Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilib

 

Oktyabrın 10-da görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi bir qrup ictimaiyyət nümayəndəsi ilə birlikdə II Fəxri xiyabanda onun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb. Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edilib ki, Aida xanımın həyatdan vaxtsız gedişi hamı üçün gözlənilməz oldu, lakin zaman göstərdi ki, özünəməxsus ideyayaonu ifadə etmək qabiliyyətinə, elmi düşüncəyə malik Azərbaycan qadını yaddaşlarda əbədi yaşayır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, çoxşaxəli elmi fəaliyyəti və fundamental tədqiqatları ilə şərqşünaslıq elminə mühüm töhfələr verən Aida İmanquliyeva təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı özündən sonra zəngin elmi irs qoyan Aida İmanquliyevanın istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq elminin tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdən olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 5.