Azərbaycan
şərqşünaslığının görkəmli
nümayəndəsi
Aida İmanquliyeva – 80
Zəngin ənənələrə malik Azərbaycan şərqşünaslığının ən görkəmli və ən parlaq nümayəndələrindən biri, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın adı təkcə Azərbaycanda deyil, keçmiş Sovet İttifaqında və beynəlxalq miqyasda tanınmış akademiklər Əbdülkərim Əlizadə və Ziya Bünyadov, professorlar Mübariz Əlizadə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov və Qəzənfər Əliyev kimi nüfuzlu alimlərlə birlikdə çəkilir.
Aida xanım 1939-cu il oktyabr ayının 10-da jurnalistikamızın patriarxlarından biri, uzun müddət "Bakı” və "Baku” qəzetlərinin redaktoru olmuş unudulmaz pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya göz açmışdır. Uşaqlığından biliyə, savada can atması onun 1957-ci ildə orta məktəbi qızıl medalla bitirməsi ilə nəticələnmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas məzunlarından biri olan bu gənc xanım dərhal elm aləminə qədəm qoyur və 1966-cı ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyası müdafiə edir. Həmin ildən o, Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlamış və zaman keçdikcə institutda Ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, nəhayət, 1991-ci ildən ömrünün sonunadək direktor vəzifələrində çalışmışdır.
1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olmuş və sonra professor adı almışdır.
Aida xanımın elmi fəaliyyəti əsasən yeni ərəb ədəbiyyatının bir qolu kimi məhcər (mühacirət) ədəbiyyatı, yəni XIX əsrin sonlarında Suriya və Livanda çətin həyat şəraiti və siyasi vəziyyət üzündən Amerikaya kütləvi köç etmiş əhalinin arasındakı ədib və şairlərin bədii irsi ilə bağlıdır. Dünya şərqşünaslarından birinci dəfə bu mövzuya qısa oçerklərlə məşhur rus alimi, akademik Kraçkovski toxunmuş, sonralar Dolinina, Ode-Vasilyeva, Kuteliya, Markov, Levin, Tazetdinova, Muminov və Bilık "Suriya-Amerika məktəbi”nin banilərindən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin yaradıcılığının ayrı-ayrı sahələrinə tədqiqat işləri və dissertasiyalar həsr etmişlər.
Ərəb ölkələrində də bu qəbildən elmi əsərlər nəşr olunmuşdur. Lakin Aida xanımın göstərdiyi kimi, onların əksəriyyəti faktların sadalanmasından və icmaldan ibarətdir. Təkcə Ehsan Abbas və Məhəmməd Yusif Nəcminin "Ərəb poeziyası mühacirətdə” kitabı müəyyən dərəcədə maraq doğurur.
Qərbi Avropa ərəbşünaslığında nə "Suriya-Amerika məktəbi”, nə də onun aparıcı şəxsiyyətləri haqqında xüsusi tədqiqatlar mövcud deyildir.
Görkəmli şərqşünasımız məhcər ədəbiyyatını sistemli şəkildə bir toplu kimi dərindən öyrənərək onun qabaqcıl nümayəndələrinin maarifçilikdən Avropa romantizmi, Amerika transsendentalizmi və rus tənqidi realizminə üz tutduqlarını elmi şəkildə sübuta yetirmiş, gələcək araşdırmalar üçün yeni üfüqlər açmışdır.
Mühacir ərəb yazıçıları çoxsaylı bədii əsərlər yaratmış, mətbu orqanlar və ədəbi cəmiyyətlər təşkil etmişlər. Professor Aida İmanquliyevanın 1975-ci ildə Moskvada nəşr edilmiş ilk monoqrafiyasında həmin ədəbi təşkilatların birindən - "Qələmlər cəmiyyəti”ndən və onun ən tanınmış üzvlərindən biri Mixail Nüaymədən bəhs olunur.
Alimin növbəti kitabında məhcər ədəbiyyatının başqa bir məşhur nümayəndəsinin - Cübran Xəlil Cübranın yaradıcılığı işıqlandırılır. Aida xanımın son əsəri "Yeni ərəb ədəbiyyatının korifeyləri” adlanır. Bu monumental tədqiqat işində müəllif ərəb məhcər ədəbiyyatının ümumi xarakteristikasını, onun görkəmli təmsilçilərinin - Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə və başqalarının bədii irsini zərgər gözü ilə nəzərdən keçirərək dünyanın müxtəlif ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini aşkara çıxarmışdır.
