Yenidən
dünyaya gəlsəydim...
O günlər şən söz-söhbətləri, şaqraq gülüşləri, nadinclikdən doğan səs-küyləri həyət-bacanı bürüyən evdəki səssizlik az qalırdı qulaqları batırsın. Elə bil birdən-birə qurbağa gölünə daş atmışdılar. Bir dəqiqə belə dil qəfəsə qoymayan uşaqların cınqırığı çıxmırdı indi. Böyüklü-kiçikli kimsə dinib-danışmırdı. Çarəsizlik qəhər olub boğazlarında düyünlənmişdi. Nə deyəydilər axı?!
Ailənin ocağını yandıran ana şam kimi əriyirdi. Həkimlər nə illah eləsələr də, dərdinə çarə tapa bilmirdilər. Neçə həkim dəyişmişdilər, neçə müayinədən keçirmişdilər, neçə müalicə edilmişdi. Amma heç biri xəstənin vəziyyətini yüngülləşdirmirdi. Ana balalarının gözünün önündə yarpaq kimi saralıb-solurdu...
Axırda ailənin başbilənləri "bəlkə elə bunun köməyi olar” ümidiylə bir həkimi də xəstəni yoxlamaq üçün gətirdilər... Evdəki hər kəsin ümid qığılcımları parlayan, məlul baxışları altında xəstəni müayinə edən həkim əvvəlkilərdən fərqli müalicə yazdı. Və çox keçmədən xəstə sağalıb yenidən ailəsini, balalarını bir ocağın başına toplaya bildi...
O gündən evdə hamı o həkimə dua edirdi... O gündən evdə hamı o həkimin adını minnətdarlıqla çəkirdi... Bütün el-oba o həkimin başına and içirdi...
Elə o gündən sonra da evin məktəbli oğlu həkim olmaq qərarına gəldi. O da oxuyub, belə güclü həkim olacaq, xəstələri sağaldacaq, ölmüş ümidlərə can verəcəkdi... Amma daha bilmirdi ki, həm də "ölü dirildən həkim” kimi tanınacaqdı...
Respublikanın baş endokrinoloqu, tibb elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənovun həyat kitabını "Ömür səhifələri”ndə vərəqləyəcəyik.
Elmlər namizədini
uduzduran şagird
1945-ci il sentyabrın 26-da dağlar qoynunda yerləşən, əsrarəngiz təbiəti ilə məşhur olan Gədəbəy rayonunun eyniadlı qəsəbəsində dünyaya gəlib Rafiq Məmmədhəsənov.
Atası Musa kişi ali təhsil almasa da, savadlı, mütaliəli, dünyagörüşü zəngin biri idi. Kimyanı gözəl bilirdi. İkinci Dünya müharibəsi illərində Gədəbəydə mis mədəni zavodunda laboratoriya müdiri işləmişdi. Anası isə evdar qadın idi, ailədə böyüyən 7 uşağın təlim-tərbiyəsi ilə məşğul olurdu. Valideynlər orta təhsillə kifayətlənməli olsalar da, yeddi uşağın hər birinə ali təhsil vermişdilər.
Rafiq də Gədəbəy rayon orta məktəbində oxuyurdu. Özü də əlaçı idi. Amma 4-cü sinifdən sonra dərslərini "əla” qiymətlərlə oxumağa başlamışdı. Bu günə kimi yadındadır, həmin il müəllim lövhədə bir məsələ yazıbmış. Sinfin əlaçılarından heç biri onu həll eləyə bilməmişdi. Amma Rafiq məsələni öz dəftərində həll edir. Bunu görən parta yoldaşı qışqırır ki, müəllim, Rafiq məsələnin həllini tapdı. Müəllim dəftərini yoxlayıb məsələni düz həll etdiyini görəndə onu xeyli tərifləyir. Bundan sonra balaca Rafiq həvəslənir və bütün fənləri yaxşı oxumağa başlayır. Lakin riyazi elmlərə xüsusi marağı vardı. Görünür, gen istər-istəməz özünü göstərirdi. Fizikanı çox gözəl bilirdi.
