Milli Kitabxanada “Aida İmanquliyeva –
görkəmli şərqşünas alim” adlı kitab sərgisi
açılıb
Oktyabrın
10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında
"Aida İmanquliyeva – görkəmli şərqşünas
alim” adlı kitab sərgisi açılıb.
AZƏRTAC
xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və
Milli Kitabxananın birgə təşkilatçılığı
ilə reallaşıb.
Sərginin
açılışından öncə Milli Kitabxananın
direktoru Kərim Tahirov görkəmli alim Aida
İmanquliyevanın həyat və
yaradıcılığından söz açıb. Bildirib
ki, 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində
anadan olan Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhəri
132 nömrəli orta məktəbi qızıl medalla bitirib və
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) şərqşünaslıq fakültəsinin ərəb
filologiyası bölməsinə qəbul olunub. Universiteti
bitirəndən sonra bu təhsil müəssisəsinin
Yaxın Şərq xalqları ədəbiyyatı tarixi
kafedrasının aspirantı olub, həmçinin
keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun
aspiranturasında təhsil alıb. İyirmi yeddi
yaşında namizədlik dissertasiyasını müdafiə
edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda əmək fəaliyyətinə
başlayıb. İstedadı, zəhmətsevərliyi
hesabına kiçik elmi işçidən baş elmi
işçi, şöbə müdiri, elmi işlər
üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək
yüksəlib. Qeyd edilib ki, onun dərin nəzəri bilikləri,
analitik təfəkkürü, zəngin mütaliəsi, bir
neçə Şərq və Qərb dillərini bilməsi
apardığı tədqiqatların uğurunu şərtləndirən
əsas amillər idi. Aida xanım elmi-təşkilati fəaliyyətində
yüksəkixtisaslı ərəbşünas kadrlar
hazırlanmasına böyük diqqət yetirib. O, rəhbəri
olduğu Ərəb filologiyası şöbəsində
qısa müddətdə 10-dan çox namizədlik
dissertasiyası müdafiə edilib. Vurğulanıb ki, Aida
xanım ərəb mühacir ədəbiyyatının beynəlxalq
miqyasda ən sanballı tədqiqatçısı
sayılırdı. Bunu nəinki Azərbaycan və
keçmiş sovet ərəbşünasları, hətta
Avropa şərqşünasları belə etiraf edirlər.
"Aida
xanımın daha bir xidməti cəmiyyət
üçün layiqli övladlar böyütməsi olub. Həyatını
elmə həsr edən böyük qızı Nərgiz
Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci
qızı – Mehriban Əliyeva Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti bu gün dövlətimiz
və dövlətçiliyimiz üçün
çoxsaylı işlər görür”, -deyə K. Tahirov
söyləyib.
Milli
Kitabxananın direktor müavini Ədibə İsmayılova
çıxış edərək Aida İmanquliyevanın zəngin
elmi fəaliyyətindən, şərqşünaslığın
inkişafındakı müstəsna xidmətlərindən
danışıb. Qeyd edilib ki, Aida xanımın həyatdan
vaxtsız gedişi hamı üçün gözlənilməz
oldu. Buna baxmayaraq, özünəməxsus ideyaya və onu ifadə
etmək qabiliyyətinə, elmi düşüncəyə
malik görkəmli alimimiz yaddaşlarda əbədi
yaşayır.
Sonra
qonaqlar sərgi ilə yaxından tanış olublar.
Sərgi
bir həftə davam edəcək.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 5.