Belə bir qənaətə gəlmək üçün böyük zəhmət və erudisiya tələb olunurdu. Alim yalnız "Suriya-Amerika məktəbi”nin ədib və şairlərinin əsərlərini dərindən təhlil etməmiş, eyni zamanda onları Amerika romantikləri Emerson, Toro və Uitmenin, avropalılar Bayron, Hüqo, Şelli, Bleyk, Nitşe və başqalarının, həmçinin Belinski, Tolstoy, Turgenev, Çexov və digərlərinin yaradıcılığı ilə müqayisəli şəkildə vermişdir.
Aida xanım mühacir yazıçıların istifadə etdikləri, ərəb ədəbiyyatı üçün yeni olan janrlar - etüd, oçerk, esse və novella, xüsusilə mənsur şeir haqqında maraqlı fikirlər söyləmişdir.
Cəsarətlə demək olar ki, alimin üç kitabı və 70-dən çox məqaləsinin əksəriyyəti ədəbiyyat nəzəriyyəsini öyrənənlər üçün də çox dəyərlidir. Təsadüfi deyil ki, Aida xanımın rus dilində nəşr etdirdiyi "Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyası sonralar Azərbaycan, türk, ingilis, gürcü və ərəb dillərinə tərcümə olunmuşdur. Əsərin ərəb aləmində böyük rəğbətlə qarşılanması xüsusi qeyd edilməlidir.
Aida xanımın elmi fəaliyyəti yalnız ABŞ-da və əsasən Nyu York şəhərində meydana gəlmiş məhcər ədəbiyyatı ilə məhdudlaşmır. O, Cənubi Amerikaya - Braziliya və Argentinaya köçmüş ərəb yazıçılarını da diqqətdən kənarda qoymamış, orada yaradılmış ədəbi cəmiyyətlər və onların üzvləri haqqında bir sıra elmi məqalələr qələmə almışdır. Alim şərqşünaslığımızda ilk dəfə həmin təşkilatlardan "Rifaq əl-Məərri” və "Əndəlus cəmiyyəti”nin işini hərtərəfli araşdırmış, şair və ədiblərdən İlyas Fərhad, Mişel Məluf, Şair Qərəvi, Fauzi Məluf, Tofiq Daun, Həbib Məsud, Corc Həssun və onlarla digərlərinə məxsus əsərlərin təhlilindən sonra Şimali Amerika məhcər ədəbiyyatından fərqli olaraq, onların təqlidçiliyə, mühafizəkarlığa daha çox üstünlük verdiklərini üzə çıxarmışdır.
Professor Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının tanınmış nümayəndələrinə də oçerklər həsr etmiş, onların yaradıcılıq xüsusiyyətləri haqqında Azərbaycan oxucularına dəyərli məlumatlar vermişdir. Bunların arasında mütərəqqi Livan şairi Mişel Süleyman, İraqın poeziya ustadları Cəmil Sidqi Zəhavi, Məruf Rusafi, Məhəmməd Mehdi Cəvahiri, Məhəmməd Saleh Bəhrül-Ülum, o dövrün nisbətən gənc yazarları Bülənd Heydəri, Əbdülvahhab Bəyati, Zunnun Əyyub, Edmon Səbri, Qaib Fərman və başqaları vardır.
Əsas tədqiqat obyekti yeni ərəb ədəbiyyatı olsa da, Aida xanım iki böyük həcmli məqaləsində ("İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişafı tarixinə dair”, "Ərəb Əndəlus ədəbiyyatının bəzi xüsusiyyətləri haqqında (X-XI əsrlər)”) orta əsrlərə müraciət etmişdir. Belə ki, xilafət orduları 710-cu ildən etibarən İspaniya torpaqlarının fəthinə başlamış, 750-ci ildə Əməvilər sülaləsi Abbasilər tərəfindən devrildikdən sonra orada hakimiyyətini möhkəmlətmiş, Qərbdə ərəb ədəbiyyatı və mədəniyyətinin təməlini qoymuşdur. Müəllif Əndəlus dövlətinin tarixinə dair bir çox maraqlı faktları qeyd etmiş, əndəluslu ədib və şairlərin yaradıcılığını konkret şərh etmişdir. Alim İbn Əbd Rəbbihi (860-940), İbn Hani (937-973) İbn Şüheyd (992-1035), İbn Həzm (994-1063), İbn Zeydun (1003-1071), İbn Həmdis (1055-1132), İbn Xəfacə (1058-1138) və Əbu Bəkr ibn Quzmanın (1080-1160) poeziya nümunələrini araşdıraraq mədhiyyə, mərsiyə, nəsib və digər janrlarla yanaşı, vəsfin daha geniş vüsət aldığını qeyd edir, ərəb ədəbi mühitinin nəinki yerli İspaniya, hətta başqa qonşu ölkələrin ədəbiyyatına təsirini də izləyir. Eyni zamanda ispan şeirinin təsiri altında Şərq üçün yeni olan müvəşşəh forması da meydana çıxır ki, onun ərəb dilində yaradıcısı ibn Quzman sayılır. Tədqiqatçı müvəşşəhin strukturunu, qafiyə sistemini ustalıqla açıqlayır. XIII əsrdən sonra bu formanın yerini yeni janr - zəcəl xalq nəğməsi tutur.
