Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

 

Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın "Bitərəflik” ordenini təqdim etdi.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun "Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim etdi.

İclasda bir sıra sənədlər, o cümlədən "Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı.

 

x x x

 

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

 

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.

 

x x x

 

Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı.

 

Azərbaycan.- 2019.- 12 oktyabr.-  S. 2.