Erməni faşizmi qlobal təhdiddir
Ermənistan
artıq tək Qafqazın deyil,
dünyanın təhlükə mənbəyinə çevrilib
İctimai-siyasi və iqtisadi institutları ağır böhran keçirən, yürütdüyü işğalçılıq siyasəti və aqressivlik səbəbindən regionda həyata keçirilən beynəlxalq transmilli layihələrdən kənarda qalan Ermənistanda sosial-iqtisadi gərginlik davam etməkdədir.
Ölkədə hakimiyyətdaxili gərginlik artır, iqtidara yaxın təbəqədə təmsil olunanlar arasında qarşıdurmalar güclənir. Baş nazir N.Paşinyanın siyasi maraqlarına xidmət edənlərin qanun pozuntuları artıq siyasi dairələrdə ciddi narahatlıq yaradır. Ölkə siyasətçiləri həyəcan təbili çalırlar.
Erməni politoloq Andranik Tevanyanın bu barədə söylədiyi fikirlər də deyilənləri bir daha təsdiqləyir: "N.Paşinyanın siyasi maraqlarına xidmət etmək naminə qanun pozanlar bilməlidirlər ki, Hitlerin SA hücum qruplarının istifadə edib məhv etdiyi kimi, onlar da atılacaq və ya məhv ediləcəklər. İndi də bizim "doğma inqilabçımız” qanunsuz əməllər törədilməsi üçün öz xuliqanlarını göndərir. Bunun 2 anlamı var. Paşinyan artıq onu müdafiə edən kütləyə sahib deyil və yerli "hunveybinlər”ə güvənməyə məcburdur. Erməni xalqı ötən əsrin 90-cı illərində olduğu kimi, qanunsuzluqlarla dolu vaxtlara qayıdır. Bütün bunlardan belə çıxır ki, 90-cı illərin ssenarisi Qarabağ məsələsində də təkrarlana bilər. Hər şeyə hazır olmalıyıq”.
Bununla yanaşı, ölkədə mətbuata da təzyiqlər göstərilir, jurnalistlərin fəaliyyəti məhdudlaşdırılır. Buna misal kimi, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı zamanı N.Paşinyana növbəti xəbərdarlığından sonra Ermənistanda "Aeli” ("Ayna”) saytında dərc edilən "Əliyevin Paşinyana tutarlı cavabı” başlıqlı yazıya görə baş redaktor Anjela Tovmasyana edilən təzyiqləri göstərmək yetərlidir. Bütün bunlar N.Paşinyan "demokratiyasının” artıq öz astarı ilə daha aydın şəkildə üzə çıxdığını göstərir.
Ağır sosial-iqtisadi vəziyyət fonunda ölkədə hər zaman olduğu kimi, miqrasiya probleminin də dərinləşməsi müşahidə olunur. "Məxməri inqilab”ın üstündən bir ildən çox vaxt keçməsinə baxmayaraq demoqrafik durum daha da acınacaqlı vəziyyətə düşməkdədir. Xalq başa düşür ki, Ermənistanda yaşamaq mümkün deyil. İşğalçılıq siyasəti Ermənistanın iqtisadi vəziyyətini ağırlaşdırıb. Düzgün yürüdülməyən siyasət ölkəni çətin duruma salıb. Tez-tez hakimiyyət dəyişikliyi, hərc-mərclik, vətəndaş qarşıdurması və bir sıra xarici amillər Ermənistandan xaricə insan axınını sürətləndirib.
Hətta ölkənin baş naziri N.Paşinyanın proseslə bağlı fikirləri də təsdiq edir ki, tezliklə Ermənistanda əsl demoqrafik fəlakət yaşanacaq. Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar faktiki olaraq iflasa uğrayıb: "Mən bir çox hallarda insanların sosial çətinliklərdən daha çox ədalətsizlik mühiti, doğma yerlərində özlərini həm fiziki, həm də hüquqi, vətəndaş birgəyaşayışı qaydalarının əlçatan olmaması səbəbindən müdafiəsiz olduqlarına görə öz vətənini tərk etdikləri barədə təhlillə razıyam”.
