Belarusda keçirilən beynəlxalq forumda Ermənistanın
işğalçılıq siyasəti pislənilib
Belarusda
"Uçurumun kənarından geri çəkilmək”
mövzusunda "Minsk Dialoqu-2019” Beynəlxalq Forumu
keçirilib.
Azərbaycanın
Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki,
forum çərçivəsində "Gələcəkdə
təhlükəsizlik üçün yeni fikirlər”
adlı yekun plenar iclas keçirilib.
Plenar iclasda Rusiyadan, Kanadadan, ABŞ-dan, Ukraynadan və Polşadan olan ekspertlərlə yanaşı, Ermənistanın Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan da iştirak edib. Paneldə Ermənistan nümayəndəsinin iştirakını və təşkilatçılar tərəfdən azərbaycanlı məruzəçinin salınmadığını və mövzunun əhəmiyyətini nəzərə alaraq səfirlik sözügedən tədbirdə iştirak etməyə qərar verib. A.İskəndəryan dünyanın siyasi sisteminin tamamilə dəyişdiyini nəzərə alaraq, "Versal” Sülh müqaviləsi, Yalta konfransı və Helsinki Yekun Aktı ilə əldə olunmuş razılaşmalarla və müəyyən olunmuş prinsiplərlə artıq münaqişələrin həll olunmasının qeyri-mümkünlüyünü qeyd edərək yeni yaranmış reallıqlar şəraitində günümüzə uyğun prinsiplər və formaların yaradılmasının vacibliyinə toxunub.
A.İskəndəryan bölgədə mövcud olan münaqişələrin əvvəlki formalar və prinsiplərlə həll olunmasının qeyri-mümkünlüyünü deyib. O, həmçinin yeni yaranmış kiçik ölkələrə böyük dövlətlərə yanaşılan prizmadan baxmağın düzgün olmadığını qeyd edib.
Səfir Lətif Qəndilov iclasın sual-cavab hissəsində söz alaraq bildirib ki, bütün münaqişələrin həllində bərabər prinsiplərdən və formalardan istifadə olunmalıdır. "Ölkələr istər böyük olsun, istərsə kiçik, onlara münasibət eyni olmalıdır. Ermənistan ekspertinin fikri kökündən yanlışdır. Yeni prinsiplər yoxdursa, yalnız mövcud hüquqi bazaya əsaslanılmalıdır və bu da ədalətlidir. Ukrayna və Polşa ekspertləri də çıxışlarında bu mövqeni təsdiq etdiklərinə görə onlara da öz təşəkkürümü bildirirəm. BMT-nin nizamnaməsində yazılıb ki, kiçik və böyük dövlətlər yoxdur, bütün dövlətlər qanun qarşısında bərabərdirlər. Əgər biz bu prinsiplərə inanmırıqsa, Beynəlxalq Millətlər Təşkilatı gərək öz fəaliyyətini dayandırsın. Nə qanunun üzərində, nə də qanunun altında heç bir dövlət olmamalıdır. Əgər bu prinsiplərə riayət olunmasa, biz heç nəyə nail ola bilməyəcəyik”, - deyə L.Qəndilov əlavə edib.
Səfir "Minsk Dialoqu” çərçivəsində Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvilinin çıxışında qeyd etdiyi "Gürcüstan problemi olmasaydı, Ukrayna problemi də olmazdı” fikrini xatırladaraq bildirib ki, daha əvvələ gedərək Dağlıq Qarabağ problemi olmasaydı, Moldova, Gürcüstan və Ukrayna problemləri də olmazdı: "Əgər müasir dünya bu gün bu problemləri görməsə, yalnız ona lazım olan məqamlara fikir versə, o zaman biz bu gün olduğumuz kimi uçurumun kənarında olacağıq. Biz hamımız dünyada gedən proseslərdən görürük bir haqsızlığa icazə verildiyi zaman arxasınca növbəti haqsızlıq baş verir. Sizi əmin edirəm ki, Dağlıq Qarabağda başlayan və Moldovaya, Gürcüstana, Ukraynaya keçən bu məsələlərə fikir verilməsə, problemlər bütün Avropaya yayılacaq”.
L.Qəndilov bütün dünyada milli məsələlərin
həll olunma formasının ərazi bütövlüyü çərçivəsində
millətlərin öz müqəddəratını
həlletmə prinsipinin olduğunu
vurğulayaraq deyib:
"Bunu etmək üçün
1 milyon azərbaycanlı qaçqın
olmalıdır? Bəs azərbaycanlı
qaçqınların hüquqlarını kim
qoruyacaq? Mən özüm
də ermənilərin işğal etdiyi Dağlıq Qarabağ
bölgəsinin Şuşa şəhərindənəm.
Mən də qaçqınam, bəs mənim
hüquqlarımı və haqlarımı kim
qoruyacaq? Bütün bu məqamlara fikir
verilməsə, Qarabağ problemi
kimi yeni münaqişələr
yaranacaq. İraq, Liviya və Suriyaya dair BMT-də qəbul olunmuş
qətnamənin mürəkkəbi qurumadan
artıq təyyarələr bu ölkələrdəki
terrorçuların qərargahlarını bombalayırdı.
Necə olur ki, Azərbaycan
ərazilərinin işğaldan azad edilməsinə dair BMT-nin 4 qətnaməsinin qəbul olunmasından
keçən uzun müddət ərzində
heç bir nəticə
əldə olunmayıb. Daha hansı
prinsiplər lazımdır ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
həll olunsun? Əgər bu
məsələ həll olunmasa, Azərbaycan
xalqı növbəti 26 ilə dözməyəcək. O zaman böyük
münaqişə başlaya bilər, buna ehtiyac varmı? Sivil dünya mövcud olan bütün prinsiplərdən istifadə edərək
bu münaqişənin həllinə nail olmalıdır”.
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 4.