Azərbaycan Milli Məclisi ilə Rusiya
Dövlət Duması arasında əməkdaşlıq əlaqələri
müzakirə olunub
Oktyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov ilə görüşüblər.
AZƏRTAC-ın məlumatına görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verir. O, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətdə atılan addımlardan danışaraq qeyd edib ki, qanunvericilik orqanları arasında da çox sıx əlaqələr mövcuddur. Parlament komitələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz töhfəsini verirlər. Eyni zamanda, deputatlarımız beynəlxalq təşkilatlarda da birgə səmərəli fəaliyyət göstərirlər.
Komitə sədri ölkə Prezidenti İlham Əliyevin bu günlərdə Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izlənildiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb.
Görüşdə Əli Hüseynli Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıqdan danışıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycanda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illiyinin qeyd olunduğunu bildirib və bu Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, həmçinin Rusiyanın Avropa Şurasının Parlament Assambleyasında üzvlüyünün bərpasında Azərbaycan nümayəndə heyətinin göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə Azərbaycan və Rusiya arasında elm, təhsil,
humanitar və digər sahələrdə
əməkdaşlığın inkişaf
perspektivlərinə dair fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 3.