Professor Aida İmanquliyeva Əndəlus nəsrindən İbn Əbd Rəbbihinin "əl-İqd əl-fərid” ("Nadir boyunbağı”), İbn Bəssamın "əz-Zəxirə fi məhasin əhli-l-Cəzirə” ("əl-Cəzirə əhlinin gözəlliyinə dair xəzinə”) və İbn Şüheydin "ət-Təvabi vəz-zəvabi” ("Cinlər və şeytanlar”) əsərlərini misal gətirir. Müəllif xüsusən İbn Əbd Rəbbihinin antologiyasını ərəb ədəbiyyatının ən mühüm mənbələrindən hesab edərək onun quruluşu və məzmunundan söhbət açır.
Ümumiyyətlə, görkəmli şərqşünasımızın elmi yaradıcılıq palitrası çox rəngarəng və genişdir. Burada onun məqalələrindən bir neçəsinin adlarını çəkmək kifayətdir: "Qorki və ərəb Şərqi”, "Ərəb ədəbiyyatında qadın azadlığı problemləri”, "Fələstin problemi və müasir ərəb ədəbiyyatı”, "Ədəbiyyatımızın qədim kökləri”, "Novruz Şərq ölkələrində” və s. Alim Azərbaycan-ərəb, rus-ərəb, Qərb-Şərq ədəbi-mədəni əlaqələri haqqında da silsilə yazılar dərc etdirmişdir.
Aida xanımın tərcüməçilik fəaliyyətini də ayrıca qeyd etmək lazımdır. Ərəb dilindən çevirdiyi Mixail Nüaymə (Livan), Süheyl İdris (Livan), Mahmud Zahir (İraq), Sahib Camal (İraq), Məhəmməd Dib (Əlcəzair) və Macid Zeyyib Qənmanın (İordaniya) hekayə və novellaları onun istedadlı qələm ustası olmasına dəlalət edir. Aida xanım Azərbaycan mətnlərinin orijinallara tam uyğunluğunu saxlamaqla dilimizin bədii ifadə vasitələrindən və incəliklərindən məharətlə faydalanmışdır.
Alim Şərq filologiyası sahəsində bir çox elmi əsərlərin və topluların redaktoru olmuş, ərəb hekayə və şeirlərinin Azərbaycan dilinə tərcümələrindən ibarət kitabların nəşrini təşkil etmiş, onlara geniş ön söz yazmışdır.
Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterbuq, Hamburq və s.) ləyaqətlə təmsil etmişdir.
Alim elmi-təşkilati fəaliyyətində ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamışdır. Onun rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Professor Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü idi.
Elmi və ictimai vəzifələrinin
çoxluğuna baxmayaraq,
Aida xanım doğma
şərqşünaslıq fakültəsini
unutmamış, uzun illər ərəb ədəbiyyatı
tarixi fənnindən yüksək səviyyədə
mühazirələr oxumuş, yeni ərəbşünaslar nəslinin
yetişməsində səmərəli xidmət göstərmişdir.
Amansız ölüm professor Aida İmanquliyevanı aramızdan çox tez - 19 sentyabr 1992-ci ildə apardı. Əgər o, heç olmasa, bir neçə onillik də yaşasaydı, nə qədər dəyərli tədqiqatlar nəşr etdirər, özünün böyük gənc ərəbşünaslar məktəbini yaradardı. Yalnız bir məqamla təsəlli tapmaq mümkündür: Aida xanımın yadigar qoyduğu əsərlər də kifayətdir ki, onun adı elmimizin, xüsusilə şərqşünaslığımızın tarixində böyük hərflərlə yazılsın.
Vasim MƏMMƏDƏLİYEV,
BDU-nun Ərəb filologiyası
kafedrasının müdiri, akademik
Elxan ƏZİZOV,
Şərqşünaslıq
fakültəsinin dekanı, professor
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 5.