Sülh bulağı” çağlamaya başladı

 

Türkiyə Suriyanın şimal-şərqində terrorun kökünü kəsməkdə israrlıdır

 

Gözlənildiyi kimi, Türkiyə Silahlı Qüvvələri müxalifətçi silahlı birləşmələrdən ibarət Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimal-şərqində yeni hərbi əməliyyata start vermişdir.

"Barış pınarı” ("Sülh bulağı”) şərti adı altında srağagün axşam başlamış əməliyyat çərçivəsində bir neçə vəzifəni həyata keçirmək nəzərdə tutulur: PKK/YPG və İŞİD başda olmaqla Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçu təşkilatları və terrorçuları zərərsizləşdirib Türkiyə-Suriya sərhədi boyunca terror dəhlizinin yaranmasının qarşısını almaq, terrorçulardan təmizlənən ərazidə təhlükəsizlik zonası yaradıb Türkiyədə məskunlaşmış suriyalı qaçqınların bir hissəsini orada yerləşdirmək, nəticə etibarilə regionda sülh və əmin-amanlığı bərqərar etmək. Təhlükəsizlik zonasının özünü Türkiyə-Suriya sərhədinin 480 kilometri boyunca 30 kilometr dərinlikdə yaratmaq planlaşdırılır. Türkiyə rəhbərliyi bəyan etmişdir ki, əməliyyatın gedişində dinc əhalinin zərər çəkməməsi üçün əvvəllər olduğu kimi, bütün tədbirlər görüləcək.

"Sülh bulağı” çağlamaya başlamazdan əvvəl rəsmi Ankara ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanı, eləcə də BMT və NATO rəhbərliyini əməliyyat barədə məlumatlandırmışdır. Nəzərə çatdırılmışdır ki, əməliyyat BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə haqqında qərarlarına, BMT Nizamnaməsinin 51-ci maddəsində yer alan "qanuni müdafiə hüququna uyğun olaraq və Suriyanın ərazi bütövlüyünə hörmət etməklə həyata keçirilir. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı aparmışdır. Tərəflər Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamağın vacibliyini vurğulamışlar.

Öz növbəsində ABŞ Prezidenti Donald Tramp bildirmişdir ki, onun ölkəsi "Sülh bulağı”nı dəstəkləmir və bu əməliyyatda iştirak etməyəcək. Əməliyyat başlamazdan əvvəl Vaşinqton Suriyadakı hərbçilərini Türkiyə ilə sərhəddən geri çəkmişdir.

Əməliyyat hərbi aviasiyanın və uzaqvuran topların iştirakı ilə atəş hazırlığı ilə başlamışdır. İlk gündə terrorçuların Fərat çayının şərqində, ilk növbədə Təl Əbyad və Eyn İsa rayonlarında 181 hədəfi, o cümlədən silah-sursat anbarları və sığınacaqları vurulmuşdur. Ardınca Türkiyə ordusunun xüsusi təyinatlı bölmələri və Suriya Milli Ordusunun döyüşçüləri zirehli texnikanın müşayiətilə dövlət sərhədini keçmiş və beləliklə, yerüstü əməliyyat başlamışdır.

Dünən səhər bır sıra kəndlərin terrorçulardan təmizlənməsi, məhmətciyin Təl Əbyada yaxınlaşması barədə məlumat daxil olmuşdur. "Milliyyət” qəzetinin xəbərinə görə, Qamışlı və Pəəs əl-Eyn şəhərlərinin ətrafında terror hədəfləri vurulmuş, 5 terrorçu məhv edilmişdir. Sərhəd boyunca qırıcı təyyarələr fasiləsiz uçur, silahlı və silahsız pilotsuz təyyarələr əməliyyat şəraitində nəzərə çarpan hər hansı dəyişikliyə dərhal reaksiya verir. Türkiyə Müdafiə Nazirliyi bildirmişdir ki, indiyədək 109 terrorçu məhv edilmişdir. Əməliyyat plana uyğun olaraq uğurla davam edir.

