YAP Nəsimi rayon təşkilatı “Erməni yalanının növbəti ifşası” adlı kitabın təqdimatını keçirib

 

Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində YAP Nəsimi rayon təşkilatı "Erməni yalanının növbəti ifşası” adlı kitabın və bunun əsasında hazırlanmış videoçarxın təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Prezidenti İlham Əliyevin müntəzəm olaraq beynəlxalq kürsülərdə erməni yalanlarını, bu yalanları uyduran erməni xalqının xəstə təxəyyüllü rəhbərlərini ifşa etdiyini söyləyib. Bu günlərdə Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında "Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək növbəti erməni yalanını ifşa etdi. Bu tarixi çıxış YAP Nəsimi rayon təşkilatı tərəfindən 10-a yaxın xarici dilə tərcümə edilərək nəşr olunub.

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu bildirib. O əlavə edib ki, işğalçı ölkə eyni zamanda uzun illər ölkəmizə qarşı böhtan və şər kampaniyaları da apararaq dövlətimizin imicinə kölgə salmağa çalışır. Siyavuş Novruzov deyib ki, Ümummilli Lider Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından erməni yalanlarını dünya ictimaiyyətinə çatdırırdı. Bu gün bu siyasi missiya Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan etdi. Prezident "Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməklə bir daha dövlətimizin birmənalı mövqeyini nümayiş etdirdi. Azərbaycanın siyasi arena ilə yanaşı, hərb meydanında da ermənilərə sarsıdıcı zərbə vurduğunu deyən deputat buna misal olaraq Aprel döyüşlərini göstərib.

Sonra YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov, birliyin üzvü Nigar Yahyayeva və YAP Gənclər Birliyinin Aparat rəhbəri Fərid Namazov çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı ilə bağlı videoçarx nümayiş olunub.

 

Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 7.