır.
Bu məqsədlə 10 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirildi. İclasda çıxış edən sahibkarlar bu təşəbbüsə qoşulmağa hazır olduqlarını bəyan etdilər.
Rəyasət Heyətinin qərarı
ilə bununla əlaqədar ASK-nın tərkibində
işçi qrupu
yaradılıb. İşçi qrupu sahibkarlardan daxil olan təklifləri dəyərləndirərək
Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi ilə
əlaqəli şəkildə konkret
layihələrin icrasını təmin edəcəkdir.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 3.