Hətta 11-ci sinfi bitirəndə buraxılış imtahanı zamanı maraqlı bir hadisə də olmuşdu: "Buraxılış imtahanı birinci ədəbiyyatdan oldu. Ondan "5” aldım. Sonra fizika imtahanı idi. İki gecə yatmayıb bütün keçdiklərimizi təkrarladım. İmtahanda iştirak etmək üçün Maarif Nazirliyindən rayona komissiya gəlmişdi. Gələn nümayəndə fizika üzrə elmlər namizədi idi. İmtahan başlayanda dedi, sinfin yarısı qalsın sinifdə, yarısı çıxsın çöldə gözləsin, onları günortadan sonra imtahan edərik. Çıxdıq həyətə. Yuxusuz olduğum üçün çəmənlikdə uzanıb yuxuya getdim. Bilmirəm nə qədər vaxt keçdi, bir də gördüm sinif yoldaşım məni dümsükləyir ki, dur ayağa, Musa müəllim səni çağırır imtahana. Demə, komissiya heç kimdən razı qalmayıb, hirslənib ki, bu nədir, heç kim yaxşı cavab vermir. Fizika müəllimi də deyib, gedin Rafiqi çağırın. Girdim otağa, bileti çəkdim, dərhal dedim, cavab verirəm. Sualların hamısını düzgün cavablandırdım. Bir təcrübə vardı, nazirliyin nümayəndəsi soruşdu ki, onun müəllifi kimdi? Dedim, müəllifin adı kitabda yazılmayıb. Dedi, ola bilməz, mən orta məktəbdə dərs deyirəm, necə yəni yoxdu müəllifin adı, var. O dedi var, mən dedim yoxdu. "Raykom”, üçüncü katib, maarif şöbəsinin müdiri də imtahan otağındaydılar, bizə tamaşa edirdilər. Axırda hirsləndi ki, kitabı gətirin bura. O vaxt Pyorışkinin müəllifi olduğu fizika kitabı vardı. Kitabı gətirəndə dedim, açın 28-ci paraqrafı. Açıb baxdı, gördü həqiqətən də kitabda təcrübə müəllifinin adı qeyd olunmayıb. "Mən uduzdum” deyib durdu ayağa, yanıma gəlib əlini vurdu çiynimə. Dedi, bu il Azərbaycandan ali məktəbə iki nəfər girsə, onun biri bu oğlan olacaq”.
"Heyif, Azərbaycanın bir fiziki
"öldü”
Elə
dediyi kimi də oldu... Rafiq jurnalistikaya həvəsinin
olmasına, şeirlər yazmasına, qarmonda ifa etməsinə
və fizikanı yaxşı bilməsinə baxmayaraq, bu sahələrin
heç birini yox, Tibb İnstitutunu seçir. Buna səbəb isə həyatında baş
vermiş iki hadisəydi.
Birinci hadisəni yazının yuxarısında artıq
qeyd etmişik.
Bax, ilk dəfə onda Rafiq həkim olmaq qərarına
gəlir.
İkinci
hadisə isə məktəbi bitirən il
baş verir: "Bir sinif yoldaşımızın mədəsində
xora vardı, deşilibmiş. Təcili
aparırlar rayonda məşhur cərrahın yanına. Mənim də bacımın biri həmin xəstəxanada
laborant işləyirdi. Axşam
bacımı işə çağırdılar ki, təcili
gəl, xəstənin leykositlərini yoxla. Mən də onunla bərabər xəstəxanaya
getdim. Həkimin köməkçisi olan
tibb bacısı isə müəllimimizin həyat
yoldaşı idi. İcazə verdi,
biz də girdik əməliyyata. Əvvəldən
axıra kimi əməliyyat otağında qaldım, prosesi izlədim.
Bu, mənim ilk təcrübəm oldu. Ondan sonra qərarımı qətiləşdirdim
ki, mütləq həkim olacam”.
