Möcüzələr
adası
"Qara daşlar”dan ən müasir sənaye
kompleksinədək
Neft Daşları - 70
Neft Daşlarını şəhər də, mədən də, nəhəng sənaye kompleksi də adlandırırlar. Bunların heç biri səhv deyil. Sadəcə olaraq, onun istər şəhər, istər mədən, istərsə də müəssisə kimi digərlərinə bənzəri yoxdur.
Neft Daşları dənizin dibinə dayaqlanan polad dirəklər üstündə qərar tutub. Xəzərin qoynundakı geniş bir ərazidə bir-birinə paralel və perpendikulyar, bəzən də ziqzaq şəklində uzanan estakadalar onun dünyada analoqu olmayan simasını yaradır. Bundan əlavə, Neft Daşlarında çoxsaylı özüllərdən də neft və qaz hasil olunur. Neftçilərin yaşadığı yataqxanalar, xidmət obyektləri, muzey, park isə hər tərəfdən sularla əhatə olunmuş bir qəsəbənin mərkəzini təşkil edir.
Elə ki, dan yeri sökülür, estakadalarda üç-bir, beş-bir irəliləyən neftçilər görünür. Onlar iş yerlərinə tələsirlər ki, gecə əmək növbəsində olanları əvəz etsinlər. Uzaq estakadalarda çalışanları isə iş başına maşınlar aparır. Belə estakadalar isə çoxdur, "Neft Daşları” NQÇİ-də onların ümumi uzunluğu 200 kilometri ötür.
Estakadaların eni burada yalnız bir maşının hərəkətinə imkan verir. Nəqliyyat vasitələri qarşı-qarşıya gələndə isə biri estakadayanı meydançaya çəkilməklə digərinə yol verir. Yəni meydançaların istehsalat üçün daşıdığı əhəmiyyətdən əlavə bu funksiyası da var.
Gecə növbəsinə yollanan neftçilər axşamlar yenə də həmin qayda ilə işə gedir, gündüz növbəsini başa çatdıranlar evlərinə - hər ayın tən yarısını yaşadıqları yataqxanaya dönürlər. İstirahət saatlarında onları səliqə-sahmanlı yeməkxanada təamlı yeməklər, "Çay evi”ndə isti çay, idman zalında isə müxtəlif növ oyunlar üçün yaradılmış şərait gözləyir.
Neftçi əməyi çətin və şərəflidir. Onlar açıq dənizin qoynunda ekstremal şəraitdə çalışırlar. Odur ki, Neft Daşlarında işləməyə gələnlərin heç də hamısı dəli-dolu Xəzərlə ülfət bağlayıb burada dözüş gətirə bilmir. Dəniz cəsurları sevir. Bir şərtlə ki, bu sevgi qarşılıqlı olsun.
Neft Daşlarında çalışanlar məhz işini, peşəsini sevən möhkəm iradəli insanlardır. Bunun əsas göstəricisi qazandıqları uğurlardır. Bu ilin ilk 9 ayında "Neft Daşları” NQÇİ-nin təkcə "Neft Daşları” yatağı ("Palçıq Pilpiləsi” yatağı da həmin idarə tərəfindən istismar olunur) 721 min ton neft, 66 milyon kubmetr qaz verib. Rəqəmlər hasilatın nəinki sabit saxlanıldığını, hətta artırıldığını təsdiqləyir. Ümumiyyətlə, son illərdə hasilatın dinamikası yüksəkdir və bu, statistikada belə əks olunur: "Neft Daşları” yatağından 2014-cü ildə 838 min, 2015-ci ildə 844 min, 2016-cı ildə 907 min, 2017-ci ildə 924 min və 2018-ci ildə 945 min ton neft hasil edilib. Qaz hasilatı 2014-2016-cı illərdə sabit olsa da (57 milyon kubmetr), keçən il 83 milyon kubmetrə qədər artıb.
Neft Daşlarını "Möcüzələr adası” da adlandırırlar. Möcüzə təkcə dənizin ortasından "baş qaldıran” bir şəhər deyil, həm də bu məkanda insanların qurub-yaratdıqlarının ildən-ilə artması, köhnələrin təzələnməsi, yeniliklərin tətbiq olunmasıdır.
70 il əvvəl isə burada
şiş ucları suyu
n üzərinə çıxan qara sıldırım daşlardan və "Möcüzələr adası”nın fatehlərinin ətrafda quraşdırdığı primitiv meydança və sığınacaqdan başqa heç nə yox idi. İstehsalatdan silinmiş yeddi gəmi suda basdırılaraq geoloqların, qazmaçıların, neftçıxaranların dənizin dərinliklərinə nüfuz etmək üçün istinad nöqtəsinə çevrilmişdi. Bu səbəbdən də Neft Daşlarını vaxtilə "Qara daşlar”, "Yeddi gəmi adası” da adlandırıblar.
İndi burada o köhnə gəmilərdən əsər-əlamət qalmayıb. Əksinə, Neft Daşlarına hər gün işçiləri növbəyə gətirən və geriyə - quruya aparan, eləcə də özüllər arasında hərəkət edən böyüklü-kiçikli neçə-neçə müasir gəmi yan alır, vertolyotlar enib-qalxır. Keçmişi xatırladan həmin qara daşlar ətrafında yeddi onillikdir dalbadal bütün dünyanı heyrətə gətirən bir şəhər və getdikcə müasirləşib güclənən nəhəng bir sənaye kompleksi ucalır. Möcüzə adlandırsaq da, bunların hamısı gerçəkdir, insanın möcüzədən reallığa çevirdiyi bir həqiqətdir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 6.