Kəndlinin zəhməti, payızın bərəkəti

 

Hazırda kənd təsərrüfatı sahəsində işlərin qızğın çağıdır. Bir tərəfdən məhsul toplanır, digər tərəfdən isə növbəti ilin məhsulu üçün hazırlıq görülür. Məlumdur ki, payız ayında kəndli nə qazandığının və növbəti ildə nə edəcəyinin hesabatını aparır. İndi müxtəlif rayonlardan daxil olan statistik məlumatlardan görünür ki, məhsul bol olub.

Sözsüz ki, fermerlərin belə uğurlar qazanmasının başlıca səbəbi aqrar sektorda aparılan islahatlar və dövlətin onlara verdiyi dəstəkdir. Kəndli torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilib, üstəlik, istifadə etdiyi yanacaqsürtkü yağlarına görə dövlət tərəfindən subsidiya da alır. Digər tərəfdən onlara güzəştli şərtlərlə kredit, toxum və kənd təsərrüfatı texnikası verilir. Bütün bunlar aqrar sektorda məhsul istehsalının ildən-ilə artmasını stimullaşdırır.

Prezident İlham Əliyev cari ilin 6 ayında ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə həsr olunan müşavirədə aqrar sektorda qazanılan uğurlar və verilən dəstək barədə demişdir: "Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

Kənd təsərrüfatında strateji məhsul sayılan pambıq yığımı davam edir. Oktyabrın 9-na olan məlumata görə, ölkə üzrə pambıq qəbulu məntəqələrinə 130 min 221 ton məhsul təhvil verilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Dövlətin bu sahəyə etdiyi güzəştlər daha çox fermeri pambıqçılıqla məşğul olmağa sövq edib. Belə ki, keçən illə müqayisədə cari ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq 18 min nəfərə çatıb.

Bu sahənin inkişafı həm iqtisadi, həm də sosial əhəmiyyəti baxımından vacibdir. Ona görə ki, pambıqçılıq yüksək əməktutumluğu ilə başqa sahələrdən üstündür. Digər tərəfdən isə yüngül sənayenin inkişafına da təkan verir. İndiki halda ölkə üzrə 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir ki, bu da təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyinə çevrilib.

Tərtər rayonunda da pambıqçılıqla məşğul olan fermerlərin sayı ildən-ilə artır. Bu il rayon üzrə 3427 hektar sahədə pambıq becərilib. Torpaq sahiblərinə "MTK İstehsalat Kommersiya”, "Azərpambıq”, eyni zamanda "P-Aqro” MMC-ləri hər cür dəstək verib. Belə ki, tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilib. Bunun nəticəsidir ki, yığım başa çatmasa da, hazırda tarlalardan 5596,6 tondan çox pambıq toplanaraq məntəqələrə təhvil verilib. Onu da vurğulayaq ki, ötən il rayon fermerləri 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük ediblər. Lakin cari ildə bu göstəricinin daha yüksək olacağı şübhəsizdir.

Ağdam rayonunda da pambıq əkininə xüsusi diqqət göstərilir. Bu il əkilən pambıq sahələrinin və əldə edilən məhsulun həcmi ötən illə müqayisədə çoxdur. Belə ki, keçən ilin müvafiq dövründə 2056,7 ton pambıq yığılmaqla məhsuldarlıq 6,6 sentner olduğu halda, cari ildə həmin dövrdə 3146,7 ton məhsul yığılaraq məhsuldarlıq 12,1 sentnerə qədər yüksəlib.

Pambıqla yanaşı, digər sahələrdə də məhsul yığımı davam edir. Ağsu rayonunun fermerləri cari mövsümdə sahələrdən 1378,1 ton kartof yığıblar. Bu il rayon üzrə 166,4 hektarda kartof əkini aparılmışdır. Bu sahələrdən yığılan məhsul ötən illə müqayisədə 1,4 sentner yüksək olub.

Taxılçılıq da kənd təsərrüfatında strateji əhəmiyyət daşıyan bir sahədir. Ölkənin ərzaq təminatında bu sahənin böyük rolu var. Cari ildə taxılçılıqda yüksək nailiyyətlər əldə olunub. Bu il 1 milyon 12 min hektarda taxıl, 670 min hektarda buğda, 342 min hektarda arpa əkini həyata keçirilib. Əvvəlki illərlə müqayisədə taxılçılıqda məhsuldarlıq 30 sentnerdən çox olub. İri fermer təsərrüfatlarında aqroparklarda bu rəqəm 60 sentner daha yüksəkdir. Ümumilikdə isə taxıl istehsalı 40 faiz artıb.

Taxılçılıqda gələn ilin təməli indidən qoyulur. Belə ki, hazırda ölkə üzrə payızlıq əkin sahələrinin 77,3 faizdən çox hissəsində şum aparılıb. Bu proses davam edir. Ümumilikdə isə cari ildə 1096294 hektar sahədə payızlıq şumun aparılması proqnozlaşdırılır. Artıq Ağcabədi, Ağstafa, Füzuli, Qobustan, Oğuz, Salyan Yevlax rayonlarında payızlıq əkin şumu başa çatdırılıb. İmişli, Astara, Xocavənd, Şəmkir, Qəbələ rayonlarında isə bu proses başa çatmaq üzrədir.

Qeyd etdiyimiz kimi, dövlət fermerlərə yüksək məhsul almaq üçün hər cür dəstək göstərir. Bu məqsədlə cari ilin sentyabr ayından "Aqrolizinq” ASC tərəfindən rayonlarda güzəştli qiymətlərlə səyyar gübrə satışı aparılır. Belə satışlar rayonun ucqar kəndlərində həyata keçirilir ki, fermerlərə gübrə almaq asan olsun. Bu da gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin əlavə məsrəflərin qarşısını alır, vətəndaş məmnuniyyətini təmin edir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sentyabr ayında bir sıra rayonlarda keçirilən səyyar gübrə satışından 2295 sahibkar faydalanıb. Güzəştli qiymətlərlə səyyar gübrə satışı bütün regionları əhatə etməklə mövsüm başa çatana kimi davam etdiriləcək. Bugünə qədər səyyar satış 46 kənd daxil olmaqla 33 rayon üzrə təşkil olunub. Beləliklə, 183 ətraf kənd səyyar satış xidmətlərindən yararlanmaq imkanı qazanıb.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 12 oktyabr.-  S. 6.