Məktəbi əla qiymətlərlə bitirən Rafiq
Məmmədhəsənov Tibb İnstitutuna daxil olmaq
üçün qəbul imtahanlarına girir. Burada da fizika
imtahanı maraqlı məqamla yadda qalır. Rafiq biletdə yazılan bütün suallara
dolğun cavablar verir. Əlavə
sualları da səhv etmədən cavablandırır. İmtahan otağında olan hər kəs bu gənc
oğlanın bilgilərinə heyran qalır. Birdən
fizika müəllimi deyir: "Ay oğlum, sən bura nə
üçün gəlmisən? Ondansa gedərdin
universitetin, APİ-nin fizikasına. Çox
böyük uğurlar qazanardın. Heyif,
Azərbaycanın bir fiziki "öldü”.
Tamerlan Əliyevin ilk aspirantı
Beləcə, Rafiq Məmmədhəsənov
qarşısına qoyduğu məqsədə çatır
- Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika
fakültəsinə daxil olur. Və unudulmaz tələbəlik həyatına
qədəm qoyur: "Rayonda böyüyüb boya-başa
çatsam da, şəhərdə maddi çətinliyim, məişət
problemim olmadı. Bəxtim onda gətirdi ki, məndən
10 yaş böyük qardaşım Bakıda işləyirdi.
Politexniki fərqlənmə diplomu ilə
bitirmişdi. Təyinatla zavodda 2 il
işlədikdən sonra instituta işləməyə dəvət
etmişdilər. Texnika elmləri doktoru, professor
idi. O, Bakıda kirayə ev
tutmuşdu. Bir bacım da bizimlə
qalırdı, bizə baxırdı. Ona görə
Bakıda çətinlik hiss eləmədim. Bütün
tələbəlik illərim yalnız oxumaqla keçdi.
Özüm də əlaçılıq təqaüdü
alırdım, o pul mənə bəs edirdi. O vaxt Səhiyyə
Nazirliyi 4-cü kurs tələbələrinə tibb
bacısı, tibb qardaşı və feldşer işləməyə
icazə verirdi. Tələbə
yoldaşlarımın çoxu institutdan arayış alıb
gedib işləyirdi. Mən də istədim
işləyim, amma qardaşım qoymadı. Dedi, işləsən,
əlaçı ola bilməyəcəksən.
Ona görə də institutu qurtarana kimi işləmədim,
yalnız və yalnız oxudum”.
İnstitutu əla qiymətlərlə bitirəndən
sonra 1969-cu ildə Rafiq Məmmədhəsənov təyinatla
Naftalan sanatoriyasına həkim-terapevt göndərilir. Tələbə
yoldaşı və nişanlısı da ginekoloq kimi eyni yerə
təyinat alır. 1 il sonra isə ailə
qururlar.
2 il Naftalanda işlədikdən sonra Rafiq Məmmədhəsənov
Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt
kimi işə başlayır. Amma bu dəfə
qarşısına qoyduğu məqsəd təhsilini davam
etdirmək idi. Elə ona görə də
bir neçə ölkənin institutları ilə
yazışır, aspiranturada oxumaq istədiyini qeyd edir. Onlar da açıq şəkildə cavab
yazırlar ki, öz ölkənizdə təhsil alın.
Mərdəkanda işlədiyi zaman Tibb
İnstitutunda aspiranturaya qəbulla bağlı elan verilir.
R.Məmmədhəsənov da neçə ildir gerçəkləşdirmək
istədiyi bu arzusunu həyata keçirmək
üçün fürsəti əldən vermir:
"1973-cü il idi. Gəldim Azərbaycan
Dövlət Tibb İnstitutu II müalicə-profilaktika
fakültəsinin Daxili xəstəliklər kafedrasına.
O vaxt kafedra müdiri görkəmli alim, professor Tamerlan
Əliyev idi. Getdim yanına. Tanış olduq. Sənədlərimi
verdim. İmtahandan keçib həmin
kafedranın əyani aspiranturasına qəbul olundum.
Tamerlan müəllim mənə mövzu verdi,
başladım onun üzərində işləməyə. Mən onun ilk aspirantı olmuşam. Çox sadə, təvazökar, ədalətli, zəhmətə
qiymət verən insan idi. 2-3 aydan bir də
gedirdim yanına. Çağırırdı
ki, gəl görüm nə yazmısan, neynirsən. Mövzum üzərində işləyə-işləyə
aspiranturanın ikinci kursundan kafedrada saathesabı dərs də
deyirdim. Bitirəndən sonra isə Tamerlan
müəllim məni kafedrada müəllim kimi saxladı.
