Emmanuel Makron İlham Əliyevdən dəstək istədi
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, oktyabrın 10-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Fransa Prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidentindən xahiş edib.
Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.
Fransa Prezidenti dəstəyə görə minnətdarlığını bildirib və Fondun bu günlərdə Lionda keçiriləcək konfransında Azərbaycanın dəstəyinin vurğulanacağını qeyd edib.
Telefon söhbəti
zamanı dövlət başçıları ikitərəfli
münasibətlərin inkişafı və iki
ölkənin prezidentləri arasında gələcək təmaslarla
bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 1.