Ölkənin Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya bölməsinin rəisi Artak Markosyan qeyd edib ki, 1992-2002-ci illərdə ölkədə doğuş 60 faiz azalıb. Bu, keçmiş SSRİ ölkələri arasında ən yüksək göstəricidir. On il ərzində doğuş 70 mindən 32 min nəfərə enib. Mühacirət və demoqrafik strategiyanın olmaması 27 ildə acınacaqlı vəziyyət yaradıb.
Ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısını ala bilmir. Qeyd olunur ki, bu gedişlə Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axınının qarşısını almaq qətiyyən mümkün olmayacaq. Reallıq budur ki, 1991-ci ildən 2019-cu ilə qədər Ermənistanda yaşayan ermənilər arasında 17 faiz azalma müşahidə edilib. Ermənistan Milli Statistika Xidmətinin Demoqrafiya və statistika şöbəsinin müdiri Karina Kyumcyan deyib ki, 1991-ci ildə 3,5 milyon nəfər əhalisi olan Ermənistanda bu ilin əvvəlində aparılan siyahıyaalma nəticəsində 2 milyon 965 min nəfərin qeydiyyatda olduğu məlum olub.
Yerli mətbuat yazır ki, hələ 12 il bundan əvvəl hökumət miqrasiyanın azaldılmasını nəzərdə tutan strateji proqram işləyib hazırlayıb. Ancaq indiki mənzərəyə əsasən görürük ki, bu proqram heç bir nəticə verməyib. İnsanlar ağır vəziyyətdən bezib ölkəni tərk edirlər. Digər tərəfdən, qanunun selektiv tətbiqi səbəbindən də onlar ölkədən çıxıb gedirlər. Yəni Ermənistan vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi hamiləri olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var. Bu da ölkəni tərk edənlərin sayını daha da artırır.
Göründüyü kimi, hazırda Ermənistanda demoqrafik fəlakət mövcuddur. Lakin N.Paşinyan hakimiyyətə gəldiyi ilk aylarda insanlar ümidli idilər ki, onun gəlişi ilə iqtisadi durum yaxşılaşacaq, sosial rifah yüksələcək. Ancaq gözləntilər puç oldu. Elə bunun səbəbidir ki, ölkədə artıq Paşinyanın nüfuzu düşməkdədir. Yerli medianın yazdığına görə, sosial şəbəkədə aparılan sorğunun nəticələri də bunu deməyə əsas yaradır. Sorğuya əsasən baş nazirin nüfuzu azalaraq 25 faizə düşüb.
Əlbəttə ki, Ermənistanın düşdüyü acınacaqlı durum ölkənin blokada şəraitində olması ilə bağlıdır. İşğalçılıq siyasətini davam etdirən Ermənistan regionda həyata keçirilən bütün layihələrdən təcrid edilib. Bu siyasət davam edəcəyi təqdirdə Ermənistan düşdüyü acınacaqlı durumdan qurtula bilməyəcək.
Hər zaman Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edən Prezident İlham Əliyev dünən Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında da bəyan etdi ki, bu gün erməni faşizmi dünya üçün qlobal təhdiddir. Başqasının torpaqlarını işğal edib, qətliamlar, terror aktları həyata keçirən bir ölkədə faşizmin qəhrəman obrazının yaradılması deyilənlərin təsdiqidir: "2016-cı ildə Ermənistandakı əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana, hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib...
Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
Bu fikirləri ilə cənab İlham Əliyev MDB dövlət başçılarının diqqətinə çatdırdı ki, hər hansısa ölkədə nasizmə dair abidənin qoyulması açıq-aşkar təbliğat vasitəsidir. Bu da bir daha təsdiq edir ki, Ermənistanda nasizm dövlət səviyyəsində təbliğ edilir.
Bütün beynəlxalq toplantılarda Ermənistanın işğalçı siyasətini ifşa edən Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında da bu ölkənin yürütdüyü siyasətin əsl mahiyyətini açdı.
Cənab İlham Əliyev ötən həftə "Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışından sonra Türkmənistanda növbəti dəfə N.Paşinyana ağır diplomatik zərbə vurdu.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 1; 4.