Artıq elmi işim də hazır idi. Lakin bir problem yaranmışdı - müdafiə etməyə
yer yox idi. O vaxt elmi şuralar ümumi idi. Sonra
qərar qəbul etdilər ki, hamısı
ixtisaslaşdırılsın. Ona görə
Tibb İnstitutunun da elmi şurası ləğv olundu. Sonra SSRİ Ali Attestasiya Komissiyası bir-bir
institutlara icazə verməyə başladı. Təxminən
il yarım keçdi, bizim instituta elmi
şura vermədilər. Götürdüm
SSRİ Ali Attestasiya Komissiyasına məktub yazdım ki, mən
dissertasiyamı harada müdafiə edim? Oradan cavab gəldi
ki, elmi işiniz klinik iş olduğuna görə Tbilisi
Dövlət Tibb İnstitutuna gedin. Başladım
o institutla yazışmağa. Bir tələbə
yoldaşım orada Kardiologiya İnstitutunda ordinator idi. Məni qarşıladı. Elə
onun yanında qaldım. Getdim institutu
tapdım, sənədlərimi verdim. İl
yarım ora ayaq döydüm. Balaca bir
referat yazmaq üçün də Bakıdan Tbilisiyə
gedirdim. Halbuki onu elə telefonla da həll
etmək olardı. Amma qoymurdular,
qalmışdım yollarda. Nəhayət,
1979-cu ildə namizədlik dissertasiyamı müdafiə etdim”.
Elmlər doktoru, kafedra müdiri,
baş endokrinoloq...
1980-ci ildə Ulu Öndər Heydər Əliyevin
göstərişi ilə Azərbaycan Nazirlər Soveti
doktorantura haqqında qərar qəbul edir. Qərara
görə, yüksəkixtisaslı tibb kadrları, elmlər
doktoru hazırlamaq üçün ittifaq
respublikalarının böyük elmi-tədqiqat mərkəzlərindən,
Azərbaycan Dövlət Tibb İnstitutundan və digər
elmi-tədqiqat institutlarından Moskva, Leninqrad (indi
Sankt-Peterburq - X.M.), Kiyevə kadrların göndərilməsi
nəzərdə tutulurdu. Bu qərara əsasən
Rafiq Məmmədhəsənov 1986-cı ildə Moskvaya,
Ümumittifaq Endokrinologiya və Hormonlar Kimyasi İnstitutuna
doktorant kimi ezam olunur. Amma əvvəl
qarşısına xeyli maneə çıxır:
"Yanvarın 10-da Moskvaya yola düşdüm. May ayına qədər mənə heç bir şərait
yaratmadılar. Axırda getdim institutun
direktorunun yanına. Dedim, mənə kağız
yazıb verin ki, ittifaq respublikaları üçün elmlər
doktoru hazırlamağa qüdrətimiz yoxdu. Mən
də o kağızı aparım respublikamıza. Əlavə də elədim ki, bu haqda Mərkəzi
Komitəyə yazacam. Direktor dedi, çıx
çöldə yarım saat gözlə. Yarım
saat sonra Aleksandr Qriqoryeviç Mazavetski direktorun yanından
çölə çıxdı. Girdi qoluma, dedi, gedək,
artıq mənimlə işləyəcəksən. Mövzum diabet xəstələri ilə
bağlı idi və çox ağır idi. Onu yerinə yetirmək üçün çox
çalışırdım. Səhər
gedirdim institutda xəstələrdən qan
götürürdüm, ayaqlarını reoqrafiya edirdim,
analizləri başqa institutun laboratoriyasına
aparırdım. Sonra gedirdim kitabxanaya.
Axşam saat 10-a qədər kitabxanada
çalışırdım. Sutkanın
14-16 saatını işləyirdim. Ev telefonunu iş
masamın üstünə qoymuşdum. Elmi məsləhətçim
axşam 6-da gedirdi evə. Yeməyini yeyib,
9-a kimi yatırdı, sonra durub gecəyə kimi işləyirdi.
