Gənclər vətən
təəssübkeşliyi ilə hərbi xidmətə gedir
Vətən hər birimizin müqəddəs and yeridir. Dünyada ən böyük qəhrəmanlıqlar vətən naminə edilir. Tariximizin hansı səhifəsini vərəqləsək, babalarımızın keçdiyi qəhrəmanlıq yollarının şahidi olarıq. Onlar torpağımızı qorumaq üçün lazım gəldikdə canlarından keçiblər.
Bu ənənə bu gün də davam edir. Azərbaycanda elə bir gənc tapılmaz ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmrini gözləməsin. Bunu həqiqi hərbi xidmətə yola düşən gənclərin dilindən də tez-tez eşidirik.
Goranboy rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimində də bunun şahidi olduq. Çağırışçıları yola salmaq üçün Heydər Əliyev Mərkəzinin qarşısına yüzlərlə sakin toplaşmışdı. Əllərində üçrəngli Azərbaycan bayrağı tutmuş çağırışçı gənclərin üzlərindən sevinc, qürur duyulurdu. İştirakçılar mərkəzin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Dövlət himni səsləndirildi.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyalarının bugünkü inkişafımızdakı rolundan söz açdı. Qeyd etdi ki, Ulu Öndərin həyata keçirdiyi tədbirlər xalqımızın vətənpərvərlik tərbiyəsində mühüm rol oynayıb. Dahi şəxsiyyət deyirdi ki, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyi, əbədi səcdəgahıdır. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir gənc bu əmanəti qoruyaraq gələcək nəsillərə ötürmək üçün bütün varlığı ilə vətən təəssübkeşliyi çəkir.
İftixarla deyə bilərik ki, Ulu Öndərdən sonra Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində müasir silahlarla təchiz olunmuş ordumuzda xidmət edənlər hərbin sirlərini dərindən mənimsəmişlər. Onlar hər an işğal olunmuş torpaqlarımızı azad etmək qabiliyyətindədir. 2016-cı ilin aprel döyüşləri bunu sübut etdi. Cəmi bir neçə gün ərzində Azərbaycan Ordusu strateji əhəmiyyəti olan neçə-neçə yüksəkliyi düşməndən geri aldı.
Rayon ağsaqqalı Novruz Sadıqov, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Qarabağ müharibəsi iştirakçısı Elşən Əliyev çıxış edərək hərbi xidmətə yola düşən gənclərə xoş arzularını bildirdilər.
Çağırışçı gənclər adından ürək sözlərini söyləyən Səməd Əvəzov ata-analarının, müəllimlərinin, eləcə də doğma rayonlarının şərəfini uca tutacaqlarını bildirdi və Vətəni göz bəbəyi kimi qoruyacaqlarına söz verdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi Abidin Rüstəmov çağırışçılara tövsiyələr verdi, komandirlərin hər bir tapşırığının sözsüz yerinə yetirilməsinin vacibliyindən danışdı.
"N” saylı hərbi hissə əsgərlərinin nümunəvi çıxışlarından sonra çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək marş sədaları altında hərbi hissələrə yola düşdülər.
Sabir ƏLİYEV
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 5.