Əli Həsənov:
Türkiyənin həyata keçirdiyi əməliyyat
mövcud problemin ən
rasional həlli variantıdır
Azərbaycan və Türkiyə iki dost, qardaş və strateji tərəfdaş ölkə kimi həmişə bir-birinə dəstək olub, mühüm beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə ortaq mövqedən yanaşıblar. Biz həmişə bir-birimizin uğuruna sevindiyimiz kimi, çətin anlarda da bir yerdə olmuşuq, bacardığımız köməyi əsirgəməmişik. Azərbaycan həmişə Türkiyənin öz milli-strateji maraqları çərçivəsində həyata keçirdiyi siyasəti dəstəkləyib, habelə dost və qardaş ölkənin beynəlxalq terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.
Statusda deyilir: "Hazırda Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülhün mənbəyi” əməliyyatı ciddi silahlı qarşıdurma müşahidə olunan Suriya ilə həmsərhəd ərazilərdə terror riskinin minimuma endirilməsi, bu ölkədən milyonlarla qaçqının təhlükəsizliyinin təmin edilməsi, onların üzləşdiyi humanitar problemlərin aradan qaldırılması və sabitliyin təmin olunması üçün digər məsələlərin həlli məqsədini daşıyır.
Məlumdur ki, Suriyada münaqişə başlayan dövrdən bu ölkə ilə həmsərhəd olan Türkiyə ciddi qaçqın axını ilə üzləşib. Artıq qardaş ölkədə məskunlaşmış suriyalıların sayı milyonlarla ölçülür. Təəssüf ki, rəsmi Ankara tərəfindən dəfələrlə, təkidlə qaldırılmasına baxmayaraq, beynəlxalq birlik bu problemin həllinə dəstək göstərməyib. Hesab edirik ki, belə olan təqdirdə Suriya ərazisində təhlükəsiz zonanın yaradılması və qaçqınların həmin ərazilərdə, öz doğma torpaqlarında məskunlaşdırılması məqsədilə həyata keçirilən əməliyyat mövcud problemin ən rasional həlli variantıdır.
Digər tərəfdən, Türkiyənin öz sərhədləri yaxınlığına, terror qruplarının nəzarəti altında olan Suriya ərazilərində keçirdiyi hərbi əməliyyat BMT Nizamnaməsinə, BMT-nin "Beynəlxalq terrorizmin ləğv edilməsi tədbirləri haqqında” Bəyannaməsinə, "Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına və digər beynəlxalq qanunvericilik aktlarına söykənir. Qeyd olunan sənədlər terror təhlükəsinə məruz qalan bu və ya digər dövlətin təkcə öz ərazisində deyil, terror təhlükəsinin mənbəyi olan başqa dövlətlərin ərazilərində də beynəlxalq birliyi xəbərdar etməklə antiterror əməliyyatlarının keçirilməsinə əsas verir.
Azərbaycan uzun illərdir
ki, aqressiv separatizmdən
və terrorizmdən əziyyət çəkən bir ölkə kimi
Türkiyənin qarşılaşdığı problemləri
kifayət qədər yaxşı başa
düşür. Bu gün işğal
altında olan Azərbaycan əraziləri
beynəlxalq terror qruplarının təlim
bazası funksiyasını yerinə yetirir.
Rəsmi Bakı bununla bağlı dəfələrlə
beynəlxalq təşkilatlar qarşısında məsələ
qaldırıb. Türkiyənin Suriya
ərazisində həyata keçirdiyi antiterror əməliyyatları bir
daha sübuta yetirir ki, terrorizmə
qarşı ikili standartlar
yolverilməzdir və son nəticədə
onun daha qlobal miqyasda çiçəklənməsinə
zəmin yaradır. Şübhə etmirik
ki, Azərbaycan da
işğalçı hərbi birləşmələrin, terror qruplarının nəzarəti
altında olan ərazilərində antiterror əməliyyatı aparacaq
və Türkiyə də beynəlxalq terrorizmə
qarşı mübarizənin ön
sıralarında yer alan
bir dövlət kimi bu prosesə öz töhfəsini
verəcək. Bu yolda
həm qardaş Türkiyəyə, həm
də Azərbaycanımıza uğurlar
diləyirik”.
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 2.