Bir gecə saat 1-də mənə zəng vurdu.
Soruşdu işləyirsən? Dedim, hə. Bir neçə
gün sonra yenə zəng vurdu, bu dəfə gecə saat 2-də.
Yenə soruşdu, işləyirsən hələ?
Dedim, bəli, hələ yatmamışam. Dedi, bəs saat
neçədə yatırsan? Dedim, 4-5-də.
Tapşırdı ki, sabah gələrsən
yanıma. Səhər getdim yanına. Dedi:
"Sən indi bədəninin bütün şirəsini
sıxıb çıxarırsan. Amma məlum deyil, bu diplomu
alandan sonra neçə il yaşayacaqsan. Niyə özünə əzab verirsən?”
Dedim, başqa cür alınmır, mən işləməliyəm...
Moskvaya gedəndə 41 yaşım vardı.
Yoldaşım mənimlə gəlmişdi.
Qızım 9-cu sinifdə oxuyurdu deyə
Bakıda baba-nənəsinin yanında qoymuşduq. Oğlum isə 1987-ci ildə Moskvada dünyaya gəldi.
Yəni işimi tez bitirib ölkəmə qayıtmaq
üçün can atırdım. Ona görə
də var gücümlə, gecə-gündüz bilmədən
çalışırdım. Düz dörd il Moskvada qaldım. Moskvada olanda
Tamerlan müəllimlə də zəngləşirdik. Deyirdi, işini tez bitir, qayıt gəl bura. Nəhayət, doktorluq işimi
yekunlaşdırdım. Amma müdafiəm
çox ekstremal şəraitə düşdü.
Müdafiə günüm əvvəldən 1990-cı il fevralın 2-nə təyin olunmuşdu.
Dekabrın ortası Bakıya gəldim ki, yeni ili
ailəmlə keçirim. Yanvarın 24-nə də
geridönüş bileti almışdım. Yanvarın
20-də qanlı faciə baş verdi, Sovet
qoşunları əliyalın insanları qırdı. Ölkədə vəziyyət ağır idi,
hamı yas saxlayırdı. Əksər
reyslər təxirə salınmışdı. Zülmlə yanvarın 24-ü başqa reyslə
gedib çıxdım Moskvaya. Müdafiəmi
müvəffəqiyyətlə etdim. Elmi
işim Mazavetskinin çox xoşuna gəldi. Müdafiədən
sonra dedi, gəl bunu monoqrafiya şəklində çap edək.
Dedim, razıyam, amma o şərtlə ki, birinci mənim
adım yazılsın. Əvvəl
sözümdən incidi, ancaq bir neçə gün sonra məni
yanına çağırıb haqlı olduğumu etiraf etdi.
Və elmi işimin monoqrafiyasını çap
etdik”.
Beləliklə, Rafiq Məmmədhəsənov
qarşısına qoyduğu hədəfə çatır. 1990-cı ildə
tibb elmləri doktoru kimi respublikaya dönür və həkim,
müəllim kimi fəaliyyət göstərməyə davam
edir. Qeyd etmək lazımdır ki, o vaxt
respublikadan göndərilən və doktorluq adı alıb
geri dönən kadrların əksəriyyəti Tibb
Universitetində kafedra müdiri vəzifəsinə
seçilib öz elmi məktəblərini yaratdılar.
Elə R.Məmmədhəsənov da Moskvadan qayıtdıqdan
sonra çalışdığı kafedraya müdir
seçilir: "1990-cı ilin payızında Tamerlan müəllim
məni yanına çağırdı. Dedi, gəl, yerimizi dəyişək,
sən ol kafedra müdiri, mən olum ikinci professor. Razı olmadım, çünki müəllimimin
yerində gözüm olmamışdı heç vaxt. Qərarıma etiraz etdi ki, onsuz da yaş həddim
çatır, sən razı olmasan, başqa birini gətirib
qoyacaqlar müdir, ikimizin də gününü qara edəcək.
