Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsinin bir çox istiqaməti üzrə sıx əməkdaşlıq əlaqələri reallaşdırılıb

 

Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyub.

Nümayəndə heyəti 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib, bir sıra təhsil müəssisələrində olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 11-də Təhsil naziri Ceyhun Bayramov Türkiyə naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Təhsil naziri Ceyhun Bayramov nümayəndə heyətini respublikamızda qarşılamaqdan məmnunluğunu və bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib. Nazir 2017-ci il 31 oktyabr tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində müntəzəm olaraq fəaliyyətin davam etdirildiyini, Saziş çərçivəsində iki ölkə arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə sıx əməkdaşlıq əlaqələrinin reallaşdırıldığını vurğulayıb. Həmçinin Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında sıx əlaqələr olduğunu və geniş tələbə mübadiləsi aparıldığını qeyd edib.

Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. O, yüksək səviyyədə təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etməkdən məmnun olduğunu və bu sərginin təhsil sahəsində yeniliklərin mübadiləsində mühüm rol oynadığını deyib.

Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və perspektivlər müzakirə edilib.

 

Azərbaycan.- 2019.- 12 oktyabr.-  S. 5.