Başlamış antiterror əməliyyatı beynəlxalq aləmdə birmənalı reaksiya doğurmamışdır. Nə qədər təəccüblü olsa da, terrorizm kimi bəlanın kökünü kəsmək vəzifəsini qarşıya qoyan bir dövlətə qarşı sözün əsl mənasında beynəlxalq qarayaxma kampaniyası başlamışdır. "Sülh bulağı”nın regionda gərginliyin artmasına gətirib çıxaracağı, humanitar fəlakətlə nəticələnəcəyi, mülki kürd əhalinin zərər görəcəyi, İŞİD-in dirçələcəyi, hətta Suriyanın ərazi bütövlüyünün pozulacağı iddia olunurs.

Bir çox hallarda olduğu kimi, bu dəfə də ABŞ Prezidenti Donald Trampın bir-birinə zidd bəyanatları diqqəti cəlb etdi. Tramp əməliyyat ərəfəsində xəbərdarlıq etmişdi ki, Türkiyə həddini keçsə, türk iqtisadiyyatını məhv edəcək. ABŞ lideri söhbətin hansı həddən getdiyini dəqiqləşdirməsə də, Türkiyə ordusu Fərat çayının şərqində terrorçuların mövqelərinə atəş açan kimi türk lirəsinin məzənnnəsi dərhal aşağı düşdü. Bir qədər sonra Tramp Ankaranı haqlı çıxararaq bəyan etdi ki, Türkiyə olmasaydı, milyonlarla suriyalı qaçqın bütün dünyaya yayılardı.

Avropa İttifaqı (Aİ) da antitürk kampaniyasının aparıcı iştirakçılarındandır. Brüssel Ankaradan əməliyyatı dərhal dayandırmağı tələb etmişdir. Aİ-nin nümayəndələri iddia edirlər ki, guya Türkiyənin Suriyanın şimal-şərqində yaratmağı planlaşdırdığı təhlükəsizlik zonası qaçqınların vətənə qayıtması məsələsində beynəlxalq standartlara uyğun olmayacaq. Aİ həmçinin Türkiyəni Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının inşasına maddi yardım göstərməməklə hədələmişdir.

Eyni zamanda Belçika, Fransa, Almaniya, PolşaBöyük Britaniya Türkiyənin başlatdığı yeni antiterror əməliyyatını pisləyərək Suriyanın şimalında cərəyan edən hadisələri müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmağı tələb etmişdir.

Suriya xalqının yaşadığı faciəni müşahidəçi kimi seyr edən bir sıra ərəb ölkələri də qərbli patronlarından geri qalmaq istəməmişdir. Onların tələbi ilə sabah Ərəb Dövlətləri Liqası Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şərqində səngərlənmiş terrorçulara yönəlik əməliyyatı pisləyənlərə sərt reaksiya vermişdir: "Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Problemimiz terrorçu təşkilatlarladır. Biz indi oradakı kürd qardaşlarımızla deyil, terrorçu təşkilatla mübarizə aparırıq... Kobanidən ölkəmizə gəlmiş 300 min kürd hələ də qonaq kimi yaşayır. Gəlin əvvəlcə bunu danışaq. Bunu niyə danışmırıq? Amerika bunu görməz, Aİ bunu görməz... 3 milyon suriyalıya da öz torpaqlarında yaşamaq üçün yardım edirik. Dünyada hansı ölkə bunu etdi? Heç kim. Görəsən, bizi tənqid edən ərəb və Avropa ölkələri neçə suriyalıya qapısını açdı?” Türkiyə lideri Aİ ölkələrinə xəbərdarlıq da etdi: "Ey Avropa İttifaqı, özünə gəl. Bizim indiki əməliyyatımızı işğal kimi dəyərləndirməyə çalışsanız, işimiz asan olar: qapıları açıb 3,6 milyon qaçqını sizə göndərərik”.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2019.- 11 oktyabr.-  S. 8.