Gəl mən deyənə qulaq as. Dedim,
yaxşı, onda 3 gün vaxt verin, fikirləşim.
Heç 2 gün keçmədi. Səhərisi
gün Tamerlan müəllim məni yenə
çağırdı, dedi, otur, ərizəni yaz. Beləcə, Tamerlan müəllimin xeyir-duası ilə
Daxili xəstəliklər kafedrasının müdiri oldum.
Həmin ildən respublikanın baş
endokrinoloquyam. Onun xeyir-duası ilə
1993-cü ildə Tibb Universitetinin elmi işlər üzrə
prorektoru seçildim. Nə müvəffəqiyyətim
varsa, əksəriyyəti Tamerlan müəllimin sayəsində
olub. Bu gün kabinetimdə iki elmi rəhbərimin şəkli
divardan, gözümün qarşısından asılıb -
Tamerlan Əliyevin və Aleksandr Mazavetskinin...”
"91-lərdən” biri...
Rafiq Məmmədhəsənovun
iş otağının divarını bir foto da bəzəyir
- bu, 1998-ci ildə Tibb Universitetinin yeni binasının
açılışı zamanı Ümummilli Lider Heydər
Əliyevlə görüş zamanı çəkilən
kadrdır. Bəlkə də çoxları
bilmir ki, Rafiq həkim həm də "91-lər”dən biridir:
"1993-cü ildə respublikada vəziyyət çox
qarışıq idi. Hərə bir tərəfdən
ölkəni parçalayırdı. Hərc-mərclik
baş alıb gedirdi. Biz də fikirləşirdik ki,
ölkəni belə bir qarışıq vəziyyətdən
kim çıxara bilər. Bu
şəxsin Heydər Əliyev olacağına qərar verəndən
sonra ölkənin ziyalıları müraciət
hazırladı. Müraciəti imzalayan 91
nəfərdən biri mən idim. Məndən başqa
3 professor da kabinetimdə o müraciətə imza çəkdi...
Və Heydər Əliyev ikinci dəfə
respublikaya rəhbərlik etdi. Əgər
o, rəhbərliyə gəlməsəydi, ölkə sözün
əsl mənasında dağılırdı,
parçalanırdı.
Mən Heydər Əliyevlə ilk dəfə 1986-cı
ildə Moskvada görüşmüşəm. Sonra 1997-ci ildə
Tamerlan müəllimin vida mərasimində mən kafedra
müdiri kimi çıxış elədim. Heydər Əliyev də orada idi və məni oradan
yadında saxlamışdı. Üçüncü
dəfə 1998-ci ildə Tibb Universitetinin binasının
açılışında görüşdük.
Çox səmimi qarşıladı məni, dedi: "Gör
mən kimi görürəm?! Gəl
görüm haralardasan, səsin gəlmir”. Onda da bir az söhbət etdik. Çox
müdrik siyasətçi idi Ulu Öndər. Ziyalılara, elm adamlarına dəyər verirdi.
İndi də onun yürütdüyü siyasəti
Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir”.
Rafiq Məmmədhəsənov 2006-cı ildən həm
də Milli Məclisin deputatıdır. Öz rayonunun
vətəndaşlarını parlamentdə təmsil edir.
YAP Siyasi Şurasının üzvüdür.
26 ildir Səhiyyə Nazirliyinin baş
endokrinoloqudur. 1990-cı ildən ATU-nun II
müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər
kafedrasının müdiridir. Hazırda
universitetin təlim-tərbiyə işləri üzrə
prorektorudur. Təxminən 280 elmi məqalənin
müəllifidir. Bu vaxta qədər 30
elmlər namizədi, 4 elmlər doktoru yetişdirib. Onların arasında özünə müəllim
bildiyi Tamerlan Əliyevin qızı Tamfira Əliyeva da var.
Yazdığı kitablar isə ATU-da tədris vəsaiti, dərslik
kimi istifadə olunur.
Ən
maraqlısı isə odur ki, Rafiq müəllimin ailəsində
onun yolunu, həkimlik sənətini davam etdirən var: "Mən
tibbin elmi yolunu seçsəm də, həyat yoldaşım
ali təhsillə kifayətləndi. O, ginekologiya sahəsini
seçmişdi, qadın məsləhətxanasında
çalışırdı. Xoşbəxt ailəmiz
olub. Heyif ki, o, məni çox tez tək
qoyub getdi. 2009-cu ildə tələbə
yoldaşımı, həmkarımı, həyat
yoldaşımı itirdim. O, rəhmətə gedəndən
sonra birgə yaşadığımız evdən
ayrıldım. Qala bilmədim orada... Çətin idi onsuz... İşdən gələndə məni qapıda
qarşılayırdı. İndi qarşılayan
yox idi. Hara baxırdım, onu
görürdüm. Onsuz o evə girə
bilmirdim. Ona görə başqa mənzilə
köçdüm. Amma ailəmizdə
yoldaşımla mənim yolumu davam etdirən var. Qızım
Səadət göz həkimidir. Milli
Oftalmologiya Mərkəzində işləyir. Tibb elmləri namizədidir. Oğlum
isə iqtisadçıdır. İqtisad
Universitetinin doktorantıdır. 3 nəvəm
var. Qızımın iki balası iqtisadiyyat üzrə təhsil
alır. Onlar dayılarının yolu ilə
getdilər. Ümid edirəm ki, oğul nəvəm
bizim yolumuzu tutar, həkim olar. Çünki
həkimlik həqiqətən də çox gözəl,
müqəddəs sənətdir”.
Xəstəni həyata qaytarmaq naminə
o riski etdi
Yaşının bu çağında belə
tutduğu vəzifələrin hər birinin öhdəsindən
lazımi qədər gəlməyə
çalışır Rafiq Məmmədhəsənov. Amma
bunların arasında onun üçün ən doğma, ən
əziz həkimlik sənətidir. Çünki
məhz bu sənət vasitəsilə o, sayını belə
bilmədiyi insanların sağlamlığını geri
verib, onları həyata qaytarıb, yaşamağa ümidləndirib.
Bu gün xoş xatirə kimi yada salır o xəstələrin
bəzilərini. Məsələn, hələ
gənc həkim ikən rəssam pasiyenti vardı. Xəstənin bütün əlamətləri
onikibarmaq bağırsağın xorasına
oxşayırdı. Ancaq nə ondan öncə
müayinə edən həkimlər, nə də rentgen xora
olduğunu təsdiq edirdi. Rafiq həkim yenə
də fikrindən dönmür. Xəstəni
daha bir dəqiq rentgen müayinəsinə göndərir.
Bu zaman onikibarmaq bağırsaqda xora
aşkarlanır. Və həkim lazımi
müalicələrlə rəssamın
sağlamlığını qaytarır. Yeni-yeni rəsmlərə,
əsərlərə can vermək üçün...
Bir
neçə xəstəsini isə o, sözün həqiqi mənasında
ölümün pəncəsindən alıb: "Qonşumuz
vardı. Müəllimə işləyirdi.
Anası diabet xəstəsiydi. Müəyyən vaxtdan bir 4 nömrəli xəstəxanaya
gəlirdi, lazımi müalicələri edirdik. O vaxt
kafedramız həmin xəstəxanada idi. Bir dəfə
bu qadın möhkəm xəstələndi. Plevra boşluğuna maye toplanmışdı. Gətirdik qoyduq xəstəxanaya. Dərs apardığım vaxt gördüm xəstənin
qızı hövlnak girdi içəri ki, qurban olum, ay həkim,
anam ölür, qoyma. Qaçdıq
palataya. Gördüm artıq maye yuxarı
qalxıb deyə qadın boğulur. Şöbə
müdirini, dosent və professorları çağırdım
palataya. Baxıb dedilər, nəsə etmək
gecdi, xəstə ölür. Dönüb
yoldaşından soruşdum: Ağababa dayı, neyniyəcəksən
indi? Dedi, öləndən sonra neyniyim, ay doktor. Aparıb dəfn edəcəm. Dedim, onda icazə
ver, mən bildiyimi edim. Ölər, yenə də apararsan,
sağalarsa da, lap yaxşı. Razılıq verdi
ki, nə bilirsən, elə. O vaxt bir dərman vardı -
lazeks. Onu xəstəyə maksimum 4 qram vurmaq
olardı. Mən 3 dəfə artıq - 12
qramı birdən qadının venasına vurdum. Və o risk xanımı vəziyyətdən
çıxartdı. Yarım saatın
içində suya batıb çıxdı. İki saat sonra isə qalxdı ayağa.
Xəstə
həyatla ölüm arasında qalanda həkim
ağıllı risk eləməyi bacarmalıdır. Mən xəstəni həyata qaytarmaq naminə bir dəfə
də belə bir riskə getmişəm. Özü
də xəstə qayınatam idi. Kişinin
qan təzyiqi o qədər yüksəlmişdi ki, koma vəziyyətinə
düşmüşdü. Neçə həkim
baxdı, dedi, vəziyyəti çox ağırdır, sabaha
sağ çıxmayacaq. Təzyiqi salmaq
üçün nə qədər iynə-dərman etsələr
də, xeyri olmadı. Təcili yardıma zəng vurdum,
dedim, droperidol iynəsi varınızdısa gəlin, yoxdusa gəlməyin.
Dedilər, bir ampula var. O iynəni vurdurdum.
Elə bil bir vedrə suyu tökdülər
kişinin üstünə, bütün suyun içində
idi. Yarım saat sonra xəstə
gözünü açdı. Soruşdu,
buradakı xəstələr hara getdi? Təəccübləndik
ki, axı bura evdi, xəstə nə gəzir burda? Dedi,
burada mənimlə bərabər 13-14 xəstə
yatırdı. Rafiq məni onların
arasından götürüb apardı Moskvaya. Orada siyahıda soyadım çıxmadı. Ona görə qaytarıb gətirdi məni bura.
Sən demə, klinik ölüm keçiribmiş... Ondan sonra
hər məni görəndə deyirdi: "ölü dirildən
həkim”.
Həkimlik fəaliyyəti boyunca bu kimi hadisələrlə
dəfələrlə qarşılaşıb Rafiq həkim. Və hər
dəfə xəstəni həyata qaytaranda "Nə
yaxşı ki, bu sənəti seçmişəm” deyib
öz-özünə. Ən çətin,
çıxılmaz vəziyyətlərdə bir anlıq belə
olsa həkim olduğuna görə peşman olmayıb: "Mənim
üçün həkimlik hər şeydən
üstündü. Bir ağır xəstəni
sağaldanda onun bütün qohum-əqrəbaları, ailəsi
sənə minnətdar olur, dua edirsə, bundan gözəl nə
var həyatda? Ümidi ölmüş
insana yenidən ümidini qaytaranda, övlada atanı, anaya
oğulu, əri qadına bəxş edəndə sənə
yerdə Allah kimi baxırlar. Xəstəni həyata geri
döndərirsənsə, bu, mənim üçün elə
dünyalara dəyər... Mən jurnalist də ola
bilərdim, fizik də, hətta musiqiçi də. 2 il qarmon sinfinə getmişdim. Bu
gün də evimdə qarmon var. Ürəyimə düşəndə
çalıram. Yəni musiqiylə də
ciddi məşğul olsaydım, uğurlarım olardı.
Amma mən məhz həkimliyi seçdim. İllər keçdikcə də əmin oldum ki,
yanlış seçim etməmişəm. Geriyə boylananda da səhv eləmədiyimi
görürəm. Çünki hələ məktəbli
ikən bir insanı həyata qaytarmağın necə gözəl
bir hiss olduğunu yaşadım. Özüm də
o hissi, o xoşbəxtliyi başqalarına yaşatmağa
çalışdım. Ona görə də
bu seçimimə görə heç vaxt, bir dəfə də
olsun peşmanlıq keçirmədim. Və yenidən
dünyaya gəlsəydim, heç nəyi dəyişdirməzdim...
Yenə eyni yolu gedərdim... Yenə bu həyatı
yaşayardım... Yenə bu sənəti seçərdim...”
Xəyalə MURADLI
Azərbaycan.-
2019.- 13 oktyabr.- S. 5.